Ölkəmizdə mübahisələrin alternativ həlli üsullarının tətbiqi vacibdir

Mediasiya institutunun yaradılması sosial sifarişdir

Dövlət müstəqilliyinin bərpasından sonra respublikamızda insan və vətəndaş hüquq və azadlıqlarının təminatı sahəsində çox mühüm nailiyyətlər əldə olunmuş, vətəndaş cəmiyyəti formalaşıb. Ölkəmiz demokratik, hüquqi cəmiyyət quruculuğu yolunda inamla addımlayır. Aparılan məhkəmə-hüquq islahatları nəticəsində yeni, əvvəlki məhkəmə sistemindən köklü surətdə fərqlənən, insan haqlarının müdafiəsinə daha etibarlı təminat yaradan üçpilləli məhkəmə sistemi yaradılıb. Həbs və insan hüquqlarını məhdudlaşdıran digər prosessual məcburiyyət tədbirlərinin görülməsi məhkəmələrin müstəsna səlahiyyətinə aid edilib, məhkəmələr üzərində prokuror nəzarəti ləğv edilib, istintaqa məhkəmə nəzarəti və digər hüquqlar müəyyən olunub. Azərbaycanda ardıcıl olaraq hüquqi islahatlar həyata keçirilməkdədir. Bu gün Azərbaycan cəmiyyəti demokratik hüquqi dövlətin inkişafı mərhələsini yaşayır, bu mərhələdə cəmiyyətin bütün sahələrində daimi islahatlar prosesi davam edir. İnkişafın keyfiyyət baxımından daha yüksək mərhələsinə keçid iqtisadi, siyasi, sosial-mədəni, məhkəmə-hüquq islahatları və digər sahələrdə yeni qanunvericiliyin tətbiq edilməsini, beynəlxalq bəyannamələrə qoşulmağı və ölkədə mövcud olan qanunvericilik bazasında əsaslı dəyişikliklər edilməsini tələb edir. Müasir dövrdə Azərbaycanda məhkəmə sisteminin yenidən qurulması istiqamətində də geniş islahatlar həyata keçirilir. Böhran və münaqişəli vəziyyətlərin məhkəmədənkənar və məhkəməyəqədər tənzimlənməsi ilə bağlı alternativ həll yollarının seçilməsi məsələsinin mühüm aktuallıq kəsb etdiyi bir dövrdə ölkəmizdə mübahisələrin alternativ həlli üsullarının, xüsusilə də mediasiyanın tətbiqi bir sıra postsovet məkanı ölkələri ilə müqayisədə ilkin formalaşma mərhələsindədir və hüquqi əsasları tam formalaşmamışdır. Mediasiyanın ən mühüm əhəmiyyətindən biri onun cəmiyyətdə hüquqi şüur və hüquqi mədəniyyətin yüksəldilməsinə kömək etməsidir. Bu gün Azərbaycanda mediasiyanın mübahisələrin həllinin məhkəmədənkənar metodu kimi qanunverici əsaslarının möhkəmləndirilməsinə, mediasiya institutunun hüquq sisteminə inteqrasiyasını intensivləşdirməyə sosial sifariş mövcuddur. Mediasiya mübahisələrin həllində dövlətin öz səlahiyyətlərinin müəyyən hissəsini vətəndaşlarına  ötürməyə  və bununla eyni vaxtda cəmiyyətin bu səlahiyyətləri qəbul etməyə hazır və qabil olmasına, qəbul edilən qərarlara görə məsuliyyət daşımasına  imkan verən humanist, eyni zamanda praqmatik yanaşmadır. Beləliklə də, mediasiya nəinki  hüquqi,  həmçinin sosial baxımdan əhəmiyyətli bir institut olduğunu sübut etmişdir. Bu, dünya təcrübəsində mediasiyanın hüquqi mədəniyyətə və ümumilikdə cəmiyyətə tətbiqinə ildən-ilə artan diqqət və onun inkişafına göstərilən dəstəkdə özünü büruzə verir. Mediasiyanın Azərbaycanda inkişafına təkan vermək üçün ən mühüm tədbirlərdən biri mediasiyanın institusionallaşması və qanunverici bazasının yaradılmasıdır.

