Prezidentin fikirləri tamamilə doğrudur: "İqtisadiyyatımızda xeyli irəliləyişlər..."
3 Yanvar 2019 16:20 SiyasətXəbər verdiyimiz kimi, 31 dekabr 2018-ci il tarixində Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik etdi. 2018-ci ilin Azərbaycan üçün uğurlu il olduğunu vurğulayan Prezident qeyd etdi ki, ölkəmiz bütün istiqamətlər üzrə uğurla, sürətlə inkişaf edib. Yola saldığımız ildə Azərbaycan xalqının sosial müdafiəsinin gücləndirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması və ümumən ölkənin iqtisadi potensialının gücləndirilməsi istiqamətində atılan addımlara diqqət çəkən ölkə başçısı bildirdi ki, bu il məcburi köçkünlər üçün çox böyük işlər görülüb. 5800 köçkün ailəsi üçün yeni evlər, mənzillər tikilib və onlara təqdim edilib.
Bu, son illərdə rekord göstəricidir. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 626 mənzil verilmişdir və biz bu siyasəti gələn il də davam etdirəcəyik. Əlbəttə ki, bütün bu işləri görmək üçün güclü iqtisadiyyat olmalıdır və bu iqtisadiyyat var. Bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən asılı deyil. Azərbaycan iqtisadiyyatı müstəqil iqtisadiyyatdır və bizim müstəqil siyasətimizi gücləndirən amildir. Bu il ümumi daxili məhsul artır, qeyri-neft sektoru artır, sənaye istehsalı artır, qeyri-neft sənaye sektorunda isə artım 9 faizdən çoxdur. İxracımız təxminən 40 faiz artıb. Ölkə iqtisadiyyatına 10 milyard dollar sərmayə qoyulubdur. Dünya Bankının "Doing Business" proqramının son hesablamalarında Azərbaycan dünya miqyasında 25-ci yerə layiq görülüb. Yəni, bu, onu göstərir ki, apardığımız islahatlar, şəffaflıq, ciddi iqtisadi islahatlar öz nəticəsini verir və Dünya Bankı bunu yüksək qiymətləndirir.
Biz müasir texnologiyalara böyük əhəmiyyət veririk. Bu il bizim üçüncü peykimiz orbitə buraxılmışdır. Bu, böyük hadisədir. Azərbaycan dünyanın məhdud sayda olan kosmik klubunun üzvüdür və bu sahədə öz mövqelərimizi möhkəmləndiririk. Bu il Cənub Qaz Dəhlizinin rəsmi açılışı olmuşdur. May ayında biz bu möhtəşəm tədbiri qeyd etmişdik. Bu, böyük tarixi nailiyyətdir. Eyni zamanda, bu ilin iyun ayında TANAP layihəsi də rəsmi olaraq açıldı və beləliklə, Cənub Qaz Dəhlizinin tam başa çatması üçün çox gözəl imkanlar yarandı. Bu, bizim tarixi nailiyyətimizdir və Azərbaycan xalqı bundan sonra onilliklər ərzində bu layihələrin faydasını görəcək. Bu il Ələt Ticarət Limanının açılışını qeyd etdik. Bu da tarixi layihədir. Azərbaycan nəinki regionun, Avrasiyanın çox önəmli nəqliyyat mərkəzinə çevrilir. Şimal-Cənub, Şərq-Qərb dəhlizləri bizim ərazimizdən keçir. Çox güclü nəqliyyat infrastrukturu bizə imkan verəcək ki, tranzit imkanlarımızdan çox böyük səmərə ilə istifadə edə bilək.
Prezidentin fikirlərini müsbət qiymətləndirən millət vəkili Vahid Əhmədov söyləyib ki, həqiqətən də 2018-ci ildə gücümüzə güc qatdıq. Onun sözlərinə görə, cənab Prezidentin fikirləri tamamilə doğrudur:
"Azərbaycanda uzun illərdir bir sıra layihələr həyata keçirilib ki, onlar indi də tarixi əhəmiyyət daşıyır. Hazırda Bakı-Qars dəmir yolu istifadəyə verilib. Bu xətt vasitəsi ilə yüklə yanaşı sərnişin daşıması da həyəta keçirilib. Bu da Azərbaycan üçün əhəmiyyətli hadisədir. Bakı-Qars xətti Avropa ilə Asiyanı birləşdirir. Orta Asiya ölkələrinin Avropaya gedən daşımaları Bakı-Qars dəmir yolu vasitəsi ilə reallaşır ki, bu da Azərbaycana mənfəət qazandırır. Eyni zamanda ölkədə TANAP, TAP layihələri də həyəta keçirilir. Artıq TANAP layihəsinin bir hissəsinin açılışı oldu və istifadəyə verildi. Cənab Prezident orada iştirak etdi. 2020-ci ildə bu layihə vasitəsi ilə öz qazımızı Avropaya ixrac edəcəyik. Fikrimcə, bu layihələr ölkəmiz üçün tarixi bir addımdır.
TANAP, TAP bizə həm iqtisadi, həm də siyasi fayda verir. 2018-ci ilə Azərbaycanda ümumdaxili məhsulda artım oldu.
Qeyri-neft sektorunda xeyli irəliləyişlər əldə edildi. Bu il Azərbaycanın milli valyutası olan manat öz məzənnəsinin sabitliyini qoruyub, saxlaya bildi. Devalvasiyaya uğramadı. Bütün bunlar bizim üçün önəmlidir. Çünki xarici investorları ölkəyə cəlb etmək, sahibkarların fəaliyyəti üçün manatın məzənnəsinin sabit qalması böyük əhəmiyyət kəsb edir. Bu kimi hadisələr Azərbaycanın düzgün yolda olduğunu bir daha göstərir. Dünyanın bir çox reytinq Agentlikləri Azərbaycan iqtisadiyyatının inkişafını yüksək qiymətləndirir".
V.Əhmədov onu da bəyan edib ki, Azərbaycanın 2018-ci ildə yeganə həll edə bilmədiyi məsələ Dağlıq Qarabağ münaqişəsi oldu:
"Münaqişənin həllinə dair bəzi addımlar atılsa da, ciddi irəlləyişlər olmadı. Amma ölkə başçısı ordunun güclənməsinə diqqət göstərir, ordunun inkişafı üçün büdcədən böyük məbləğdə vəsait ayrılır. Azərbaycan ordusu bütün şəraitlə, müasir hərbi texnika ilə təmin edilir. Əsgərlərin döyüş hazırlığı, peşəkarlığı yüksək səviyyəyə çatdırılır. Dünyanın ən güclü ordusundan biri də Azərbaycan Silahlı Qüvvələridir".
Sherg.az