Azərbaycan diplomatiyasının daha bir uğuru
10 Oktyabr 2018 15:33 SiyasətVə ya Berlindən İrəvana tərs sillə
Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu xarici siyasət kursu rəsmi Bakının beynəlxalq aləmdəki yeri və rolunu möhkəmləndirməklə yanaşı, ona etibarlı tərəfdaş qazandırır. Xüsusilə son illər ərzində bu müsbət tendensiya özünü açıq şəkildə büruzə verir. Müxtəlif ölkələrin dövlət və hökumət başçılarının Azərbaycana səfərləri, burada keçirilən səmərəli görüşlər və imzalanan ikitərəfli sazişlər Azərbaycanla bu və ya digər ölkələr arasında normal əməkdaşlıq mühiti yaratmaqla yanaşı, eyni zamanda ölkəmizin üzləşdiyi problemlərin, xüsusilə Dağlıq Qarabağ problemi barədə əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında da mühüm rol oynayır. Paralel olaraq Azərbaycan dövlət başçısının da ayrı-ayrı ölkələrə rəsmi səfərlərə dəvət olunması qeyd etdiyimiz prosesə öz müsbət töhfəsini verir. Bir qayda olaraq Azərbaycan Prezidenti Cənab İlham Əliyevin xarici ölkə həmkarları ilə keçirdiyi görüşlərdə əsas diqqəti Dağlıq Qarabağ probleminə yönəltməsi də bu baxımdan əhəmiyyət kəsb edir. Məhz bütün bunların nəticəsidir ki, artıq beynəlxalq aləmdə Azərbaycanın haqlı mövqeyi qəbul edilir, Dağlıq Qarabağ probleminin Ermənistanın işğalçılıq siyasəti nəticəsində meydana çıxdığı açıq şəkildə ifadə olunur.
Məsələn, bir müddət əvvəl Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Brüsselə səfəri çərçivəsində Avropa İttifaqı ilə Azərbaycan arasında "Tərəfdaşlıq prioritetləri" sənədi imzalandı ki, həmin sənəddə də Dağlıq Qarabağ problemi ilə bağlı müəyyən nüanslar əksini tapıb. Bakı ilə Avropa İttifaqı arasında imzalanmış sözügedən sənəddə göstərilir ki, Azərbaycanın suverenliyi, sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü Avropa İttifaqı tərəfindən dəstəklənir. Eyni zamanda, NATO-nun Zirvə görüşünün yekununda qəbul edilmiş bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək bir daha ifadə edilib. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin qeyd etdiyi kimi bütün bu sənədlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində bizim mövqeyimizi daha da möhkəmləndirir: "Onsuz da münaqişənin həlli üçün kifayət qədər geniş hüquqi baza vardır, eyni zamanda, yeni addımlar, xüsusilə ölkəmizin suverenliyi, sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü ilə bağlı mötəbər beynəlxalq təşkilatların qərar və qətnamələri, sazişlərdə əks olunan müddəalar bizim mövqeyimizi daha da möhkəmləndirir".
Bu günlərdə isə Azərbaycanın haqlı mövqeyi, Dağlıq Qarabağ problemi ilə bağlı daha bir ədalətli yanaşma Almaniya tərəfindən ifadə edilib. Almaniya mediasının xəbərinə görə, Bundestaqın sağçı radikal AfD fraksiyası Almaniya Federativ Respublikası hökumətinə "Almaniya-Ermənistan münasibətləri" mövzusunda kiçik sorğu göndərib. Sorğuda həmçinin Dağlıq Qarabağla bağlı bəzi suallar yer alıb.
Almaniya Federativ Respublikası hökumətinin sözügedən sorğuya cavabı Azərbaycanın maraqları baxımından kifayət qədər məqbuldur desək yanılmarıq. Belə ki, qeyd edilən sorğunun girişində qeyd olunub ki, "Almaniya Federativ Respublikası hökuməti xüsusi olaraq vurğulayır ki, "Almaniya-Ermənistan münasibətləri" anlayışı ilə AFR və Ermənistan Respublikası arasındakı münasibətlər başa düşülməlidir.
Sorğunun cavabında erməni işğalı altında olan Azərbaycan əraziləri ilə bağlı yer alan ifadələr xüsusilə diqqət çəkir. Belə ki, sorğuda qeyd olunur ki, Almaniya Federativ Respublikası hökuməti Ermənistan silahlı qüvvələrinin nəzarətində yerləşən Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonu Azərbaycanın bir hissəsi hesab edir. AFR hökuməti qondarma "Dağlıq Qarabağ Respublikasını" tanımır." Hökumət sorğunun müvafiq bəndlərinə (Dağlıq Qarabağda insan hüquqlarının, mətbuat azadlığının, azlıqların vəziyyəti, orada yaşayan almanların sayı və s.) dair cavabında bu qeydinə istinad etməklə kifayətlənib. Həmçinin sorğudakı "AFR hökuməti Dağlıq Qarabağın beynəlxalq hüquqi statusunu necə qiymətləndirir?" sualına hökumət "Dağlıq Qarabağ bölgəsi Azərbaycan Respublikasının ərazisinin bir hissəsidir" cavabını verib.
Sözügedən soğruya qeyd etdiyimiz tərzdə verilən cavab öz-özlüyündə bir neçə məqamı özündə ehtiva edir ki, hər bir məqam da öz-özlüyündə Azərbaycanın maraqlarına cavab verir. Birincisi, Almaniya Federativ Respublikası hökuməti yuxarıda qeyd etdiyimiz cavablarla Azərbaycanın ərazi bütpvlüyünü tanıdığını, ona hörmətlə yanaşdığını açıq şəkildə ifadə edir. Bu həm də Avropa İttifaqının mövqeyi ilə üst-üstə düşür desək yanılmarıq. Almaniya Federativ Respublikası da Avropa İttifaqının bir üzvü olduğu üçün sözügedən qurumun qəbul etdiyi qərarlar, qətnamələrlə həmrəylik nümayiş etdirməlidir.
İkincisi, Almaniya Federativ Respublikası hökuməti bununla qondarma, separatçı rejimləri tanımadığını ifadə edir. Eyni zamanda bu həm də Berlinin separatizmə qarşı olduğunun əyani sübutudur. Hər nə qədər istər Ermənistanın indiki, istərsə də bundan əvvəlki hakimiyyətləri Dağlıq Qarabağ problemi ilə bağlı məsələdə Berlinin dəstəyinə nail olmağa çalışsa da, lakin görünən odur ki, Almaniya Federativ Respublikası hökuməti üçün sərhədələrin toxunulmazlığı, ərazi bütövlüyü məsələsi daha önəmlidir. Nəinki separatizmə dəstək vermək.
Nəhayət, rəsmi Berlinin məlum mövqeni sərgiləməsinin əsas səbəblərindən biri də Bakı ilə qurulan yüksək səviyyəli əməkdaşlıq, eyni zamanda Azərbaycanın regionda oynadığı mühüm roldur. Elə bir müddət əvvəl Almaniya kansleri Angela Merkelin Azərbaycana səfəri zamanı da bunun əyani şahidi olduq. Digər tərəfdən Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynaması da Almaniyanın Azərbaycanın maraqları baxımından çıxış etməsini şərtləndirir. Bütün bunların fonunda əsas olanı isə odur ki, Azərbaycan dövlətinin apardığı dolğun və düşünülmüş xarici siyasət kursu hər bir məsələdə olduğu kimi Dağlıq Qarabağ məsələsində də beynəlxalq aləmdə Azərbaycanın haqlı mövqeyinin müdafiə edilməsi ilə nəticələnir.
Süleyman