“Bütün köçkün ailələri normal şəraitlə təmin olunacaqlar”

İlham Əliyev: "Son illərdə məcburi köçkünlərin problemlərinin həlli işində çox böyük addımlar atılmışdır" 

Azərbaycanda həyata keçirilən sosial siyasət əhalinin bütün təbəqələrini əhatə etməkdədir.  

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu sosial siyasətin həyata keçirilməsi ilk növbədə belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, bu siyasətin əsas məqsədi Azərbaycanda sosialyönümlü dövlət quruculuğunu təmin etməkdir. Söz yox ki, bu istiqamətdə də son illər mühüm və ardıcıl addımlar atılmaqdadır. Prezident İlham Əliyev hər zaman öz çıxışlarında sosial siyasəti dövlət siyasətinin ən zəruri sahələrindən biri kimi dəyərləndirərək vurğulayıb ki, layiqli sosial siyasət qarşıdakı illərdə də Azərbaycan hökumətinin fəaliyyətinin prioriteti olaraq qalacaq. Məhz bu siyasətin nəticəsidir ki,  

prezident İlham Əliyev məcburi köçkünlərin problemlərini ölkədə uğurla həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib, onların məşğulluğunun, maddi rifahının yaxşılaşdırılması üçün zəruri tədbirlər görülür. Hazırda məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlətin prioritet məsələlərindən hesab edilir. Diqqətəlayiq haldır ki, bu məsələ mütəmadi olaraq davam etdirilməkdədir. Elə bu günlərdə Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksi istifadəyə verilib. Açılış mərasimində çıxış edən prezident İlham Əliyev bildirib ki, gələn ilin dövlət xərclərimizdə köçkünlərin problemlərinin həlli üçün kifayət qədər böyük vəsait nəzərdə tutulub: "Onu da bildirməliyəm ki, bu il, eyni zamanda, köçkünlərin məişət problemlərinin həlli işində bir yenilik də olub. O da ondan ibarətdir ki, özəl sektor köçkünlər üçün mənzillərin tikintisinə başlamışdır. Bu il "Qobu Park" köçkün şəhərciyinin açılışı bunun bariz nümunəsi idi. Orada da mindən çox ailə üçün yeni binalar, evlər tikilib, bütün infrastruktur yaradılıb. O layihə özəl sektor tərəfindən təmin edilib, tikilib və maliyyələşdirilib". Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib ki, Azərbaycanda məcburi köçkünlər daim cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması həmişə dövlət başçısının diqqət mərkəzində olub. Deputat bildirib ki, növbəti dəfə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni il ərəfəsində, dövlət başçısının doğum günündə məcburi köçkünlərlə görüşdü: "İlham Əliyev doğum gününü məcburi köçkünlərlə bir yerdə keçirdi və göstərdi ki, bu xoş günündə də məcburi köçkünlərlə bir yerdədir, onların problemlərinin həllinə diqqətlə yanaşır". B.Əliyev vurğulayıb ki, ən müasir tələblərə cavab verən evlər tikilir və məcburi köçkünlərə verilir: "Bu, Prezident İlham Əliyevin məcburi köçkünlərə diqqət və qayğısının nəticəsidir. Mən ötən gün məcburi köçkün olan seçicilərimi qəbul etdim və qəbula gələn məcburi köçkünlər də cənab Prezidentin onlara göstərdiyi qayğıdan çox razı qaldıqlarını və hər an dövlət başçısının siyasətini dəstəklədiklərini və Prezident ətrafında sıx birləşdiklərini bildirdilər". Millət vəkili qeyd edib ki, eyni zamanda dövlət başçısı məcburi köçkünlərlə görüşündə bunların müvəqqəti olduğunu, tezliklə torpaqlarımızın işğaldan azad ediləcəyini, əmin yerlərdə daha gözəl şəhərlər, kəndlər salınacağını və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdacaqlarlını vurğuladı: "Cənab Prezidentin bu nikbin və əsaslı çıxışı onun daxili və xarici siyasətinə söykənir. Azərbaycan bütün sahələrdə çox böyük uğurlar qazanıb və 2018-ci il işğal edilmiş torpaqların azad edilməsi iştiqamətində çox böyük irəliləyiş kimi qeyd oluna bilər". B.