"Ulu Öndər Heydər Əliyev tarix boyu xatırlanacaq"

"Azərbaycan xalqının yetirdiyi ən böyük şəxsiyyətlərdən biri olan Heydər Əliyev tarix boyu xatırlanacaq". Bu fikirləri Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

Ümummilli lider Heydər Əliyevin hər gün həm Azərbaycan vətəndaşları, həm də ölkəyə gələn qonaqlar tərəfindən yad olunduğunu deyən Milli Məclisin sədr müavini söyləyib ki, Dahi şəxsiyyətin keçdiyi həyat yolu hər kəs tərəfindən daim xatırlanaraq dəyərləndirilir.

O bildirib ki, Ümummilli lider Heydər Əliyev Azərbaycanın ən çətin dövründə ikinci dəfə hakimiyyətə gəlib: "Onun birinci dəfə hakimiyyətə gəldiyi dövr də asan olmayıb. O zaman Azərbaycan iqtisadi və sosial çətinlikləri olan, ittifaq miqyasında geridə qalan, aqrar respublika xarakteri daşıyan bir ölkə idi. Həm o dövrdə, həm də ikinci hakimiyyəti dövründə Ulu Öndər Heydər Əliyev Azərbaycana çiçəklənmə, inkişaf, rifah gətirib və ölkəmizi inkişaf edən ölkələr sırasına çıxarıb".

Ümummilli lider Heydər Əliyevin hakimiyyətinin ikinci dövrünün Azərbaycan üçün xüsusilə əhəmiyyətli olduğunu deyən B.Muradova söyləyib ki, çünki Ulu Öndər məhz bu dövrdə Azərbaycan dövlətinin müstəqilliyini xilas edərək onun əbədiliyini, dönməzliyini təmin etdi: "Bu gün bu işin başında siyasi varis, Prezident İlham Əliyev dayanır. Azərbaycanın gələcəyi parlaqdır, parlaq gələcəyin də qurucusu birmənalı olaraq Ulu öndər Heydər Əliyevdir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət kursu bu gün Prezident İlham Əliyev tərəfindən daha da modernləşdirilir, müasir beynəlxalq münasibətlər sisteminə uyğunlaşdırılır və inkişaf etdirilir".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31