Araz Əlizadənin baş dərddə
10 Yanvar 2019 16:01 SiyasətMillət vəkili Mehman Hüseynovun güdazına gedə bilər
Son günlər blogger Mehman Hüseynov ətrafında müzakirələr, söz-söhbətlər yenidən gündəmi zəbt etməkdədir. Ənənəvi olaraq Azərbaycana, dövlətçiliyə qarşı düşmən münasibətdə olan radikal müxalifət bu dəfə də Mehman Hüseynov kartından istifadə edərək Azərbaycanı ləkələməyə, onun adına, nüfuzuna xələl gətirməyə çalışsa da, lakin hər zaman olduğu kimi radikalların bu dəfəki planları da baş tutmadı və Mehman Hüseynovun guya həbsxanada aclıq aksiyası keçirməsi ilə bağlı irəli sürülən iddialar öz əksini tapmadı. Beləliklə radikal düşərgənin daha bir uğursuz cəhdi iflasa uğradı.
Bununla paralel olaraq cəmiyyətdə bir mənfi tendensiya da müşahidə edildi ki, bu da bəzi şəxslərin bu prosesdə bilərəkdən təxribatçı gedişlər etməsi, açıqlamalar verməsi oldu. Sanki qəsdən, planlı şəkildə verilən bu açıqlamalar, bəyanatlar, fikirlərlə bir çoxları Azərbaycan dövləti, onun səlahiyyətli qurumlarının adına ləkə gətirməyə maraqlı oldular. Necə ki, millət vəkili Araz Əlizadə kimi. Məlumat üçün qeyd edək ki, adıçəkilən millət vəkili bütün etik normaları tapdalayaraq Mehman Hüseynovun rəhmətə getmiş anası barədə Azərbaycan kişisinə, eyni zamanda millət vəkilinə yaraşmayan açıqlama verdi. Açıq şəkildə etiraf edək ki, Mehman Hüseynov, və ya bir başqası törətdiyi cinayət əməlinə görə, öz cəzasını alsa da, lakin heç kimə, xüsusilə millət vəkilinə haqq verilmir ki, təhqirə, insanı alçaltmağa yönəlik ifadələr səsləndirsin. Onu da qeyd etmək lazımdır ki, Araz Əlizadənin bu cür açıqlaması elə onun öz həmkarları tərəfindən də xoş qarşılanmayıb və millət vəkilin məlum açıqlaması təxribatçı gediş kimi qiymətləndirilib.
Paralel olaraq belə bir məsələ gündəmə gəlib ki, belə hal Araz Əlizadədə ənənəvi xarakter daşıdığından onun barəsində müəyyən ölçü götürülsün. Bəs görəsən bu hüquqi aspektdə nə dərəcədə mümkündür?
Hüquqşünas Asif Abdullayev deyir ki, sosial şəbəkələrdə paylaşılan məlumatlara əsasən, deputat Araz Əlizadə həbsdə olan bloger Mehman Hüseynovu təhqir edərək, onun ünvanına "yaxşı ki anasını da soyundurub fotosunu çəkməyib" ifadəsini işlətdiyi iddia edilir. Əgər bu belədirsə, həmin deputat, deputatlar üçün qanunla müəyyən edilmiş etik davranış qaydasını pozub: "Qeyd edim ki, Azərbaycan qanunvericiliyi, başda konstitusiya olmaqla, təhqiri qadağan edir. Kimliyindən və səbəbindən asılı olmayaraq, təhqir yolverilməzdir. Konstitusiyanın 46-cı maddəsinin II hissəsinə əsasən, şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında qanunun 17-ci maddəsinə əsasən, deputat qanunazidd hərəkətlərə, habelə yüksək adına xələl gətirə biləcək davranışa, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz sözlərə və hərəkətlərə yol verməməli, başqalarını bu cür hərəkətlər etməyə çağırmamalı, Azərbaycan Respublikası Milli Məclisinin və onun komitə və komissiyalarının iclaslarının aparılması qaydalarına riayət etməlidir. Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında qanuna əsasən, deputat öz fəaliyyətində insanların hüquqlarını, azadlıqlarını, qanuni maraqlarını pozan, şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən kobud, təhqiramiz söz və ifadələrə yol verməməli, hüquqi şəxslərin işgüzar nüfuzunu ləkələyən qərəzli hərəkətlər etməməlidir. Həmin qanunun 6.3.-cü maddəsində qeyd edilir ki, deputat vətəndaşlarla, o cümlədən seçiciləri ilə münasibətlərində, həmkarları, dövlət orqanlarının nümayəndələri ilə davranışında, ictimai çıxışlarında və Milli Məclisin iclaslarında nəzakətli və təmkinli olmalıdır".
Asif Abdullayev bildirib ki, Konstitusiyada deputatın mandatdan məhrum edilməsinin əsasları nəzərdə tutulub: "Etik davranış qaydalarının kobud pozulması da həmin əsaslar sırasında yer alıb. Belə ki, konstitusiyanın 79-cu maddəsinin 7-ci hissəsinə əsasən, deputat qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda - mandatından məhrum edilə bilər. Vətəndaşın vəfat etmiş anası haqqında təhqiredici ifadələrə yol vermək etika qaydaların kifayət qədər ciddi polulması kimi qiymətləndirilə bilər. Etik davranış qaydalarının pozulmasına görə deputat Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır".
Məhəmməd