Əhalinin sosial rifah halının yaxşılaşdırılması dövlətin əsas prioritetidir

Əhalinin sosial rifah halının yaxşılaşdırılması, bu sahədə mövcud olan problemlərin həlli artıq uzun illərdir ki, Azərbaycanda əsas prioritet istiqamətlərdən birini təşkil edir. Zaman-zaman qeyd edilən istiqamətdə atılan addımlar, həyata keçirilən tədbirlər əhalinin sosial rifah halının yüksəldilməsinə öz müsbət təsirini göstərir. Bu müsbət tendensiya xüsusilə son 15 ildə özünü daha qabarıq şəkildə göstərir. Cənab İlham Əliyevin 2003-cü ildən, ölkəyə rəhbərlik etdiyi dövrdən bu günə qədər sosial sahədə həyata keçirilən tədbirlər, layihələr miqyasına və əhatə dairəsinə görə kifayət qədər böyük olub ki, bu da bütün ölkə ərazisini əhatə edib, respublika boyunca bu tədbirlər öz müsbət nəticələrini göstərib. Məhz sosial sahələrdə həyata keçirilən tədbirlərin göstəricisidir ki, son 15 ildə əhalinin yoxsulluq səviyyəsi nəzərə çarpacaq dərəcədə azalıb, məşğulluğun səviyyəsi xeyli artıb. Paytaxtla yanaşı regionlarda yaradılan istehsal müəssisələri, zavodlar yeni iş yerlərinin açılmasını şərtləndirib ki, bu da ökədə işsizlik probleminin aradan qaldırılmasına təkan verib.

Əhalinin aztəminatlı təbəqəsinin, xüsusi qayğıya ehtiyacı olanların da daim dövlətin, dövlət başçısının diqqət mərkəzində olduğu ötən 15 il ərzində bu istiqamətdə görülən işlərin fonunda özünü əyani şəkildə göstərib. Əhalinin aztəminatlı təbəqələri üçün Ünvanlı Sosial Yardım sisteminin tətbiq edilməsi, son illərdə bu sistemin bir qədər təkmilləşdirilməsi, bir neçə ay əvvəl DOST mərkəzi deyilən daha bir sosialyönümlü layihənin icrasına start verilməsi, bundan başqa sistemli və davamlı şəkildə əmək haqqları və pensiyaların artırılması məhz dövlətin, dövlət başçısının sosial sahədə həyata keçirdiyi məqsədyönlü və uğurlu siyasətinin əyani sübutudur. Bir sözlə Azərbaycan Prezidenti İlham Əliyev ölkədə sosial məsələlərin həllini, əhalinin rifahının yüksəlişini prioritet məsələ hesab edir və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir.

20 ildən artıqdır ki, ölkəmiz üçün bir nömrəli problemə çevrilən Dağlıq Qarabağ münaqişəsinin vurduğu ziyanın da ölkədə çoxsaylı sosial problemlərə yol açdığı hər kəsə bəllidir. Ancaq Azərbaycanın gündən-günə artan iqtisadi qüdrəti və dövlət başçısının bu məsələyə olan xüsusi həssaslığı qeyd edilən problemin də həlli istiqamətində müsbət addımlarıənn atılmasına gətirib çıxarıb. Belə ki, müntəzəm olaraq qaçqın və məcburi köçkünlər üçün yeni yaşayış komplekslərinin tikilməsi əhalinin bu təbəqədən olan hissəsinin də sosial rifah halının yüksəldilməsi istiqamətində mühüm addım olub. Məlumat üçün qeyd edək ki, bu günlərdə qaçqın və məcburi köçkünlərin sosial rifah və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində daha bir mühüm addım atılıb. Belə ki, Sumqayıt şəhərində qaçqın və məcburi köçkün ailələri üçün inşa edilən yaşayış binaları kompleksinin açılışı deyilənlərin əyani sübutudur. Elə bu faktın özü də onu deməyə əsas verir ki,  dövlət başçısı qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi qayğı ilə yanaşır, bu məsələni daim diqqət mərkəzində saxlayır. Onu da etiraf edək ki, ötən 15 il ərzində qaçqınların və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, məşğulluqlarının artırılması və digər məsələlərlə bağlı mühüm işlər görülüb.

Dövlətin, dövlət başçısının sosial sahədə, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində görülən işlərə diqqət çəkən millət vəkili Sona Vəliyeva xüsusilə qaçqın və məcburi köçkünlərə yönəlik siyasəti təqdir edib, bu siyasəti müsbət dəyərləndirib. Millət vəkili deyib ki, ölkəmizdə qaçqın və məcburi köçkünlərə dövlətimiz tərəfindən yüksək qayğı göstərilir. Bu diqqət və qayğı davamlı xarakter daşıyır. Onun sözlərinə görə, hər zaman qaçqın və məcburi köçkünlərimiz, şəhid ailələri və əhalinin sosial qayğıya ehtiyacı olan digər təbəqələri dövlət tərəfindən diqqətdə saxlanılır: "Ölkə başçısının sosial siyasətinin əsasını şəhid, qazi və məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması təşkil edir. Bu gün Prezident İlham Əliyev bu məsələyə xüsusi həssaslıqla yanaşır. Eyni zamanda, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində sosial məsələlərin mühüm yer tutur. Qeyd edim ki, 2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. İlin sonuna qədər evlərlə, mənzillərlə təmin edilmiş məcburi köçkünlərin sayı 300 minə çatacaq. Bu da 53 min 500 ailə və ya 300 min qaçqın və məcburi köçkün deməkdir.  Bütövlükdə, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, bununla bağlı həyata keçirilən layihələr dövlətin vətəndaşlara diqqətinin nümunəsidir. Məhz aztəminatlı ailələrə göstərilən yardımlar, köçkünlərimizin mənzillə təmin olunması əsas məsələlərdən biri kimi nəzərə alınır".

Göründüyü kimi,  ölkəmizdə dövlət siyasətinin çox mühüm tərkib hissəsini sosial siyasət təşkil edir, Azərbaycanda sosial dövlət ideyası uğurla reallaşdırılır. İnsanların sosial rifahının daha da yüksəldilməsi üçün lazım olan tədbirlərin görülməsi, əhalinin gəlirlərinin mütəmadi olaraq artırılması, maaşların, pensiyaların davamlı şəkildə yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər kompleks şəkildə Prezident İlham Əliyevin sosial siyasətinin ayrı-ayrı komponentlərini əks etdirir.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31