Bəhruz Quliyev: “Həqiqət hər zaman öndə olub və bu, özünü növbəti dəfə Almaniya Bundestaqı vasitəsilə təsdiq etdi”
10 Oktyabr 2018 16:39 Siyasət"Azərbaycanın beynəlxalq siyasi arenada güclənməsi və nüfuzunun artması özünü bir sıra digər məsələlərdə də sübut etməkdədir".
Bu fikirləri Olaylar.az -a "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bu günlərdə Almaniya Bundestaqında erməni lobbisinin sifarişi ilə ölkəmizin ərazi bütövlüyü ətrafında təxribatçılıq əməlləri törətməyə cəhd edən, lakin məqsədinə nail ola bilməyən AfD fraksiyasının uğursuzluğuna münasibətini açıqlayarkən deyib. Onun sözlərinə görə, Almaniya Bundestaqının Azərbaycanın ərazi bütövlüyünü tanıması, eləcə də Dağlıq Qarabağın Ermənistanın işğalçılıq siyasəti nəticəsində zəbt olunması faktını ünvanlanan sorğu vasitəsi ilə cavablandırması özü-özlüyündə bütün kartları açır: "Sirr deyil ki, bu gün bir çox Avropa və Qərb ölkələrində erməni lobbisi tam gücü ilə Azərbaycan əleyhinə müxtəlif səpgili təxribatlara əl atır. Bu təxribatların məqsədi və məramı birdir: Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzuna xələl gətirmək, torpaqlarımızın işğal olunması faktını unutdurmaq və s. Ancaq bu kimi qüvvələr unudurlar ki, müasir siyasi səhnədə daha belə oyunbazlıqlar keçmir. Dünya baş verən hadisələrə bacardıqca ədalətli mövqe sərgiləməyə çalışır. Nəzərə alarsaq ki, Azərbaycan torpaqlarının 20 faizi bilavasitə erməni işğalı altındadır və bu işğal faktını BMT də daxil olmaqla, bir çox aparıcı beynəlxalq təşkilatlar, qurumlar tanıyır, bu zaman Almaniya Bundestaqının həmin məsələyə gözlənilən münasibəti bəsləməsi əlbəttə ki, təqdirəlayiq bir haldır".
Siyasi ekspert erməni lobbisinin və onlara dəstəkçi dayanan sağ təmayüllü radikal AfD fraksiyasının bir-birinə bənzərlik daşıdıqlarını da deyib. "AfD fraksiyası Bundestaqa keçirilən seçkilərdə alman xalqının əksər hissəsi tərəfindən qəbul olunmayıb", deyə qeyd edən "SƏS" qəzetinin baş redaktoru əlavə edib: "Ümumiyyətlə, sağçılıq, irqçilik, dözümsüzlük kimi hallar ikinci dünya müharibəsindən sonra xüsusilə Almaniyada ən qatı şəkildə pislənilməkdədir. Çünki bu faktorlar Almaniyaya acı məğlubiyyət, dağıntılar, böyük sayda insan itkisindən başqa heç nə vermədi. Bu xüsusda, sivil və demokratik alman xalqı belə siyasi çevrələri qəbul etməməklə yanaşı, onların hər hansı siyasi baxışlarını da ciddi qarşılamırlar, əksinə, nifrət edirlər. Görünür, bu səbəbdən erməni daşnak təfəkkürünə yazın olan AfD fraksiyası erməni lobbisinin sifarişini həyata keçirməyə razılıq verib. Amma fakt budur ki, Almaniya Bundestaqı bu sorğunu rədd edib və qısa, eləcə də məntiqli cavabı ilə hər şeyi yoluna qoyub".
"Azərbaycanın ərazi bötüvlüyü sarsılmaz və əbədidir" deyə qeyd edən Bəhruz Quliyev son olaraq vurğulayıb ki, Azərbaycan dövləti və ölkə rəhbərliyi qısa zamanda işğal altındakı torpaqlarımızı azad edəcək, bununla da erməni xisləti və bu xislətlə əlbir olan bənzər xarici təşkilatlar uğursuz sonluqlarına varacaqlar: "Çünki həqiqət hər zaman öndə olub və bu, özünü növbəti dəfə Almaniya Bundestaqı vastəsilə təsdiq etdi".
Ay An