Uğurlu sosial siyasət bu il də davam etdiriləcək
Həyata keçirilən siyasət cəmiyyətin sosial qayğılarının təminatında əhəmiyyətli baza formalaşdırıb
4 Yanvar 2019 13:21 SiyasətHəyata keçirilən siyasət cəmiyyətin sosial qayğılarının təminatında əhəmiyyətli baza formalaşdırıb
Ölkədə vətəndaş firavanlığının təminatı prezident İlham Əliyevin yüksək səviyyədə həyata keçirdiyi milli inkişaf strategiyasının başlıca məqsədi kimi çıxış edir. Ölkəmizdə milli iqtisadiyyatın dinamik tərəqqisində əldə olunan nailiyyətlər ilk növbədə vətəndşların sosial rifah halının yaxşılaşmasına xidmət edir. Məhz bu siyasətin nəticəsidir ki, son 15 ildə əhalinin gəlirlərində 8,6 dəfə artım özünü göstərib, orta aylıq əmək haqqı 528,2 manata çatıb. Sosial cəhətdən həssas qruplara, aztəminatlı ailələrə dövlət qayğısı artıb, onların rifah halının yaxşılaşdırılmasına yönələn tədbirlərin miqyası genişlənib. Xatırladaq ki, təkcə 2018-ci ildə 1,3 milyon insan əmək pensiyası, 409 mindən çox şəxs aylıq sosial müavinət, 62,5 min insan Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin edilib. Dövlət başçısının uğurlu sosial-iqtisadi inkişaf strategiyasının mühüm nailiyyətlərindən biri kimi, son 15 ildə ölkəmizdə yoxsulluq səviyyəsi 5 faizə enib ki, bu da qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Bununla bərabər, yoxsul ailələrin dövlət tərəfindən dəstəklənməsi tədbirləri də davam etdirilib. Dövlət başçısı İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində səslnədirdiyi fikirlər dediklərimizi bir daha təsdiq etmiş olur. İlham Əliyev xatırladıb ki, bu il ölkəmizdə prezident seçkiləri keçirilib: "Azərbaycan xalqı bir daha mənə yüksək etimad göstərmişdir, mənim fəaliyyətimə yüksək qiymət vermişdir. Mən son 15 il ərzində Prezident kimi çalışmışam ki, xalqa ləyaqətlə xidmət edim. Bundan sonra da çalışacağam ki, Azərbaycanın inkişafı, Azərbaycanın gücləndirilməsi, xalqın rifahının artması üçün əlimdən gələni əsirgəməyim. Mənim bir amalım var: güclü Azərbaycan dövləti qurmaq və xalqa ləyaqətlə xidmət etmək". Millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, əhalinin rifahının yaxşılaşması istiqamətində görülən işlər yalnız maaşların, pensiya və müavinətlərin artması ilə yekunlaşmır. Respublikamızda aparılan sosial siyasətin məzmunu vətəndaşların sosial vəziyyətinin yaxşılaşması ilə bərabər, onların məşğulluğunun artırılması, daha yaxşı yaşamaları üçün əlavə pul gəlirləri əldə etməsindən ibarətdir. Komitə sədri bildirib ki, ötən dövrdə bu istiqamətdə atılan bütün addımlar konkret olaraq cəmiyyətin sosial qayğılarının təmin olunmasına əhəmiyyətli baza formalaşdırıb. Onun sözlərinə görə, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları davamlı iqtisadi inkişafı təmin etməklə, sosial sahədə qarşıda duran problemlərin həlli üçün etibarlı zəmin yaradıb. Son 15 ildə 2 milyona yaxın iş yerinin açılması da ölkə Prezidentinin bu sahədə uğurlu siyasətinin əyani göstəricisidir: "Son dövrlər əhalinin məşğulluğunun təmin olunması yönündə işlər daha da dinamik xarakter alıb. Belə ki, ötən il oktabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası"nın təsdiq olunması haqqında Sərəncamın imzalanması bu baxımdan mühüm addımdır. Artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və digər aidiyyəti qurumlar bu Sərəncamdan irəli gələrək 2019-2025-ci illər üçün Tədbirlər Planının layihəsini hazırlayır. Tədbirlər