2018-ci ildə hərbi sahədə hansı uğurlarla yadda qaldı?
“2018-ci il həm Azərbaycan ictimaiyyəti, həm xalqımız, həm də ordumuz üçün ən yadda qalan illərdən oldu. Belə ki, ötən il Azərbaycan Xalq Cümhuriyyətinin, ordumuzun, eləcə də digər dövlət orqanlarının 100 illiyi qeyd olundu, bir il müddətində 2 dəfə möhtəşəm hərbi parad keçirildi”. Bu fikirləri Veteranlar Şurasının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.
3 Yanvar 2019 14:01 Siyasət"2018-ci il həm Azərbaycan ictimaiyyəti, həm xalqımız, həm də ordumuz üçün ən yadda qalan illərdən oldu. Belə ki, ötən il Azərbaycan Xalq Cümhuriyyətinin, ordumuzun, eləcə də digər dövlət orqanlarının 100 illiyi qeyd olundu, bir il müddətində 2 dəfə möhtəşəm hərbi parad keçirildi". Bu fikirləri Veteranlar Şurasının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.
O bildirib ki, ötən il Azərbaycan ordusu İki dəfə keçirilən hərbi paradlar vasitəsilə öz gücünü, qüdrətini bir daha nümayiş etdirmiş oldu: "Azərbaycan ordusu 50 ən güclü ordular sırasına daxil olması da ötən ilin yadda qalan mühüm hadisələrindən biridir. Cəbhə zonalarında yeni təlim mərkəzlərinin açılması, hərbi qulluqçulara diqqət və qayğı, əsgərlərimizin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar, Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə 400-ə yaxın zabitə evlərin verilməsi ötən il hərbi sahədə yadda qalan uğurlarıdır".
Ölkə başçısının ordumuza xüsusi diqqət və qayğı göstərdiyini deyən C.Xəlilov söyləyib ki, 2018-ci ildə də həm ordumuzun texniki, həm də hərbçilərimizin sosial məsələləri istiqamətində mühüm addımlar atılıb: "Bütün bunların nəticəsidir ki, bu gün gənclərimizin orduya olan marağı daha da artıb və ordumuz dünyanın ən güclü orduları sıralarına daxil olub. Bu gün hərbi sahədə kadr hazırlığı, keçirilən təlimlər və bu istiqamətdə görülən işlər ordumuzun gələcəkdə daha da böyük uğurlar əldə etməsinə geniş imkanlar açır".
Polkovnik qeyd edib ki, əgər illər öncə Azərbaycan əsgəri dövlət qarşısında borcunu yalnız Konstitusion və ya məcburi şəkildə həyata keçirirdisə, bu gün əsgərlərimiz həvəslə orduya qulluğa gedir, hətta ön cəbhəyə getmək istədiklərini bildirirlər: "Bu gün ordumuzla xalq arasında münasibətlər yüksək səviyyədədir. Bu gün ordumuzda açıq qapı günləri keçirilir, valideynlərin təklifləri, fikirləri nəzərə alınır. Bunun özü hərbi sahədə əldə olunan uğurlardan biridir".
C.Xəlilov vurğulayıb ki, bu gün əsgərlərimizin hərbi hissələrdəki sosial şəraiti illərlə müqayisədə qat-qat yüksəkdir: "Bu gün hərbi hissələrimiz müasir şəkildə təmin olunub, əsgərlərimizin həm təmizlik, həm yemək, həm də digər tələbatları xüsusi diqqətdə saxlanılır".
SİA