"Son 15 ildə ordu quruculuğu sahəsində böyük inkişafa nail olunub"

"Cənab Prezident son 15 ildə dövlətçiliyimizin bütün sahələrində olduğu kimi ordu quruculuğu sahəsində də böyük inkişafa nail olub. Onun Azərbaycanın dövlət müstəqilliyini beynəlxalq aləmdə düzgün qoruması, daxili siyasətin günün tələblərinə uyğun qurulması, iqtisadiyyatımızın inkişafı, ordu quruculuğuna tələb olunan qədər vəsaitin ayrılmasına səbəb olub". Bu fikirləri  Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, millət vəkili Aydın Mirzəzadə deyib.

O bildirib ki, ölkə başçısının 2004-cü ildə Azərbaycanın hərbi büdcəsinin qısa zamanda Ermənistanın dövlət büdcəsinə bərabər olacaq bəyanatı doğurdan da reallığa çevrildi: " Bu gün Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən 1 dəfə yarım böyükdür. Müasir silahlar almaq, bu silahları işlədə bilən hərbi heyətin hazırlanması, hərbi hissələrin və müvafiq hərbi infrastrukturun yüksək səviyyədə qurulması, vaxtaşırı döyüş təlimlərinin keçirilməsi Cənab Prezidentin apardığı siyasət nəticəsində mümkün ola bilib".

A.Mirzəzadə söyləyib ki, bu gün Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu siyahısındadır: "Ölkəmizin ordusu bu gün regionda stabilliyin və təhlükəsizliyin qorunmasının əsas qarantıdır: "Onun 2 il bundan əvvəl, 2016-cı ilin aprel ayında apardığı uğurlu əməliyyat Ermənistanda indiyə qədər davam edən siyasi böhranın yaranmasına gətirib çıxardı. Bu ilin may ayında Naxçıvanın Günnüt kəndinin və onun ətrafında 11 min hektar ərazinin işğaldan azad edilməsi, əldə olunan yüksəkliklərdən Ermənistandan Azərbaycanın Dağlıq Qarabağ ərazisinə gedən bütün infrastrukturları nəzarət altında saxlamağa imkan verdi".

Deputat qeyd edib ki, Cənab Prezident, Ali Baş Komandan kimi üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirir: "Dövlət başçısının vaxtaşırı cəbhə bölgələrinə getməsi, zabit və əsgər heyəti ilə görüşməsi, onların problemlərini daim diqqətdə saxlaması Azərbaycanın hərbi siyasətinin düzgün aparıldığını göstərir. Bir neçə gün bundan öncə cənab Prezidentin Bakının Sabunçu rayonunda bir qrup hərbiçi zabit ailəsinə dövlət hesabına tikilən mənzillərin təqdim edilməsi göstərdi ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan bu gün ordumuzun bütün məsələlərini diqqətdə saxlayır və bundan sonra da ordunun ölkəmizin müstəqilliyinin qorunmasında əsas faktorlardan biri olmasına böyük diqqət edəcək".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31