Planı layihəsində Strategiyada nəzərdə tutulan əsas istiqamətlərə uyğun tədbirlər əksini tapacaq. Onu da qeyd edim ki, İşsizlikdən Sığorta Fondunun 2019-cu il üçün nəzərdə tutulan 83 milyon 450 min manat məbləğindəki büdcəsinin 42 milyon manatı məhz özünüməşğulluq tədbirlərinə həsr olunub. Bu fakt isə özlüyündə özünüməşğulluq tədbirləri vətəndaşlarımızın passiv sosial dəstək mexanizmindən aktiv sosial dəstək mexanizminə keçirilməsi baxımından böyük əhəmiyyət kəsb edir". Milli Məclisin deputatı Kamilə Əliyeva deyib ki, Azərbaycanda mühüm prioritetlərdən biri kimi müəyyənləşdirilmiş təhsilin inkişafı istiqamətində davamlı işlər görülür, həyata keçirilən islahat xarakterli tədbirlər müsbət göstəricilərin əldə olunmasını təmin edir. K.Əliyeva bildirib ki, Azərbaycanda hər bir sahədə müşahidə olunan dinamik inkişaf təhsil sektorunda da ciddi şəkildə nəzərə çarpır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində, eləcə də müvafiq göstərişləri əsasında atılan addımlar, icra edilən Dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirib: "Bu gün təhsilin bütün pillələrində - uşaq bağçalarında, məktəbdənkənar müəssisələrdə, orta məktəblərdə, kolleclərdə, peşə təhsilində, ali təhsil sahəsində, ali təhsildən sonrakı təhsil, əlavə təhsil sahəsində yeni layihələrin reallaşdırılması istiqamətində mühüm addımlar atılır. Təhsil sahəsində həyata keçirilən islahatlar - təhsildə infrastrukturun yenilənməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, ümumtəhsil məktəblərinin kadr potensialının və tədrisin keyfiyyətinin yüksəldilməsi xüsusi qeyd edilməlidir". Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib ki, son 15 ildə dünya miqyasında iqtisadi baxımdan Azərbaycan qədər dinamik inkişaf edən ikinci ölkə olmayıb. Hətta dünya üçün çətin keçən illərdə də respublikamızın iqtisadiyyatı yüksək dayanıqlılıq nümayiş etdirib. R.Əliyev bildirib ki, güclü iqtisadiyyat 2018-ci ildə də ölkənin inamlı inkişafının təməlində dayanan əsas amillərdən biridir. Onun sözlərinə görə, ölkəmizdə rəqabətə davamlı iqtisadiyyat quruculuğundan söhbət açarkən məqsədyönlü şəkildə həyata keçirilən şaxələndirmə siyasətinin önəmini xüsusi qeyd etmək lazımdır: "Məlumdur ki, Azərbaycan zəngin karbohidrogen ehtiyatlarına malik olan ölkədir. Xəzərin neft-qaz ehtiyatlarının işlənməsinə dair transmilli şirkətlərlə imzalanan müqavilələr çərçivəsində respublikamıza böyük həcmlərdə valyuta gəlir. Bununla belə, Azərbaycan ölkə iqtisadiyyatının birqütüblü olmasını və neft amilindən asılı qalmasını heç vaxt qəbul etməyib. Əksinə, respublikamız qazandığı neft gəlirlərini çoxqütüblü iqtisadiyyat quruculuğuna yönəltməyə üstünlük verib. Son 15 ildə respublikamızda qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət aparılıb və dəstək tədbirləri gücləndirilib. Ölkəmizdə neftdənkənar iqtisadiyyatın, o cümlədən də qeyri-neft sənayesinin, aqrar sektorun inkişafının dövlət tərəfindən güclü şəkildə təşviq edilməsi və siyasi və maddi cəhətdən dəstəklənməsi öz növbəsində uğurlu göstəricilərin əldə olunmasını şərtləndirir. Təsadüfi deyil ki, 2018-ci ildə milli iqtisadiyyatımızda ən yaxşı inkişaf göstəriciləri məhz qeyri-neft iqtisadiyyatında qeyd alınıb.Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, ötən il respublikamızda qeyri-neft sənayesində 9 faizdən çox artıma nail olunub ki, bu da kifayət qədər yaxşı göstəricidir".
Nurlan