İşğalçının demokratiya oyunu - seçkilər sülhü, yoxsa savaşı yaxınlaşdıracaq?

Ermənistan dünyanın gözünə "Qarabağ külü" üfürməkdə davam edir; israilli politoloq: "Azərbaycanla birbaşa hərbi toqquşma Ermənistanın qəti olaraq iflasına gətirəcək..."

Qarabağ məsələsində işğalçı Ermənistanın daim dünya birliyini çaşdırmağa çalışdığı sirr deyil. Adından da göründüyü kimi, Qarabağ adlı tarixi Azərbaycan ərazisinə köç edib burada kök atan nankor qonşular az öncə Qarabağın adını "arsax"a dəyişdirməklə, hətta Dağlıq Qarabağ ətrafındakı 7 rayonun adını erməniləşdirməklə öz aləmlərində beynəlxalq birliyin gözündə işğalçı yarlığından qurtulduqlarını düşünürlər.

Ancaq BMT-nin, AŞ PA-nın, Avropa Birliyinin, NATO-nun, ATƏT-in, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmmamaq Hərəkatının müvafiq qətnamələri və bəyannamələri var. Onların hamısında Qarabağın gerçək sahibinin kim olduğu aydın göstərilir, ölkəmizin ərazi bütövlüyü dəstəklənir. Bununla belə, İrəvan dünya birliyinin gözünə kül üfürmək cəhdlərini davam etdirir. Guya söhbət Dağlıq Qarabağda bir ovuc avantüristin aqressiv separatçılığından və Azərbaycana qarşı əsassız ərazi iddiasından deyil, xalqların öz müqəddəratını təyin etmə haqqından gedir. Halbuki erməni xalqı öz müqəddəratını çoxdan müəyyən edib - əfsus ki, həm də tarixi torpaqlarımızda. 

Belə çıxır, harada ki, erməni əhali kompakt yaşayır (məsələn, Gürcüstanın Cavaxetiya bölgəsi, Rusiyanın Krasnodar vilayəti), orada onlar öz müqəddəratını təyin edib növbəti erməni dövləti yaratmalıdırlar? Absurddur təbii ki. Ən əsası, beynəlxalq hüquq, BMT Nizamnaməsi, lap elə Helsinki Yekun Aktı buna yol vermir. 

***

Yeri gəlmişkən, ötən həftə İrəvanda keçirilən Frankofoniya təşkilatının 17-ci zirvə görüşündə "Böhran vəziyyətləri, böhrandan çıxış və Frankofon ərazisində sülh quruculuğu" adlı qətnamə qəbul edilib. Qətnaməyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair bənd də daxil edilib. 

Bənddə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Qarabağ nizamlanması ilə bağlı səyləri dəstəklənir, münaqişə tərəfləri sülh şəraitinin təşviq edilməsinə və öncəki razılıqlara əməl edilməsinə çağırılır, eləcə də münaqişənin Helsinki Yekun Aktının fundamental prinsipləri, o cümlədən gücdən istifadə etməmək və hədələməmək, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə prinsipi, əsasında sülh yolu ilə həllini nəzərdə tutan danışıqlar prosesinə yenidən başlanılması vacibliyi ifadə olunur.

Картинки по запросу Elmar Məmmədyarov

Bu barədə danışan xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, Helsinki Yekun Aktının dilinə uyğun olaraq, Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirdiyinə və Dağlıq Qarabağ və ətraf rayonlar da daxil olmaqla, Azərbaycan ərazilərini hərbi işğal altında saxladığına görə güc tətbiq etmək məsuliyyəti Ermənistanın üzərinə düşür: "Vurğulamaq istərdik ki, Helsinki Yekun Aktı bu xüsusda açıq şəkildə bəyan edir ki, "dövlətlər qarşılıqlı münasibətlərində, habelə, ümumiyyətlə, beynəlxalq münasibətlərdə hər hansı dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı hədələmək və güc tətbiq etməkdən çəkinməlidir".

Xalqların öz müqəddəratını təyin etməsi prinsipinə gəldikdə isə nazir bildirib ki, Helsinki Yekun Aktında növbəti fikir aydın şəkildə əks olunur: "İştirakçı dövlətlər xalqların bərabər hüquqlarını və öz müqəddəratını təyin etməsi hüququnu hər zaman BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə və dövlətlərin ərazi bütövlüyü daxil olmaqla, beynəlxalq hüququn müvafiq normalarına uyğun olaraq hörmət etməlidirlər". Fikrimcə, sənəd kifayət qədər aydın dildə yazılıb və burada hər hansı əlavə izaha və şərhə lüzum yoxdur".

