Hakim korpusu yeni nəsil hüquqşünaslarla möhkəmləndirilib

200-dən çox hakim barədə müvafiq təyinatlar aparılıb

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Bakı və Sumqayıt apellyasiya məhkəmələrinin yeni təyin edilmiş sədr müavinləri və kollegiya sədrlərinin, bu məhkəmələrin yurisdiksiyasına daxil olan və digər birinci instansiya məhkəmələri sədrlərinin, habelə Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının aidiyyəti məsul işçilərinin iştirakı ilə geniş müşavirə keçirib. Nazirlikdən "Olaylar"a bildirilib ki, müşavirədə çıxış edən nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə respublikamızın hərtərəfli sürətli tərəqqisini və əldə olunan yüksək nailiyyətləri qeyd edib, məhkəmə-hüquq islahatlarından və yeniliklərdən bəhs edib, bu ərəfədə dövlət başçısının Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin yeni inzibati binasının açılışını etməsinin məhkəmə hakimiyyətinə verilən böyük önəmin növbəti təzahürü olduğunu vurğulayıb.

Bildirilib ki, ölkə Prezidentinin dekabrın 21-də imzaladığı sərəncamlarla 200-dən çox hakim barədə müvafiq təyinatlar aparılaraq hakim korpusu yeni nəsil hüquqşünaslarla möhkəmləndirilib. Mövcud vakansiyaların tam əksəriyyəti komplektləşdirilməklə hakimlərin iş yükü xeyli azaldılıb, işlərə daha keyfiyyətlə və vaxtında baxılmasına şərait yaranıb. Müşavirədə, həmçinin son illər ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən məqsədyönlü tədbirlər qeyd edilib, məhkəmə fəaliyyətində mövcud problemlər, yol verilən nöqsanlar və onları doğuran səbəblər, bununla əlaqədar qarşıda duran vəzifələr müzakirə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31