"Azərbaycan elminin İlham Əliyev mərhələsi yeni mərhələ kimi özünü təsdiq edir"

"Son 15 ildə Azərbaycanda cəmiyyət həyatının bütün sahələri kimi elm sahəsində də böyük dəyişikliklə baş verib. Lakin mən bu illər ərzində elmin qanunvericilik bazasının yaradılmasını və işlək mexanizmlər əsasında tətbiq olunmasını əlamətdar hadisə hesab edirəm". Bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.

O bildirib ki, elm qanunvericiliyinin yaradılması hazırkı dövrün mühüm yeniliklərindən biridir: "Belə ki, "Elm haqqında" qanunun illərdir ki, qəbul oluna bilmirdi. Nəhayət 2015-ci ildə bu qanunun qəbul olunmasından və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənəndən sonra qanunun tətbiqi üçün geniş imkanların yaradılması, ölkə elminin yeni mərhələdə inkişafına töhfələrini verməkdədir".

Onun sözlərinə görə, bundan başqa Milli Elmlər Akademiyasının müstəqillik dövründə ilk nizamnaməsinin hazırlanması, geniş müzakirələrdən sonra hazırlanan yekun variantın cənab Prezident tərəfindən 2013-cü ildə təsdiq edilməsi, elmin qarşısında yeni imkanların açılmasına kömək etdi: "Həm qəbul olunan qanunda, həm də Akademiyanın nizamnaməsində fundamental tədqiqatlar aparmaqla yanaşı, elmdə sahibkarlıq və innovasiya mühitinin yaradılmasına dair bu sahədəki fəaliyyətə hesablanan müddəaların olması, Azərbaycanın elmi strukturlarında istehsalatyönümlü və innovasiyayönümlü fəaliyyət sahələrinin də özünə yer almasına və inkişaf etməsinə şərait yaradı. Hazırda AMEA-da ölkə prezidentinin xüsusi sərəncamı ilə yaradılan Yüksək Texnologiyalar Parkında innovasiya fəaliyyətləri, patentlər tətbiq olunur. Bundan həm yeni elmi ideyalar meydana çıxır, elmdə qazanılan nailiyyətlər sınaqdan keçirilir, həm də konkret olaraq müəyyən sahələr üzrə məhsul istehsal edilir, ümumilikdə istehsal prosesləri təşkil olunur".

AMEA-nın vitse-prezidenti söyləyib ki, bundan başqa Yüksək Texnologiyalar Parkının tərkib hissəsi kimi akademiyanın təcrübə sənaye zavodu artıq 30-dan çox rəqabətə davamlı, ölkə bazarında yer tutan dünya bazarına çıxa biləcək elm yönümlü məhsullar istehsal edir: "Bunların içərisində müdafiə sənayesi ilə bağlı olan ölkəmizin ərazilərinin qorunması və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı olan çox müasir cihazlar və texnoloji qurğular da vardır. Bunlar alimlərin elmi layihələri, təklifləri əsasında hazırlanan məhsullardır. Artıq müşahidələr göstərir ki, sahə elmi tədqiqat institutlarında da bu cür sahibkarlıq yönümlü, innovativ fəaliyyətlər tədricən genişlənir. AMEA-nın 70 illik yubileyində Prezident İlham Əliyev öz məruzəsində də Azərbaycan elminin dövlətimizin və eləcə də cəmiyyət quruculuğunun inkişafına xidmət etməsi zərurət kimi qoyulmuşdu".

İ.Həbibbəyli bildirib ki, ötən illər ərzində Azərbaycan elmində gedən proseslər ölkəmizin son 100 illik elmi mühitində tamamilə yenilikdir: "Bütün bunlar Prezident İlham Əliyevin ölkə elmin inkişafında verdiyi istiqamətlər, imzaladığı sənədlər və verdiyi tapşırıqlarla birbaşa bağlıdır. AMEA-nın həqiqi və üzvü üzvlərinin rütbə maaşlarının nəzərə çarpacaq qədər artması ilə bağlı dövlət başçısının sərəncamı elmi işçilərin, alimlərin fəaliyyətinin stimullaşdırılması baxımından son dərəcə əhəmiyyət kəsb edir".

Komitə sədri qeyd edib ki, Azərbaycan elminin beynəlxalq aləmə çıxması, beynəlxalq layihələrin reallaşması və eləcə də laboratoriyaların yaranması yeni dövrün, zamanın reallıqlarından biridir: "Artıq Azərbaycan elmi dünyanın böyük elmi qurumları, elmi tədqiqat mərkəzləri, ali təhsil müəssisələri ilə geniş əlaqələr qura bilib. Bu həm Azərbaycan elminin dünyada təbliği, həm də dünyada elm sahəsi üzrə gedən proseslərin dərindən öyrənilməsinə və tətbiqinə meydan açır. Bir sözlə ifadə etsək deyə bilərik ki, Azərbaycan elminin İlham Əliyev mərhələsi yeni mərhələ kimi özünü təsdiq edir. Elmə dövlət qayğısı, dövlət başçısı tərəfindən qarşıya qoyulan məsələlər və onların icrası ilə bağlı atılan düşünülən addımlar, əldə olunan böyük nəticələr Azərbaycan elminin sabahına nikbin nəzərlərlə baxmağa tam əsas verir"

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31