Nazir tapşırıqlar verib

Ədliyyə sahəsində islahatların davamlılığının təmin olunması məqsədilə dövlət başçısının 2018-ci il 18 dekabr tarixli Sərəncamı ilə "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı" təsdiq olunub. Ədliyyə Nazirliyindən "Olaylar" bildirilib ki, naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş kollegiya iclasında Dövlət Proqramının icrası ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub. Kollegiyada çıxış edən nazir müstəsna əhəmiyyətə malik olan Dövlət Proqramının möhtərəm Prezidentimizin ədliyyə sisteminə böyük diqqət və qayğısının növbəti təzahürü olduğunu vurğulayıb, proqramın bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan ədliyyəsinin gələcək inkişafında "yol xəritəsi" olmaqla ədliyyə orqanlarının və məhkəmələrin işinin müasir tələblərə uyğun təşkilinə, əhaliyə yüksək keyfiyyətli hüquqi xidmətlərin göstərilməsinə, bu orqanlara müraciət imkanlarının asanlaşmasına və vətəndaşların hüquqlarının daha etibarlı müdafiəsinə xidmət edəcəyini qeyd edib. İclasda Dövlət Proqramı ilə Ədliyyə Nazirliyinin üzərinə qoyulan vəzifələrin, o cümlədən işin müasirləşdirilməsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi, innovativ texnologiyaların və elektron sistemlərin geniş tətbiqi, şəffaflığın artırılması ilə bağlı və digər tədbirlərin vaxtında və mütəşəkkil icrasının təşkilinə dair konkret tapşırıqlar verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31