“Cənab Prezidentin yürütdüyü xarici siyasət çoxvektorludur”

"Bu gün dekabr ayının 24-ü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ad günüdür. Fürsətdən istifadə edərək mən də dövlətimizin başçısını səmimi qəlbdən təbrik edir, cansağlığı arzulayıram və Azərbaycanın dövlətinin inkişafı naminə müstəsna xidmətlərində yeni-yeni nailiyyətlər diləyirəm". Bunu  millət vəkili Elman Nəsirov deyib.

Deputatın sözlərinə görə, cənab Prezidentin rəhbərliyi altında Azərbaycanın həm daxili siyasətində, həm də xarici siyasətində çox ciddi nailiyyətlərə imza atılıb: "Xüsusilə də daxili siyasətdə cənab Prezidentin rəhbərliyi altında qazanılan ən böyük nailiyyətimiz odur ki, ölkəmizdə sabitlik hökm sürür və təhlükəsizlik mühiti formalaşıb. Məhz bunun əsasında Azərbaycanın davamlı inkişafı təmin olunub. Bu sabitlik, təhlükəsizlik Azərbaycan Prezidenti ilə xalqının birliyi sayəsində əldə edilib. Xalqımız ölkə başçımızın siyasətinə dəstək verir və onu müdafiə edir. Prezident də yalnız və yalnız xalqın milli mənafeyindən irəli gələn bir siyasəti həyata keçirir. Ona görə də unikal bir birlik əldə edilib və bunun sayəsində də Azərbaycan çox ciddi nailiyyətlərə imza atır. Həm də dünya praktikasında belə sabitliyin əldə edilməsində iki yola ixtiyar verilir. Birinci inzibati yoldur. Yəni müxtəlif təsir, təzyiq riçarqlarını işə salmaqla əldə edilən sabitlikdir. Bu müvəqqəti olur, yəni uzunmüddətli olmir. Beləcə bunun perspektivi də yoxdur. Digəri isə xalqla hakimiyyətin birliyindən yaranan sabitlikdir. Bu isə uzunmüddətli sabitlikdir. Bu həm də inkişafın bütün nailiyyətlərinin kökündə dayanan həlledici amildir.

Məhz cənab Prezidentin siyasəti sayəsində son 15 ildə ölkəmiz çox ciddi nailiyyətlərə imza atıb. İqtisadiyyatımızda son 15 il ərzində 3.2 dəfə artım qeydə alınıb. Əsas hədəf qeyri-neft iqtisadiyyatının inkişafıdır ki, bu sahədə son 15 il ərzində 2.8 dəfə artım qeydə alınıb. Sənaye istehsalında 2.6 dəfə, kənd təsərrüfatında 1.7 dəfə, qeyri-neft ixracatında isə təxminən 4.1 dəfə artım qeydə alınıb. Bu gün Azərbaycanın valyuta ehtiyatları son 15 il ərzində 1.8 milyard dollardan 46 milyard dollar səviyyəsinə gəlib çatıb. Yəni bunlar birbaşa məqsədyönlü, sistemli, uzaqgörən, düşünülmüş siyasətin məntiqi nəticəsidir. Eyni zamanda bütün bu uğurların kökündə dayanan həlledici amil isə cənab İlham Əliyevin də söylədiyi kimi Ümummilli Lider Heydər Əliyevin siyasətinə sadiqlikdir. Məşhur bir ifadə var ki, "xarici siyasət daxili siyasətin davamı, onun tamamlanmasıdır".

Bu gün Azərbaycan xarici siyasətdə çox ciddi nailiyyətlərə imzat atıb. Azərbaycan cənab Prezidentin yürütdüyü doğru, dürüst, məntiqli, düşünülmüş xarici siyasət sayəsində beynəlxalq aləmdə çox ciddi tərəfdaş çevrilib. Azərbaycan beynəlxalq aləmdə çox ciddi nüfuza malikdir və ona etibarlı tərəfdaş kimi yanaşırlar. Bizim müstəqillik dövrü tariximizin ən şanlı xarici siyasəti, uğuru heç şübhəsiz ki, 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının iki il müddətinə qeyri-daimi üzv seçilməsi oldu. Bu həm də Azərbaycanın müstəqilliyinin 20 illiyinə təsadüf edirdi. Doğurdan da unikal bir hadisədir ki, BMT kimi nəhəng beynəlxalq universal təşkilatda Azərbaycan seçilə bilib. Bu da birbaşa ölkə rəhbərinin yürütdüyü o qətiyyətli, prinsipial və ilk növbədə müstəqil xarici siyasət kursunun bir təntənəsidir. Cənab Prezidentin yürütdüyü xarici siyasət nəticə etibarilə ona gətirib çıxarıb ki, Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı həddindən artıq artıb. Xarici siyasətimizin prioritet istiqaməti ikitərəfli münasibətlər formatıdır. İkitərəfli münasibətlər yüksək səviyyədə olduqda üçtərəfli, dördtərəfli və çoxtərəfli münasibətlər formalaşır.

Bizim ikitərəfli münasibətlərimizin yüksək olması sayəsində bu gün Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri reallaşa bilir. Əgər bizim qonşu dövlətlərlə ikitərəfli münasibətlərimiz yüksək səviyyədə olmasa idi heç bu nailiyyətlərə də imza atmaq olmazdı. Eyni zamanda cənab Prezidentin yürütdüyü xarici siyasət çoxvektorludur və müxtəlif güc mərkəzləri ilə bərabər məsafədə dayanmağı bacaran siyasətdir. İlk növbədə müstəqil xarici siyasətdir. Bunun sayəsində bizim həm Avropa ölkələri ilə, həm də müsəlman ölkələri ilə, ABŞ-la, qonşu dövlətlərlə, Rusiya, Türkiyə, İranla, Gürcüstanla strateji tərəfdaşlıq münasibətlərimiz formalaşıb. Avropa İttifaqının 9 dövləti ilə bizim strateji tərəfdaşlıq müqaviləmiz var və əlaqələrimiz genişlənir. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində yeni alternativ enerji mənbəyi kimi çıxış edir. Bu da cənab Prezidentin çox uğurlu enerjili siyasətinin bir təntənəsidir. Bu nöqteyi-nəzərdən Avropanın enerji layihəsi hesab olunan Cənub Qaz Dəhlizini xüsusilə qeyd etmək istərdim. Bu layihənin reallaşması birbaşa ölkə başçısının qətiyyətli və prinsipial siyasəti nəticəsində baş verib. Cənub Qaz Dəhlizi ona görə baş tutub ki, cənab Prezidentin sözləri ilə desək, bu ilk növbədə azad rəqabət və enerji təhlükəsizliyi layihəsidir".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31