İlham Əliyev: “Məcburi köçkünlərin problemləri sosial məsələlər arasında ön plandadır”

Azərbaycan müstəqillik yoluna qədəm qoyduğu ilk gündən qaqçqın və məcburi köçkünlərin sosial-məişət qayğılarının həllini diqqət mərkəzində saxlayır. Məhz Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, verdiyi tapşırıqlara əsasən, bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülür. İcra olunan layihələr nəticəsində bu qəbildən olan minlərlə insanın sosial vəziyyəti gündən-günə daha da yaxşılaşır, mənzil-məişət şəraiti məsələləri öz həllini tapır. Sevindirici hal ondan ibarətdir ki, dövlətin bu siyasəti davamlı olaraq həyata keçirilməkdədir. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın və sonradan həmin Dövlət Proqramına 31 oktyabr 2007-ci il, 21 fevral 2011-ci il tarixli sərəncamlarla təsdiq olunmuş əlavələrin icrası ötən dövr ərzində uğurla davam etdirilib. Ötən illər ərzində məcburi köçkün həyatı yaşamağa vadar edilmiş soydaşlarımızın məşğulluq və digər sosial problemlərinin həllində, yaşayış səviyyəsinin yüksəldilməsində, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasında genişmiqyaslı tədbirlərin icrası uğurla davam etdirilib. Müxtəlif ərazilərdə yeni-yeni qəsəbələr salınıb, gözəl evlər, hündürmərtəbəli yaşayış binaları tikilib istifadəyə verilib. Həmişəki kimi qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ölkə Prezidenti cənab İlham Əliyevin ən çox diqqət yetirdiyi və qayğı göstərdiyi sahə olunub.  Dövlət başçısının mütəmadi olaraq müxtəlif bölgələrdə məcburi köçkünlərlə görüşməsi, yeni salınmış qəsəbələrin açılış mərasimlərində iştirakı və dərin məzmunlu çıxışları, məcburi köçkünlərlə birbaşa ünsiyyətdə olması, onların problemləri ilə yerində maraqlanması deyilənləri özlüyündə bir daha təsdiqləyir. Birmənalı şəkildə qeyd etmək olar ki, məcburi köçkünlərin problemləri daim dövlətin diqqət mərkəzindədir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Abşeron rayonunun ərazisində məcburi köçkün ailələri üçün salınmış yeni yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində çıxışı zamanı deyib ki, bu il 5800 köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib və istifadəyə verilib: "Artıq köçkünlərin bu evlərə, mənzillərə yerləşməsi prosesinə start verilmişdir. Bu, rekord göstəricidir. Biz hər il minlərlə köçkün ailəsini yeni evlərlə, mənzillərlə təmin edirik. Bir daha demək istəyirəm ki, bu il bu, ən yüksək səviyyədə öz həllini tapıb. Bizim vəzifəmiz ondan ibarətdir ki, bütün köçkün ailələri normal şəraitlə təmin olunsunlar. Bu istiqamətdə böyük işlər görülür, həm Bakı şəhərində, Abşeron rayonunda, Sumqayıt şəhərində, həm də digər şəhər və rayonlarımızda. Son illərdə yüzdən çox köçkün şəhərciyi tikilib istifadəyə verilmişdir. Ancaq o da həqiqətdir ki, hələ də çətin vəziyyətdə yaşayan köçkünlərimiz var. Onların problemləri də öz həllini tapacaq. Hazırda Dövlətqaçqınkom bu istiqamətdə öz işini davam etdirir, siyahılar dəqiqləşdirilir və növbəti ildə görüləcək işlərlə bağlı indi hazırlıq tədbirləri aparılır". Prezident İlham Əliyev onu da bildirib ki, gələn ilin dövlət xərclərimizdə köçkünlərin problemlərinin həlli üçün kifayət qədər böyük vəsait nəzərdə tutulub: "Onu da bildirməliyəm ki, bu il, eyni zamanda, köçkünlərin məişət problemlərinin həlli işində bir yenilik də olub. O da ondan ibarətdir ki, özəl sektor köçkünlər üçün mənzillərin tikintisinə başlamışdır. Bu il "Qobu Park" köçkün şəhərciyinin açılışı bunun bariz nümunəsi idi. Orada da mindən çox ailə üçün yeni binalar, evlər tikilib, bütün infrastruktur yaradılıb. O layihə özəl sektor tərəfindən təmin edilib, tikilib və maliyyələşdirilib. Bu, onu deməyə əsas verir ki, biznesin sosial məsuliyyəti də artır. Ümid edirəm ki, növbəti illərdə bizim böyük biznes strukturlarımız bu işlərdə köçkünlərə kömək göstərəcəklər. Əlbəttə, əsas işi dövlət öz üzərinə götürüb. Köçkünlərin problemlərinin həlli, onların məşğulluğunun artırılması üçün son illərdə milyardlarla manat vəsait xərclənmişdir. Ancaq imkanı olan şirkətlər əlbəttə ki, bu sahədə öz sözünü deməlidirlər və biz bunu görürük. Ümid edirəm ki, gələn il də biznes strukturları bu istiqamətdə öz sözünü deyəcəklər".

Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan dövlətinin atdığı ən vacib addımlardan biri güzəşt sisteminin tətbiqidir. Doğma yurd-yuvalarından didərgin düşən insanların maddi təminatının yaxşılaşdırılması, gündəlik xərclərinin azaldılması məqsədilə dövlət bir sıra güzəştlər tətbiq edib. 1993-cü ildən tətbiqinə başlanılan güzəştlərin böyük əksəriyyəti hələ də qüvvədədir. Məcburi köçkünlərə əmək qabiliyyətini müvəqqəti itirməyə görə Azərbaycan Əmək Məcəlləsinə uyğun olaraq müavinət iş stacından asılı olmayaraq əmək haqları tam həcmində ödənilir. Qanuna əsasən məcburi köçkünlərə tibbi xidmət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dövlət tibb müəssisələri tərəfindən göstərilir. Məcburi köçkünlərə dərman preparatları almaq üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan qaydada və məbləğdə müavinət verilir. Qanunun tələbindən irəli gələrək məcburi köçkünlrə bəzi xətələliklər, tibbi müayinələr, müalicə üçün dərman güzəştləri nəzərdə tutulur. Qətiyyətlə demək olar ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarına hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin salınmış bir milyon nəfərədək soydaşımızın bütün qayğıları, sosial problemləri, münaqişənin siyasi cəhətdən həlli Azərbaycan dövlətinin, xüsusilə dövlət başçısı İlham Əliyevin  gündəlik qayğısına çevrilib. Prezident İlham Əliyev dövlət başcıları ilə keçirilən çoxsaylı görüşlərdə, beynəlxalq və yerli qurumların tədbirlərində mütləq bir hal kimi bu problemə toxunaraq onu ölkədə bir nömrəli problem adlandırır. Elə bu səbədən də qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəldilən vəsaitin həcmi ildən-ilə artırılır. Ölkəmizdə mövcud olan və məcburi köçkünlərin olduqca ağır vəziyyətdə yaşadıqları çadır düşərgələrinin ləğvi dediklərimizin bariz nümunəsidir.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31