Ölkəni tərəqqiyə doğru aparan milli təhsil sistemi
Azərbaycan təhsilinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılıb
4 Dekabr 2018 12:42 SiyasətAzərbaycan təhsilinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılıb
Müasir dünya ölkələri, o cümlədən, bütün inkişaf etmiş dövlətlər təhsili strateji sahə elan etməklə ölkələrinin gələcək inkişafının təhsil sisteminin səviyyəsindən asılı olduğunu etiraf edirlər. Azərbaycan Respublikası da müstəqillik əldə etdikdən sonra təhsil sistemində islahatların aparılması zəruriyyəti ortaya çıxdı. Beləliklə, dünyanın bir çox ölkələrində gedən təhsil islahatları haqqında məlumatlar əldə edilərərk təhsil sahəsindəki problemlərin obyektiv səbəbləri öyrənilməklə təhsil böhranının aradan qaldırılması iqtiqamətində zəruri addımlar atıldı. Nəticədə Milli Təhsil Strategiyası qəbul olundu ki, burada da əsas məqsəd dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sistemini yaratmaq idi. Sözügedən strategiyanın irəli sürdüyü bu müddəa ölkədə müasir tələblərə cavab verən, öz konkret movqeyi olan təhsil sisteminin qurulmasını hədəf olaraq qarşıya qoydu. Beləliklə ölkənin, xalqın öz mahiyyətindən, xüsusiyyətlərindən, tarixi potensialından istifadə edərək dərin elmi təhlillər əsasında inkişaf modelləri hazırlamaq həyata keçirildi. Məlum olduğu kimi təhsil sistemi o zaman qabaqcıl mövqedə hesab edilə bilər ki, ölkənin və ümumiyyətlə yer üzünün tərəqqisinə kömək edə biləcək yüksək ixtisaslı kadrlar yetişdirə bilsin. Təhsil sisteminin mükəmməllilik dərəcəsi, meyarı yalnız və yalnız onun ölkənin tərəqqisinə xidmət edən kadrların nə dərəcədə və nə qədər yetişdirməsi ilə müəyyənləşə bilər. Hazırda Azərbaycanda beynəlxalq standartlara cavab verən milli təhsil sistemi yaradılıb. Belə ki, Azərbaycan Respublikasında ümumi orta məktəb təhsili üç pillədən - ibtidai, ümumi orta və tam orta təhsildən ibarətdir və ümumi orta məktəb təhsili altı yaşdan başlanır. Ümumi orta məktəb təhsili müvafiq təhsil proqramları (kurrikulumları) əsasında həyata keçirilir. Ölkədə ümumi orta məktəb təhsili əsasən ümumtəhsil məktəblərində, xüsusi təmayüllü təhsil müəssisələrində, gimnaziya, lisey, ilk və orta peşə-ixtisas məktəblərində, habelə kollec və ali təhsil müəssisələrinin nəzdində yaradılan məktəblərdə həyata keçirilir.
Təhsil sahəsinin qanunvericilik bazası hesab olunan "Təhsil haqqında" qanun vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul edilməsində baza rolunu oynayır. Azərbaycanda təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsi hesab olunur. Ölkədə təhsil insan hüquqları haqqında beynəlxalq konvensiyalara və Azərbaycanın tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrə əsaslanır, təhsil sahəsində milli-mənəvi və ümumbəşəri dəyərlərin prioritetliyi əsasında dünya təhsil sisteminə inteqrasiya olunaraq inkişaf edir. Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Pərvin Kərimzadə deyib ki, milli təhsilimizin inkişaf dinamikasını nümayiş etdirən Azərbaycan müəllimlərinin XV qurultayı işini uğurla yekunlaşdıraraq, tarixə qovuşdu. Son beş ildə təhsil sistemində qazanılan uğurlar, əldə edilən nəticələr, qarşıda dayanan vəzifələr qurultayın əsas mövzusu oldu. Bu illər ərzində Azərbaycanda həyata keçirilən layihələr, islahatlar nəticəsində məktəbəqədər təhsil müəssisələrində, orta məktəblərdə, peşə, orta ixtisas və ali təhsil müəssisələrində qazanılan uğurlar, nailiyyətlər qurultayda ətraflı müzakirə edildi. P.Kərimzadə bildirib ki, cari il üçün Qlobal Rəqabətlilik Hesabatında Azərbaycanın 140 ölkə arasında 69-cu yerdə qərarlaşması, təhsil indikatorları üzrə ciddi irəliləyişlərə nail olunması, Azərbaycanın göstəricilərinin dünyanın bir sıra inkişaf etmiş ölkələrinin göstəricilərindən yüksək olması Azərbaycan təhsil sahəsinin digər sahələrlə paralel tərəqqisi yeni inkişaf mərhələsinə qədəm qoyduğundan xəbər verir. Onun sözlərinə görə, təhsil sahəsində həyata keçirilən böyük islahatlar artıq öz bəhrəsini verir: "Qloballaşan dünyamızda Azərbaycan təhsili konkret proqramlar əsasında qarşıya qoyulmuş hədəf və məqsədlərin fonunda inkişaf dinamikasına malikdir. Bu gün təhsil sistemimizin davamlı islahatlarla nizamlı inkişafı ölkənin beynəlxalq rəqabətliliyini şərtləndirən əsas amillərdən biridir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biri və bəlkə də ən başlıcasıdır. Ölkə başçısı dəfələrlə çıxışlarında qeyd edib ki, ölkənin uğurunu müəyyən edən enerji ehtiyatları deyil, onun intellektual potensialıdır. Ölkəni tərəqqiyə doğru aparan kadrların, mütəxəssislərin hazırlanması, təhsilin, elmin inkişafıdır. Azərbaycanda ali təhsilin müasir tələblərə uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Ölkə başçisi tərəfindən təsdiq edilən "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" Azərbaycan təhsilinin inkişafına yeni istiqamətlərini müəyyənləşdirdi. Proqramın birinci istiqaməti çərçivəsində ali təhsil sistemi məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları və xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirəcək, yeni akademik mühitin yaradacaq. İkinci istiqamət isə ölkəmizin ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsinə xidmət edəcək, bu məqsədlə milli kadrların hazırlanması üçün xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsi həyata keçiriləcək. Gələcəkdə proqramın növbəti illərdə uğurlu icrası ali təhsilin keyfiyyətinin artırılmasına və yüksək ixtisaslı kadrların yetişdirilməsinə əhəmiyyətli töhfə verəcək".
Alim