Parlament dünya azərbaycanlılarına müraciət etdi

Milli Məslisin payız sessiyası başa çatdı

Milli Məslisin payız sessiyası başa çatdı

Milli Məclisin payız sessiyasının dekabrın 28-də keçirilən sonuncu plenar iclasında millət vəkilləri gündəlikdə duran qanun layihələrinin müzakirəsini aparıblar. Əvvəlcə 2019-cu il fevralın 1-dən səlahiyyətli qurumların gömrük auditini həyata keçirə bilməsi üçün qanunvericiliyə dəyişikliklərin edilməsi müzakirəyə çıxarılıb. Bununla bağlı "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna dəyişikliklər səsverməyə qoyulub. Xatırladaq ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunun hazırkı variantına əsasən, bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Yeni təkliflərdə qeyd edilir ki, sadalananlarla yanaşı, gömrük auditi ilə bağlı da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər.Xatırladaq ki, qanunun qeyd edilən maddəsində (2.1) göstərilən yoxlamalar istisna olmaqla, Azərbaycan ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılıb.Təklif olunan dəyişikliyə əsasən, həmin istisnaya gömrük auditi də əlavə olunur. Bununla da səlahiyyətli qurumlar xarici ticarət dövriyyəsində şəffaflığın təmin edilməsi, dövlət büdcəsində ödənilməli vergi və gömrük rüsumlarının tam təmin edilməsi məqsədilə gömrük auditini maneəsiz həyata keçirə biləcəklər.

Ardınca "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" dəyişiklik layihəsi səsverməyə çıxarılıb. Nəticədə Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Xanlar Fətiyev, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Sahibə Qafarova, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Cavanşir Feyziyev seçilib. İclasda həmçinin "Tibbi sığorta haqqında" qanuna dəyişiklik layihəsi müzakirə olunub. Qanuna dəyişiklik barədə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib. Bildirib ki, qanuna 15-10-cu (İcbari tibbi sığorta üzrə sığorta haqları) maddəsi əlavə edilib. Layihədə qeyd olunub ki, xidmətlər zərfinin baza hissəsi üzrə - təqvim ili üçün adambaşına 29 manat ödənilir. Xidmətlər zərfinin əlavə hissəsi üzrə: bu qanunun 15-2.3.1(Milli Məclis, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təyin olunan şəxslər, həmçinin seçkili ödənişli vəzifədə işləyən şəxslər) və 15-2.3.2 (neft-qaz sahəsində fəaliyyət göstərən və dövlət sektoruna aid edilən sığortalılarda Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslər): Sığortalı tərəfindən-hesablanmış əməyin ödənişi fondunun 2 faizi, Sığortaolunan tərəfindən - işçinin əmək haqqının 2 faizi, Bu qanunun 15-2.3.3 (Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsi və ya Mülki Məcəlləyə uyğun olaraq mülki-hüquqi müqavilə əsasənda işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda) maddəsində qeyd olunan şəxslər üzrə təqvim ili üçün adambaşına 120 manat, Azərbaycan ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və ölkə ərazisinə idxal olunan avtomobil benzinin, dizel yanacağının və maye qazın hər litrinə görə 0,02 manat, Energetik içkilərə (alkoqollu və alkoqolsuz) və elektron siqaret üçün mayeyə aksiz markasının verilməsinə görə - verilən hər bir aksiz markasına görə 0,1 manat,Tütün məmulatlarına aksiz markasının verilməsinə görə - verilən hər bir aksiz markasına görə 0,05 manat, Alkoqollu içkilərə aksiz markasının verilməsinə görə - verilən hər bir aksiz markasına görə 0,1 manat, Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortalı üzrə ödənilən təqvim haqqının 50 faizi,"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanuna əsasən sığortalının sığorta müqaviləsi üzrə sığortaçıya ödədiyi sığorta haqqının 5 faizi. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev bildirib ki, artıq Azərbaycanın 3 rayonunda tibbi sığorta ilə bağlı pilot layihə həyata keçirilib. Onun sözlərinə görə, pilot dövründə müsbət nəticələr əldə olunub: "Pilot layihə olduğuna görə, həkim və tibb bacılarının əməkhaqlarına dəyişiklik  etdik. Hazırda pilot layihədə elə həkimlərimiz var ki, 5-6 min manat əməkhaqqı alır. Orta tibb işçilərinin də əməkhaqqında artım olub. Əməliyyatların sayı 52 faiz artıb". Zaur Əliyev əlavə edib ki, pilot layihəsi zamanı daha çox ürək-damar xəstəliklərinə dair müraciətlər olub. Onun sözlərinə görə, layihənin həyata keçirildiyi regionlarda ölüm hallarının sayı azalıb.

Daha sonra "Yol hərəkəti haqqında" qanuna təklif edilən dəyişikliklər müzakirə edilib. Təklif edilən dəyişikliyə əsasən, Azərbaycanda yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun əməkdaşlarının hərəkəti aşağıdakı kimi müəyyən olunur: Bu qanunun 52-ci maddəsinin IV və ya VI hissələrində nəzərdə tutulmuş dayanma və ya durma qaydalarını pozmuş sürücü nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.5-ci maddəsində (Nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılması) nəzərdə tutulmuş hallarda İnzibati Xətalar Məcəlləsinin 124.5-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar tərtib edir və nəqliyyat vasitəsini mühafizə edilən duracağa göndərir. Bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya videoçəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir və nəqliyyat vasitəsi mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İnzibati Xətalar Məcəlləsinin 346.1-ci (Dayanma və ya durma qaydalarını pozulması), 346.2-ci (Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanması və ya durması), 346-1.2-ci (Nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanması), 346-1.3-cü (Əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanması) və 346-1.4-cü (Parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına) maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda İnzibati Xətalar Məcəlləsinin 124.6-cı maddəsində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar tərtib edilir və onun surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur.

Payız sessiyasının sonuncu plenar iclasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət qəbul edib. Müraciəti Milli Məclisin sədr müavini Bahar Muradova oxuyub. Müraciətdə dünyadakı azərbaycanlılarının milli birliyinin vacibliyi qeyd olunub. Bildirilib ki, Qarabağ hər bir azərbaycanlının ağrılı yeridir: "Bütün dünya azərbaycanlıları səylərini artırsalar, bu problemin həllini daha yaxınlaşdıra bilərlər. Soydaşlarımızın bir vəzifəsi də yaşaqdıqları öləkəlrin ictimai-siyasi həyatına inteqrasiya etməklə bərabər, dilimizi, adət-ənənələrimizi uca tutmaq, milli hüquqlarımızı qorumaqdır. Əziz soydaşlarımız, Sizi ümummilli məqsədlərimizin gerçəkləşdirilməsi, xalqımızın mənafelərinin qorunması naminə birliyə çağırırıq". Spiker Oqtay Əsədov bildirib ki, Milli Məclis Prezident İlham Əliyevə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı təbrik məktubu göndərəcək. Sonda Azərbaycanın Dövlət Himni səsləndirilib. Bununla da Milli Məclisin 2018-ci il payız sessiyasının sonuncu plenar iclası başa çatıb. Beləliklə, deputatlar bu gündən tətilə çıxıblar. Parlamentin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvar ayının 1-dən 15-dək tətildə olacaqlar.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31