Azərbaycan Respublikasında mediasiya institutunun inkişaf etdirilməsinin hüquqi əsasları kimi Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, "Beynəlxalq Arbitraj haqqında" Azərbaycan Respublikasının Qanunu , "Beynəlxalq xüsusi hüquq haqqında" Azərbaycan Respublikasının Qanunu, Mülki Prosessual Məcəllə, "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktlar və s. normativ sənədləri göstərmək olar. Azərbaycanda mediasiyanın fəal tətbiqi və hüquq məkanına inteqrasiyası prosesi müstəqillik dövründə baş verib. XX əsrin 90-cı illərində Azərbaycan cəmiyyətində baş verən transformasiyalar hüquq sisteminin də radikal dəyişikliklərə uğramasını şərtləndirib. Bununla yanaşi, hələ uzun illər, hətta indiyə qədər vətəndaşların hüquqi şüuru sovet illərində mövcud olan hüquqi stereotiplərin təsiri altında olub. Bu stereotiplərin təzahürlərindən biri, hüquqi savadın olmaması, insanların məhkəmə sistemini öz hüquqlarının təminatı üçün əsas vasitə kimi görə bilməmələri, bu institutlara etibarsızlığı olub.

Müasir dövrdə Azərbaycan demokratik hüquqi dövlət quruculuğunun təkmilləşməsi dövrünü yaşayır ki, bu da cəmiyyət həyatının bütün sahələrində köklü dəyişikliklərin həyata keçirilməsini, məhkəmə-hüquq islahatlarının davam etdirilməsini tələb edir. Dövlətin mübahisə tərəflərinin müdafiə formalarını seçmək hüququnu təmin etməsi də bu islahatlar sırasındadır. Dünya təcrübəsinin təhlili göstərir ki, məhkəmə-hüquq sistemində müdafiənin məhkəmə forması ilə yanaşı, alternativ formaları da tətbiq edilir. Həm də bu zaman alternativ prosedurlar dövlətin qanunçuluq sistemini əvəz etmir və vətəndaşların məhkəmə müdafiəsi kimi konstitusion hüquqlarını pozmur. Müvafiq olaraq, Azərbaycanda dünya təcrübəsinə uyğun olaraq mübahisələrin alternativ həlli metodlarının tətbiqi və inkişafı bilavasitə cəmiyyətin hüquqi mədəniyyətinin artmasını və məhkəmə sisteminin keyfiyyətinin yüksəlməsini şərtləndirən amillərdəndir. Qeyd edilən metodların fəal tətbiqinın digər mühüm aspektləri məhkəmələrin maliyyə, maddi-texniki və iş yükünün azaldılmasına, kadr resurslarının daha səmərəli istifadə edilməsinə imkan verməsidir. Rəsmi məlumatlara görə, il ərzində məhkəmələrdə yüz mindən artıq işlərə baxılır. Hədsiz iş yükü proses iştirakçıları üçün normal şəraitdə işləməyi qeyri-mümkün edir. Nəticədə iştirakçı tərəf öz  mövqeyini tam ifadə etməyə belə vaxt tapa bilmir. Bunun məntiqi nəticəsi kimi prosessual müddətin pozulması, işlərin məhkəmə istintaqına hazırlanmasının keyfiyyətinin aşağı olması, məhkəmə aktlarının sonadək işlənilməməsi baş verir. Bunlar da məcmu şəkildə tərəflərin məhkəmə müdafiəsinin təşkili kimi konstitusion hüququn pozulmasına səbəb olur. Deməli, mediasiyanın hüquqi praktikaya və mədəniyyətə, cəmiyyət həyatına inteqrasiyası aktual məsələ kimi dərk edilməlidir. Bu məsələnin bütövlükdə məhkəmə-hüquq islahatları çərçivəsində və onun mahiyyətindən irəli gələn hüquqi dövlət quruculuğuna gedən yolun ayrılmaz tərkib hissəsi olduğu nəzərə alınmalıdır.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31