Təhsil naziri Ceyhun Bayramov Finlandiyada səfərdə olub

Təhsil naziri Ceyhun Bayramovun başçılıq etdiyi nümayəndə heyəti Finlandiya Respublikasında səfərdə olub. "OLAYLAR" nazirliyə istinadən xəbər verir ki,  səfər çərçivəsində Finlandiya Respublikasının Təhsil və Mədəniyyət Nazirliyi, Dövlət Təhsil Agentliyi, Omnia Peşə Təhsil Mərkəzi və Helsinki Universitetində görüşlər keçirilib.

Finlandiya Respublikasının təhsil və mədəniyyət naziri xanım Sanni Grahn-Laasonen ilə görüşdə Ceyhun Bayramov ölkəmizdə təhsil sahəsində son illərdə aparılan islahatlar haqqında məlumat verib, iki ölkə arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Xanım Sanni Grahn-Laasonen Finlandiya təhsilində görülən işlərdən danışıb, yeni qüvvəyə minmiş peşə təhsili haqqında qanunu və bu sahədə həyata keçirilən yenilik və islahatları vurğulayıb.

Görüşdə həmçinin, müəllim hazırlığı, məktəblərin idarəedilməsi və məktəb rəhbərlərinin peşəkar inkişafı üzrə mümkün əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Görüş zamanı peşə təhsili ixtisaslarının təsnifatı, təhsil proqramları, məzunların fərdi inkişaf proqramları və peşə təhsilinin maliyyələşmə mexanizmləri müzakirə edilib. Peşə ixtisas proqramlarının Azərbaycan təhsil sisteminə uyğunlaşdırılması və gələcəkdə tətbiqi əsas əməkdaşlıq istiqaməti kimi müəyyənləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31