"Azərbaycan ən çox islahat aparan ölkədir"
25 Dekabr 2018 14:43 Siyasət"Azərbaycan iqtisadi cəhətdən son 15 ildə çox uğurlu bir yol keçib. Bir tərəfdən Azərbaycanın iqtisadiyyatı kəmiyyətcə böyüyüb, yəni, bizim ümumi daxili məhsulumuz (ÜDM) 3,2 dəfə artıb, qeyri-neft sektoru 2,8 dəfə artıb, strateji valyuta ehtiyatlarımız təxminən 28 dəfə artıb, digər tərəfdən Azərbaycanda 2 milyondan çox iş yeri yaradılıb". Bunu millət vəkili Tahir Mirkişili deyib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın infrastruktur layihələri çox böyük vüsətlə həyata keçib ki, bu da bütövlükdə həm qazlaşmada, elektrikləşmədə, həm də yol çəkilişində olub: "Bu gün Azərbaycan yol çəkilişinə görə MDB-də ən yaxşı yolu olan ölkədir. Yəni kəmiyyətcə baxsaq, Azərbaycan iqtisadiyyatı çox möhtəşəm bir yol keçib. Hətta zaman-zaman Azərbaycan iqtisadiyyatı inkişaf sürətinə görə dünyada birinci yerə çatıb. Artıq bir çox beynəlxalq təşkilatların hesabatlarında, məsələn, Ümumdünya İqtisadi Forumunun verdiyi hesabatlarda, Dünya Bankının dərc etdiyi hesabatlarda Azərbaycan ən çox islahat aparan ölkədir və inkluziv inkişaf əmsalına görə dünyada üç ölkədən biridir. Yən həm xaricdən, həm də daxildən baxanda Azərbaycan iqtisadiyyatının keçdiyi yol kifayət qədər uğurlu və kifayət qədər əhatəlidir.
Amma Azərbaycan iqtisadiyyatı kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət cəhətdən də kifayət qədər yeniliklər, idarəetmədə yeni çevik modelin tətbiqi və iqtisadiyyatın daha dayanıqlı olması istiqamətində işlər görülür. Bütün bu işlərin, islahatların təbii ki, əsas ana xəttinin aparıcısı, ideya müəllifi cənab Prezident İlham Əliyevdir. Çünki Azərbaycan apardığı islahatla bir tərəfdən təbii ki, Ümummilli Lider Heydər Əliyevin neft strategiyasını davam etdirir. Bu strategiyada əldə etdiyimiz gəlirləri biz qeyri-neft sektorunun inkişafı üçün daha çox sərf edirik ki, bu da əslində iqtisadiyyatın gələcəkdə daha çox xarici amillərdən asıllığının azadılması və insanların maddi-rifah halının hər hansı bir xaricdə baş verən iqtisadi böhranlardan asılı olmayaraq yaxşılaşmasını təmin etmək kimi anlama gəlir. Son zamanlar qeyri-neft sektorunun ÜDM-də payının 65 faizə çatması, özəl sektorun daxilində payının 83 faizi keçməsi onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı nəinki inkişaf edir, eyni zamanda ölkə iqtisadiyyatı özünü gələcəyə hazırlayır".
SİA