Radikalların Mehmandan yararlanmaq cəhdi
Yaxud növbəti qrant istəyi
8 Yanvar 2019 15:31 SiyasətYaxud növbəti qrant istəyi
Radikal düşərgə xaricdəki havadarlarından qrant qoparmaq üçün yeni oyuna start verib. Bu dəfə isə radikalların "oyunçusu" blogger kimi tanınan və törətdiyi cinayət əməlinə görə, məsuliyyətə cəlb edilən Mehman Hüseynovdur. Saxlandığı həbsxanada mövcud qaydalara əməl etməyərək nəzarətçilərə müqavimət göstərən Mehman Hüseynovun bu qeyri-qanuni əməlini qınamaq əvəzinə radikallar Mehman Hüseynovdan qəhrəman düzəlmək qərarına gəliblər. Təbii ki, burada əsas məqsəd heç də Mehmana dəstək olmaq deyil. Sadəcə Mehman kartından istifadə edib xaricdən qrant qoparmaqdır. Çünki uzun illər perspektivsiz fəaliyyət göstərən və heç bir siyasi uğur əldə edə bilməyən radikal düşərgəyə artıq xaricdəki antiAzərbaycan qüvvələr də o qədər etibar etmirlər. Və bu qüvvələr radikal düşərgədən yenilik, yeni fəaliyyət, yeni yanaşma gözləyir. Bu mənada Mehman Hüseynov məsələsi radikal müxalifət, xüsusilə də bu düşərgənin başında duran Əli Kərimli və onun yaxın ətrafı, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, onların Avropaya göndərdikləri Temurxanlar, Mirzəlilər və s. üçün göydəndüşmə bir fürsətdir. Ona görə də Mehman Hüseynovun müdafiəsinə qalxdıqları görüntüsünü yaradaraq bu yolla xaricdəki antiAzərbaycan şəbəkənin etimadını qazanmaq istəyirlər. Bunun üçün radikallar öz yalan, iftira, böhtan əməllərinə də sadiqliklərini nümayiş etdirirlər. Mehman Hüseynov həbsxanada heç bir aclıq aksiyası keçirmədiyi halda, guya onun aclığa başladığı barədə yalan məlumat yaymaları, bunu sosial şəbəkələrdə paylaşmaları, xaricə donoslar ötürmələri deyilənlərin əyani sübutudur.
Əslində bu əməl radikal düşərgə üçün heç də yeni deyil. Onlar bir qayda olaraq öz maraqlarına çatmaq üçün müxtəlif vasitələrdən istifadə edir, hər cür çirkin oyunlara gedirlər. Bu düşərgənin hakimiyyətə gəlmək üçün hətta erməni lobbisi ilə əməkdaşlıq etməsi də mümkün variantlar sırasındadır. Yaxın tariximizdə baş verənlər, erməni maliyyə mənbələrindən qidalanan avropalı siyasilərlə əlbir olub Azərbaycan əleyhinə kampaniya həyata keçirmələrindən cəmiyyət onsuz da məlumatlıdır. Amma o da gün kimi aydındır ki, antiAzərbaycan qüvvələrin ölkəmizə qara yaxmaq, onun nüfuzuna xələl gətirmək planları bu dəfə də alınmayacaq. Əslində bu elə Mehman Hüseynovun da özünə bəllidir. O da dəqiq bilir ki, radikallar ondan öz məqsədlərinə çatmaq üçün istifadə edirlər. Əksər ekspertlər də məhz bu qənaətdədirlər ki, radikal düşərgə və onun xaricdəki havadarları Mehman Hüseynovdan bir vasitə kimi istifadə edirlər. O da vurğulanır ki, istər Mehman Hüseynov, istərsə də onun müdafiəsinə qalxan radikalların hər şeyə siyasi don geydirmək keçmiş adətidir. Müstəqil ekspert Murad Ağamiyev deyir ki, anası rəhmətə gedəndə həbsdən bir neçə saatlığına zaminə buraxılan Mehman Hüseynov hələ o zaman üzündə təbəssüm hissi ilə gəlib, anasının ölümünü belə siyasi material kimi istifadə etməyə çalışırdı: "Bu gün bu Mehmanın adından guya cəmiyyətə belə bir mesaj göndərdiyi deyilir . "Mən artıq həyatımdan da keçməyə hazıram ki, nəsə dəyişsin və ən azından bundan sonra başqalarına olan haqsızlıqların qarşısını alım". Mən anlaya bilmirəm , öz anasına biganə olan biri cəmiyyətə necə can yandırır ? Bu hansı ideologiyadır belə ?. Qısası mən dünən rəsmi mənbələrdən mətbuatda dərc edilən informasiya ilə tanış oldum ki, heç bir aclıq aksiyasından söhbət gedə bilməz, bu cəfəngiyyatdır". Murad Ağamiyev hesab edir ki, Mehman Hüseynov sifarişli şəkildə yenə də növbəti bir radikal provakativ əməl törədir: "Hətta müxalif informasiya agentliklərinin yaydığı məlumat həqiqətən də Mehman Hüseynov tərəfindən mesaj olaraq cəmiyyətə ünvanlanıbsa, deməli onun intihar etmə ehtimalı da aktualdır. Görünür qərbdə yaşayan dırnaqarası ağalar belə bir tapşırıq veriblər. Bu manqurtlaşmış beyinin sağlam qərar qəbul etməsi mümkün olmadığından hər ehtimal məxsusi dəqiqliklə nəzərdən keçirilməlidir.
Hər halda həmişə olduğu kimi məqsəd ölkə daxilində ictimai-siyasi sabitliyi pozmağa cəhddən başqa bir şey deyil". Ekspert bildirib ki. Mehman Hüseynovun qələmi ağaları tərəfindən qırılıbsa və bu öz talehi ilə barışıbsa, deməli bu manqurt intihar etməklə cəmiyyət arasında hərc-mərclik yarada biləcəyi fikrinə isti baxır: "Beləliklə əgər bir neçə gündən sonra Mehmanın ölüm xəbərini eşitsəm heç də çaşmaram. Bunu açıq qeyd edim ki, rəsmi açıqlamada qeyd olunduğu kimi o yemək yeyirsə belə başqa yol ilə intihar etməyə cəhd edəcəyi istisna edilməməlidir. Aidiyyatı qurumlar xüsusi rejimdə və xüsusi nəzarətdə Mehman Hüseynova bir müddət diqqətlə yanaşsalar sözsüz ki, əla olar. Ən azından ona görə ki, nə dəlinin əlinə yersiz bel verməyək, nə də belləmək üçün yer".
Süleyman