Ermənistanın fitnə-fəsadı öz başında çatladı

Frankofoniya sammiti iflasa uğradı

Frankofoniya sammiti iflasa uğradı

Ermənistan müstəqillik əldə etdikdən bəri dünyanın aparıcı beynəlxalq təşkiltları ilə üz-üzə qalıb. Səbəb ondan ibarətdir ki, işğalçı dövlət müstəqilliyini, daha doğrusu varlığını başqa dövlətin ərazisi hesabına təmin etmək istəyir. Məsələ orasındadır ki, müasir beynəlxalq sistem belə yanaşmanı nəinki qəbul etmir, hətta belə dövlətlərlə əməkdaşlıqda maraqlı olmur. Bunu dərk edən Ermənistan isə bütün mümkün imkanlardan istifadə edərək forma və məzmunundan asılı olmayaraq ölkədə hansısa beynəlxalq tədbirin keçirilməsinə çalışır. Elə bu məqsədlə də Yerevanda Beynəlxalq Frankofoniya Təşkilatının (Fransızdilli Ölkələrin Beynəlxalq Əməkdaşlıq Təşkilatı) 17-ci zirvə görüşünün keçirilməsinə nail olunub. Lakin, görüşün nəticələri deməyə əsas verir ki, Ermənistanın beynəlxalq tədbirlərə ev sahibliyi etmək görüntüsü yaratmaq istəyi iflasa uğrayıb. Əvvala xatırladaq ki, təşkilatın nizamnaməsinə əsasən, dövlətləri bu təşkilat çərçivəsində birləşdirən əsas amil fransız dili və fransız mədəniyyətinə yaxınlıqdır. Ermənistan monoetnik dövlət olduğundan bu ölkədə ermənilərdən başqa heç bir xalqın, heç bir millətin nümayəndəsi yaşamır. Belə halqa Ermənistan fransız mədəniyyətinə hansı töhvə verə bilər? Bu, ona dəlalət edir ki, Ermənistanı fransız dili və mədəniyyəti ilə bağlayan hansısa halqa mövcud deyil. Digər tərəfdən, dünyada sülhün və əmin-amanlığın, insan hüquq və azadlıqlarının təşviq edilməsi arzusu da BFT-nin missiyasını və fəaliyyətinin əsas prinsiplərini təşkil edir. Ermənistan isə 20-ci əsrin ən böyük faciələrindən birini - Xocalı soyqırımını törədib, on minlərlə azərbaycanlını etnik mənsubiyyətinə görə məhv edib. Heç şübhəsiz ki, sözügedən beynəlxalq təşkilt Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətindən, bu siyasət çərçivəsində törətdiyi vəhşiliklər və vandalizm aktlarından xəbərsiz deyil. Belə halda əsası humanizm, sülh, insan hüquq və azadlıqları kimi dəyərlər üzərində qoyulmuş bir təşkilat, 20-ci əsrin ən böyük faciələrindən birini-Xocalı soyqırımını törətmiş və bunu ən yüksək səviyyədə dəfələrlə utanmadan və qürur duyaraq etiraf etmiş bir dövlətin ərazisində nəinki özünün zirvə görüşünü keçirməklə, hətta bu dövləti üzvlüyə qəbul etməklə nizamnaməsinə xəyanət etmiş olur. Birmənalı şəkildə qeyd etmək olar ki, Faşizmin və etnik ayrı-seçkiliyin tüğyan etdiyi bir ölkədə Frankofoniya sammitinin keçirilməsi mədəniyyətə və humanizmə təhqirdir.

Eyni zamanda qeyd etmək olar ki, Ermənistanda keçirilən 17-ci Beynəlxalq Frankofoniya Təşkilatının sammiti uğursuzlu sonuclanıb. Frankofoniya uğrunda Fransa Prezidenti Makron ilə Kanada Baş naziri Tridönün gərgin mübarizəsi tədbirin hansı səviyyədə keçdiyinin bariz nümunəsidir. Tədbir zamanı humanizm, sülh, insan hüquq və azadlıqları kimi ümumbəşəri dəyərlərin müdafiəsi yollarının axtarışı əvəzinə Fransa Prezidenti E.Makron ilə təşkilatın Baş Katibi Mişel Jan qarşıdurmasının şahidi oldu. Qarşıdurma bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb edən məsələ üstündə deyil, sırf hakimiyyət hərisliyi və bölgüsü idi. Bu yalnız əslən Kanadadan olan Mişel Jan Makron qarşıdurması olmayaraq, eyni zamanda Makron və Kanada baş naziri Justin Tridönün ambisiyalarının toqquşmasıdır. Daha maqarqlı məqam ondan ibarətdir ki, elə Frankofoniya təşkilatının baş katibi rəhbərlik etdiyi qurumu "ölü təşkilat" adlandırıb. Maraqlıdır, "ölü təşkilat"ın qəbul etdiyi qərar hansı beynəlxaq əhəmiyyət daşıya bilər? Onu da diqqətə çatdıraq ki, sammitin Yerevanda keçirilməsi üçün dəridən-qabıqdan çıxan və zalda oturan Ermənistan rəhbərliyi üçün Frankofoniya Təşkilatı barədə bu cür sözləri eşitmək o qədər də xoş deyildir. Təşkilata yeni üzv olan Ermənistan bu təşkilat vasitəsilə öz nüfuzunu artırmaq və Azərbaycanın Qoşulmama Hərəkatı kimi nüfuzlu bir platformada üzvlüyünə və qarşıdan gələn sədrliyinə qarşı imkan əldə etməyə çalışırdı. Deməli, qonşu dövlətin 20 faiz ərazisini otuz ilə yaxın işğal altında saxlayan, Xocalı qətliamını törədən Ermənistanda dünyada sülhün və əmin-amanlığın, insan hüquq və azadlıqlarının təşviq edilməsi missiyasını üzərinə götürən Beynəlxalq Frankofoniya Təşkilatının (BFT) sammitinin keçirilməsi qərarının özü cəfəngiyat və yanlış bir addımdır. Buna baxmayaraq Ermənistanın fitnə-fəsadı ilə baş tutan sammit, eləcə də işğlçı dövlətin sammitdən gözləntiləri fiaskoya uğradı. Daha doğrusu, Ermənistanın bütün cəhdləri boşa çıxdı. Hətta Paşinyan Fransa Prezdenti Emmanuel Makronu və Kanadanın Baş naziri Castin Tridönü müəyyən təxribatlara çəkməyə və Dağlıq Qarabağla bağlı açıq dəstək almağa cəhd etdi, lakin adıçəkilən şəxslərin heç biri buna getmədi, Azərbaycanla münasibətəri korlamaq istəmədi və hətta münaqişə ilə bağlı hər hansı bir açıqlama belə vermədilər. Bu isə Ermənistanın bütün canfəşanlığının iflası demək idi. Paşinyan üçün bəlkə də ən böyük təsəlli hər iki şəxsin ermənilərin bizdən oğurladığı musiqi sədaları altında bir neçə dəqiqəlik rəqs etməsi oldu. Əslində sammit və onun nəticələri, Ermənistanın  cangəşanlığı iflasa məhkum idi. Çünki, təşkilata üzv olan 58 və müşahidəçi statusuna malik 26 ölkənin böyük əksəriyyəti müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, Dağlıq Qarabağı və ətraf 7 rayonu Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qəbul edib və bu ərazilərin işğaldan azad olunması üçün Ermənistana ünvanlanan müraciətlərə və qətnamələrə səs veriblər, imza atıblar.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31