“Bunların davası qarın davasıdır"
28 Noyabr 2018 14:23 Siyasət"Ümumiyyətlə, xaricdə yaşayan və Azərbaycan dövlətinə qarşı ardıcıl şəkildə çirkin kampaniya aparan şəbəkənin aparıcı nümayəndələri Məhəmməd Mirzəli və Tural Sadıqlının bir-birinə qarşı ifşaedici açıqlamalar verməsi gözlənilən idi. Çünki onlar müxtəlif siyasi təşkilatlardan arayışlar alıb, guya siyasi mühacirdirlər və o ad altında da xaricə gediblər. Beləcə, onlar müəyyən şərtlər, şirnikləndirici vədlər müqabilində Azərbaycana qarşı fəaliyyət göstərirlər". Bunu "Yurddaş" Partiyasının sədri Mais Səfərli deyib.
Onun sözlərinə görə, həmin insanlar bu və ya digər formada Azərbaycanı sevməyən, istəməyən fondlardan qrant almaqla məşğuldurlar: "Onları Azərbaycan maraqlandırmır. Bu insanların əsas məsələsi qarın, çörək davasıdır. Elə ki, maraqları üst-üstə düşməyəndə və biri az biri çox qazananda aralarında o an dava başlayır. Bu da təbii bir haldır. Bu adamları Azərbaycan, Vətən, millət deyil, ancaq öz cibləri maraqlandırır. Fikirləşdikləri yalnız haradan qrant almaq və qoparmaqdır. Təbii ki, qrant verən təşkilatlar da yüz dəfə götür-qoy edirlər. Onlar kimə gəldi qrant vermirlər əksinə daha çox fəallıq göstərən, söyüş söyən, meydanlarda atılıb düşənlərə diqqət yetirirlər. Beləliklə onların öz arasında da bir rəqabət olur. Bu kimi davalar bundan sonra da davam edəcək. Artıq onları yedizdirən, qrant verən təşkilatlar da görürlər ki, bunların vasitəsilə heç nəyə nail ola bilməyəcəklər.
Azərbaycan öz davamlı inkişaf yolu ilə gedir. Cənab Prezident İlham Əliyev Azərbaycanı irəli aparır və inkişaf etdirir. Azərbaycan bu gün təkcə iqtisadi sahədə deyil, eyni zamanda hərbi, siyasi və digər sosial sahələrdə də nəinki regionun lider dövlətinə çevrilib, hətta dünyada sayılıb-seçilən dövlətə çevrilib".
SİA