Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə Kollegiya iclası keçirilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, iclasda ölkə Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya"dan irəli gələn ədliyyə orqanlarının vəzifələri müzakirə edilib. Kollegiyada bu mühüm sənədin dövlət qulluğunun inkişafında müstəsna əhəmiyyəti vurğulanıb, son illər dövlət qulluğunun xüsusi növü olan ədliyyə qulluğunun təkmilləşdirilməsi, ədliyyə orqanlarının hazırlıqlı, mənəvi cəhətdən saf kadrlarla komplektləşdirilməsi, bu zaman dövlət gənclər siyasətinə uyğun olaraq gənclərin işlə təminatı, qulluğa qəbul prosedurlarının xeyli sadələşdirilməsi, ədliyyənin müxtəlif sahələrinə şəffaflıq əsasında işə qəbulla bağlı mütəmadi müsabiqə və müsahibələrin keçirilməsi qeyd olunub. Strategiyanın 2019-2021-ci illərdə icrası üzrə Fəaliyyət Planı ilə Ədliyyə Nazirliyinin üzərinə düşən çoxsaylı vəzifələrin mütəşəkkil, vaxtında və dürüst yerinə yetirilməsi, o cümlədən dövlət qulluğunda kadr siyasətinin inkişafı, dövlət qulluqçularının fasiləsiz peşəkar inkişafının təmin edilməsi, informasiya təminatının və elektron dövlət qulluğunun inkişaf etdirilməsi, bu sahəyə dair qanunvericiliyin təkmilləşdirilməsi və icrasına nəzarət və s. məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib, konkret tədbirlər müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31