Aztəminatlı vətəndaşların rifah halı yüksəldilir

Bu, prezidentin apardığı sosial siyasətin məntiqi davamıdır

Prezident İlham Əliyevin Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında 2018-ci il 19 dekabr tarixli sərəncamı ilə dekabrın 28-nə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödəniləcək. Birdəfəlik yardımın maliyyələşdirilməsi məqsədilə 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5 milyon manat ayrılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında" 19 dekabr 2018-ci il tarixli Sərəncamı dövlət başçısı tərəfindən aztəminatlı ailələrin maddi təminatlarının gücləndirilməsinə göstərilən xüsusi qayğının növbəti təzahürüdür. Sərəncamda 2018-ci il 28 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 (yüz) manat məbləğində birdəfəlik yardım ödənilməsi tapşırılır. Sənədə əsasən, bu məqsədlə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5 milyon manat ayrılması nəzərdə tutulur. Sərəncam ümumilikdə hazırda ünvanlı dövlət sosial yardımı ilə təmin olunan 50 minədək ailəni (200 mindən çox ailə üzvü) əhatə edəcək və onların bayram ərəfəsi maddi təminatlarına bir dəstək olacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik yardımın ünvanlı dövlət sosial yardımı alan ailələrin hesablarına köçürülməsi təmin ediləcək. Son 15 ildə Prezident cənab İlham Əliyevin sosialyönümlü siyasətinə uyğun olaraq, həyata keçirilmiş ardıcıl tədbirlər, mühüm sosial-iqtisadi nəticələrə yönələn  proqramlar ölkədə rifah halının mütəmadi yaxşılaşmasına imkan verməklə, əhalinin aztəminatlı təbəqəsinin ümumu əhali nisbətində xüsusi çəkisinin əhəmiyyətli şəkildə azalmasına, yoxsulluğun 49 faizdən 5 faizə düşməsinə səbəb olub. Bu dövrdə əhalinin sayının 1,5 milyon nəfər artmasına, əmək bazarına daxil olan işçi qüvvəsinin ildən-ilə çoxalmasına baxmayaraq, dövlət məşğulluq siyasətinin güclənməsi, yeni iş yerlərinin açılmasının davamlı xarakter alması, aktiv məşğulluq tədbirlərinin geniş miqyas alması nəticəsində işsizliyin kəskin şəkildə azalaraq 5 faizə düşməsinə, əmək bazarında sabitliyə nail olunub. Bu gün Azərbaycan Avropa və MDB məkanında ən aşağı işsizlik göstəricisinin olduğu ölkələr sırasındadır. Aztəminatlı ailələrin yoxsulluqdan müdafiəsində  mühüm rol oynayan ünvanlı dövlət sosial yardımı proqramı da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 oktyabr 2005-ci ildə təsdiq etdiyi və 2006-cı ildən qüvvəyə minən "Ünvanlı dövlət sosial yardımı haqqında" Qanuna əsasən həmin vaxtdan həyata keçirilir. Bununla bərabər, dövlət başçısının tapşırığına uyğun olaraq, ölkədə aztəminatlı ailələrin sosial müdafiəsində passiv tədbirlərdən aktiv tədbirlərə keçidin təmin olunması, onların sosial yardım proqramından asılılığının aradan qaldırılması, mal və materiallarla təmin edilməklə kiçik ailə təsərrüfatlarını yaratmaları, beləliklə, gəlir imkanlarını artırmaları, kiçik ailə biznesinə başlamaları üçün də müvafiq işlər aparılır. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramına cari ildə ötən illə müqayisədə 6,4 dəfə çox olmaqla, 7,7 min ailə cəlb olunub ki, onlardan 1000-ə qədərini məhz ünvanlı dövlət sosial yardımı alan ailələr təşkil edir.

Millət vəkilli Eldəniz Səlimov bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında sərəncamı bir daha göstərir ki, ölkə vətəndaşlarının rifahının yüksəldilməsi dövlət başçısının daim diqqət mərkəzindədir. Bu, həm də dövlət başçısının aztəminatlı vətəndaşlara bir bayram hədiyyəsidir: "Bu ənənənin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və onun siyasətinin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. Artıq neçə illərdir ki, aztəminatlı ailələrə, şəhid ailələrinə, müharibə veteranlarına mütəmadi olaraq bu cür müavinətlər verilir. Bu, həm bizim milli adət-ənənələrimizə bağlılıqdır, həm də dövlət başçısının aztəminatlı insanlara qayğısının ifadəsidir. Bütövlükdə bu sərəncam Prezidentin apardığı sosial siyasətin, aztəminatlı insanlara qayğı siyasətinin məntiqi davamıdır". Onun sözlərinə görə, ölkə Prezidentinin son aylarda bir neçə bu cür fərman və sərəncamları olub: "Aztəminatlı insanların, qaçqın və məcburi köçkün ailələrinin, əlillərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, şəhid ailələrinə birdəfəlik müavinətin verilməsi və s. ilə bağlı tədbirlər ölkə başçısının sosial siyasətinin davamıdır. Prezident  İlham Əliyevin son sərəncamı birmənalı olaraq vətəndaşlarımız tərəfindən hörmətlə və minnətdarlıqla qarşılanır. Bu, bütövlükdə Azərbaycan vətəndaşlarının dövlətə bağlılığının, cənab Prezidentin ətrafında sıx birləşməsinin ifadəsidir. Azərbaycan vətəndaşları ölkə başçısının bütün addımları kimi, bu addımını da çox müsbət qiymətləndirir və təqdir edir. Azərbaycan vətəndaşları öz Lideri ilə öyünür və fəxr edir".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31