Azərbaycanın baş diplomatı daha sonra deyib: "İrəvan Frankofoniya təşkilatından sui-istifadə etmək səylərinə baxmayaraq zirvə görüşünün qətnaməsində münaqişənin həllinin əsasını Helsinki Yekun Aktının prinsipləri təşkil etdiyi qeyd olunur. Ermənistan uğursuz şəkildə beynəlxalq ictimaiyyəti aldatmaq səylərini dayandırmalı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Helsinki Yekun Aktı ilə üzərinə düşən öhdəliklərini yerinə yetirərək qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır. Ümid edirik ki, Ermənistanda seçkilərdən sonra bu dövlətin yeni hökuməti anlayacaq ki, Ermənistanın dayanıqlı inkişafı üçün işğal olunmuş Azərbaycan torpaqlarından qoşunlarını çıxartmaqdan başqa yol yoxdur".

*** 

Ümid isə, ruslar demiş, axırıncı ölür. O halda Ermənistanı nələrin gözlədiyini yəqin ki, onun yeni rəhbərliyi də yaxşı bilir. Onu da bilməmiş deyil ki, Azərbaycan öz ərazisində ikinci qondarma erməni dövlətinin qurulmasına heç vaxt razı olmayacaq. Dəfələrlə yazdığımız kimi, böyük sülhün tək alternativi böyük müharibədir. Dekabr seçkilərindən sonra bəlli olacaq ki, Paşinyan, - təbii ki, hakimiyyətdə qalarsa, - sülhü, yoxsa hərbi yaxınlaşdırmaq kursu götürüb və öz cəmiyyətini hansısa kompromisə hazırlamağa qadirdirmi?

Əslində hər hansı kompromisdən də söhbət getmir. Çünki işğal altındakı əraziləri sahibinə qaytarmaq beynəlxalq hüquq normaları baxımından güzəşt, kompromis sayıla bilməz. Azərbaycanın işğalçıya ən böyük güzəşti də elə sülh anlaşması naminə işğal rejiminə dözüm göstərmək, bir də Dağlıq Qarabağ ermənilərinə vəd elədiyi yüksək muxtariyyət statusudur. Bundan o yana ermənilərə heç bir güzəşt olmayacaq, gözlənilmir. Olsaydı, 30 ildə olardı.

Картинки по запросу paşinyan

"Nikol Paşinyan guya özünün "demokratik" obrazından Qarabağ məsələsində Qərbə təzyiq edə biləcəyinə ümid edir. Belə avam və uzağa getməyən hesablamalar onun qeyri-peşəkarlığından, strateji düşüncəyə malik olmadığı və böyük siyasət üçün yararsızlığından xəbər verir". "Yeni Müsavat"ın məlumatına görə, bunu rusdilli minval.az saytına müsahibəsində beynəlxalq münasibətlər üzrə tanınmış israilli ekspert Arye Qut deyib.

Картинки по запросу ekspert Arye Qut

Onun sözlərinə görə, belə vəziyyət ona gətirir ki, müharibə Azərbaycan üçün ədalətə nail olmaqdan ötrü yeganə vasitə olaraq qalır. "Rəsmi Bakı Ermənistanı dəfələrlə xəbərdar edib ki, heç vaxt mövcud status-kvo ilə barışmayacaq. Ancaq Ermənistanın siyasi və hərbi rəhbərliyinin, Dağlıq Qarabağdakı marionet separatçı rejim nümayəndələrinin sərsəm bəyanatları onların narahatlığından, qorxu və panikasından xəbər verir. Azərbaycan ordusu cəbhə xəttində hadisələrin istənilən variantda inkişafına hazırdır. Azərbaycan Silahlı Qüvvələri 2016-cə ildə erməni ordusuna sarsıdıcı zərbə vurub. Heç kimə sirr deyil ki, bu gün Azərbaycan Cənubi Qafqazda ən güclü ordusu olan dövlətdir. Erməni baş nazir də əla başa düşür ki, Azərbaycanla birbaşa hərbi toqquşma Ermənistanın qəti olaraq iflasına və fiaskosuna gətirəcək", - deyə politoloq əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31