"Nəsimi əsərləri ilə insanları haqq-ədalətə səsləmiş bir dühadır"
“Azərbaycan Prezidentinin Sərəncamı ilə 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsinin yalnız ədəbiyyatçıların deyil, eyni zamanda, mədəniyyətimizə, mənəvi dəyərlərimizə, abidə insanlarımıza biganə qalmayan hər kəsin, ümumən qədirbilən xalqımızın könlüncə olduğuna inanıram”. Bunu Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib.
14 Yanvar 2019 18:43 Siyasət"Azərbaycan Prezidentinin Sərəncamı ilə 2019-cu ilin Azərbaycanda "Nəsimi ili" elan edilməsinin yalnız ədəbiyyatçıların deyil, eyni zamanda, mədəniyyətimizə, mənəvi dəyərlərimizə, abidə insanlarımıza biganə qalmayan hər kəsin, ümumən qədirbilən xalqımızın könlüncə olduğuna inanıram". Bunu Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib.
QHT rəsmisinin sözlərinə görə, Nəsimi dünya poeziyasının, ictimai-ruhani fikrin, deyərdim, hətta mistik düşüncə araşdırmaçılarının biganə qala bilmədiyi, öyrəndiyi bir hadisədir: "Cənab Prezidentin bu Sərəncamı həm belə bir hadisəyə yüksək dövləti münasibət baxımından, həm də mədəniyyətimizin, Azərbaycan ruhunun coğrafiyasını xatırlatmaq, göstərmək baxımından ayrı bir gözəlliyə, tarixi dəyərə və günümüz üçün xüsusi aktuallığa malikdir.
Nəsiminin torpağa tapşırıldığı Hələb şəhəri, ümumən Suriya bugün barışa, əmin-amanlığa ehtiyac duymaqdadır; Nəsimi əsərləri ilə insanları, rəhbərləri haqq-ədalətə, anlayışa səsləmiş bir dühadır. Bu düha dünya fikir xəzinəsinə məhz bizim soyumuzun böyük töhfəsidir. Rəhmətlik Xəlil Rza Ulutürk demiş, "Öndördüncü əsr yıxılır-durur, tutur Nəsiminin ətəklərindən"... Bax, bu Sərəncam, Azərbaycan dövlətinin belə bir dəyərə, sönməz poziya və mənəviyyat Günəşinə dünən olduğu kimi bugün də yüksək səviyyədə münasibətinin təcallası, ifadəsidir.
Ümummilli Lider Heydər Əliyevin Nəsimi irsinə verdiyi yüksək dəyər artıq bir örnək olaraq tarixiləşib, özü də bir dəyərə çevrilib. 2019-cu ildə Nəsiminin 650 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması, bu ilin Nəsimi İli elan edilməsi həm də mənəvi varisliyi göstərməkdə, dövlətimizin Nəsimi adına, bu adla ifadə olunan mənəvi xəzinəyə keçici deyil, davamlı və üfüqügeniş münasibətə malik olduğunu göstərir.
Bir də, "Nəsimi ili" "Azərbaycan Xalq Cümhuriyyəti ili"ndən sonra elan olundu və mən bunu da təsadüf hesab etmirəm; bu bir daha bütün dünyaya göstərəcək ki, 100 il öncə babalarımızın türk-müəslman Şərqində ilk Cümhuriyyət qurması hansı mənəvi-tarixi əsaslara, ruha malik olub...
Nəsiminin ruhu şad olsun, tapşırıldığı torpaqlarda əmin-amanlıq yaransın və müstəqil Azərbaycanın müqəddəs bayrağı göylərdən enməsin! - Enməsin ki, öz mənəvi dəyərlərimizə, dünyanın harasında, tarixin hansı dönəmində olmasından asılı olmayaraq, gərəyincə yiyə dura bilək!".
SİA