Əliyev onu da əlavə edib ki, dövlət başçısı tək məcburi köçkünlərin deyil, əhalinin aztəminatlı təbəqələrinin həyat şəraitinin yaxşılaşdırılması üçün kifayət qədər böyük işlər görüb və bu gün inkişaf etmiş, iqtisadiyyatı möhkəmlənmiş Azərbaycan dövləti bu potensiala malikdir: "Bütün bunlar isə cənab Prezidentin böyük zəhmətinin və həyata keçirdiyi islahatların nəticəsidir". "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib ki, Abşeron rayonunda məcburi köçkün ailələri üçün salınmış yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı ölkədə bu təbəqədən olan insanların problemlərinin həlli yönümündə həyata keçirilən işlərin davamlı olduğunu və sona qədər davam etdiriləcəyini bir daha ifadə etdi. Baş redaktorun sözlərinə görə, əgər bu günə qədər ölkədə 300 minə yaxın məcbur köçkün ailəsi mənzillə təmin olunubsa və proses davam etdirilirsə, deməli biz ölkədə 1 milyona qədər məcburi köçkünün hər birinin mənzillə təmin olunacağını görəcəyik və bu istiqamətdə Azərbaycan dövlətinin siyasəti davam edəcək: "Hələ 2003-cü ildə prezident seçkilərinin təbliğat kampaniyasında cənab Prezident ilk dəfə Biləsuvar rayonunun qaçqın şəhərciyində əhalinin bu təbəqəsindən olan insanların hər birinin mənzillə təmin olunacağı ilə bağlı dövlətin mühüm işlər görəcəyi barədə vəd verdi. O vaxtdan indiyədək artıq 15 ildir bu proses böyük sürətlə davam edir. Saysız-hesabsız qaçqın çadırları ləğv edilib. Məcburi köçkünlər üçün ən müasir formada şəhərciklər salınıb. Bütün bunlar Azərbaycan dövlətinin siyasətinin həqiqətən sosial məzmun daşıdığını bir daha ifadə edir. Ölkə Prezidentinin ilk növbədə ehtiyacı olan təbəqələrin, o cümlədən məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması üçün ardıcıl hümanist siyasət apardığını ifadə edir. Azərbaycan Konstitusiyasında dövlətimizin siyasətinin sosial və hümanist mahiyyəti birmənalı şəkildə ifadə olunur. Son illərdə məcburi köçkünlərin mənzillə təmin olunması sahəsində həyata keçirilən işlər Konstitusiyada ifadə olunmuş böyük həqiqətin gerçəkləşdirilməsini bir daha nümayiş etdirir. Azərbaycan dövləti dünyada sosial siyasətin hümanist xarakter daşımalı olduğunu bir daha nümayiş etdirir".

Qeyd edək ki, 2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. İlin sonuna qədər evlərlə, mənzillərlə təmin edilmiş məcburi köçkünlərin sayı 300 minə çatacaq. Bu da 53 min 500 ailə və ya 300 min qaçqın və məcburi köçkün deməkdir. Ümumilikdə bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün indiyədək 7,1 milyard manat vəsait xərclənib. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 24 min məcburi köçkünə 14,8 milyon manat məbləğində mikrokredit, Sahibkarlığın İnkişafı Fondu tərəfindən isə 2 min 74 məcburi köçkün sahibkara 44,3 milyon manat güzəştli kredit verilib. Bu mikrokreditlərin əksəriyyəti kənd təsərrüfatı - əkinçilik, heyvandarlıq, bitkiçilik, arıçılıq ilə bağlı layihələrə yönəldilib. Ötən dövrdə 200 min məcburi köçkün büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə təmin edilib. Bununla da məcburi köçkünlər arasında yoxsulluq həddi son 15 ildə 75 faizdən 12 faizədək azalıb.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31