Nəsimi rayonunda Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Nəsillərə əmanət” adlı tədbir keçirilib

Nəsimi Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Nəsillərə əmanət” adlı anım tədbiri keçirilib.

Nəsimi Rayon İcra Hakimiyyətinin və  Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş "Nəsillərə əmanət" adlı anım tədbiri keçirilib. "Olaylar" xəbər verir ki, tədbirdə əvvəlcə YAP Nəsimi rayon təşkilatının fəal gənclərinin iştirakı ilə hazırlanmış "Nəsillərə əmanət" filmi nümayiş olunub. Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, YAP siyasi şurasının üzvü Asif Əsgərov ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətləri ölçüyəgəlməzdir. Bu gün müasir müstəqil Azərbaycan dövlətinin mövcudluğu üçün xalqımız məhz ümummilli lider Heydər Əliyevə borcludur.

Asif Əsgərov Azərbaycanın müstəqilliyinin bərpasından sonra qarşılaşdığı çətinliklərdən, ölkədə cərəyan edən xaos və anarxiyadan danışaraq vurğulayıb ki, belə bir böhranlı və ağır şəraitdə ölkəmizi fəlakətə sürükləyən məkrli planların qarşısını almağa qadir yeganə şəxsiyyət məhz xalqın inam və etimad bəslədiyi ulu öndər Heydər Əliyev idi. Bu gün hər bir azərbaycanlı Heydər Əliyev ideyalarından danışarkən Yeni Azərbaycan Partiyasının bilavasitə Ulu Öndər tərəfindən yazılmış məramnaməsinə dönə-dönə nəzər salmalı, orada Ümummilli Liderin qurmaq, görmək istədiyi yeni Azərbaycanın mənzərəsini gözümüz önündə canlandırmalıdır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ideyalar bu gün onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Ümummilli Liderin siyasi kursuna sadiq qalan Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət təkcə Azərbaycanın deyil, bölgə ölkələrinin də rifahına və inkişafına mühüm töhfə verib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı qeyd edib ki, ulu öndər Heydər Əliyev xalqımıza üç əmanət miras qoyub. Bunun birincisi müasir müstəqil Azərbaycan Respublikasıdır ki, dövlətimizi təhdid edən qüvvələr yox edildikdən sonra onun təhlükəsizliyi xalqımıza əmanət olunub. İkincisi, Yeni Azərbaycan Partiyasıdır. Bu siyasi qurum yarandığı gündən ölkədə intellektual kadrların yetişdirilməsində mühüm tədbirlər həyata keçirib. Üçüncü əmanət isə Azərbaycan Prezidenti İlham Əliyevdir. Ulu Öndərin siyasi davamçısı Prezident İlham Əliyev Azərbaycanın inkişafı və rifahı yolunda yorulmadan çalışır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31