Azərbaycanın artan hərbi qüdrəti Ermənistanı danışıqlar prosesinə sadiq qalmağa vadar edir
10 Oktyabr 2018 13:01 SiyasətAzərbaycanda həyata keçirilən uğurlu siyasət bütün sahələrdə sürətli inkişafı təmin edir, ölkəmizin yeni-yeni nailiyyətlər əldə etməsini şərtləndirir. İstər siyasi, istər iqtisadi, istərsə də mədəni və sosial sahələrdə qazanılan uğurlar, müsbət nəticələr fonunda bunu aydın görmək mümkündür. Elə cari ilin 9 ayının yekunlarından da aydın olur ki, Azərbaycan bütün sahələrdə müsbət dinamika ilə inkişaf edir. Bu inkişafın təməlində isə qeyd etdiyimiz kimi düzgün idarəçilik, uğurlu siyasət və həyata keçirilən məqsədyönlü siyasət və islahatlar dayanır. Elə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasından da bunu aydın görmək mümkündür. İclasda dövlət başçısının geniş və əhatəli, məzmunlu çıxışından bir daha məlum oldu ki, ötən 9 ay Azərbaycan üçün bütün sahələrdə uğurlu olub. Ümumiyyətlə, istər cari ilin birinci rübü, istərsə də ondan sonrakı dövrlər və hazırkı sosial-iqtisadi vəziyyət onu deməyə əsas verir ki, ümumilikdə 2018-ci il də digər illər kimi ölkəmiz üçün uğurlu olub. Çünki ötən dövrlər ərzində qarşıya qoyulan bütün işlər uğurla icra edilib. Eyni zamanda qazanılan nailiyyətlər ilin sonunun da uğurla başa çatacağını deməyə əsas verir. Elə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də iclasda çıxışı zamanı bu faktı xüsusi olaraq qeyd edib: "2018-ci il ölkəmiz üçün uğurlu il olub. İlin əvvəlindən qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla və vaxtında icra edilir. Azərbaycan 2018-ci ildə də öz dinamik inkişafını təmin edib və ölkəmiz əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayıb".
Azərbaycanın uğurlu inkişaf yolu keçməsi, bütün sahələrdə nailiyyətlər əldə etməsini şərtləndirən başlıca amillərdən biri isə heç şübhəsizdir ki, ölkədə ictimai-siyasi sabitliyin təmin olunmasıdır. Bu birmənalıdır ki, sabitlik olmayan ölkədə hər hansı bir inkişafdan danışmaq yersizdir. Ancaq Azərbaycanda bu istisna təşkil edir. Uzun illərdir ki ölkədə hökm sürən siyasi sabitlik Azərbaycanın hərtərəfli inkişafına təkan verir. Hər nə qədər zaman-zaman bəzi antiAzərbaycan qüvvələr ölkədə sabitliyi pozmağa, respublikamızda xaos, anarxiya yaratmağa cəhd göstərsələr də, lakin ölkədə mövcud olan xalq-iqtidar birliyi həmin dairələrin planlarını puça çıxarır. Heç şübhəsiz ki, bu birliyi, həmrəyliyi şərtləndirən başlıca amil isə həyata keçirilən düşünülmüş siyasətdir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bu fakta diqqət çəkib. Dövlət başçısı bildirib ki, bugünkü dünyada vəziyyəti nəzərə alsaq, deməliyik ki, bu gün sabitlik, təhlükəsizlik hər bir ölkə üçün əsas amillərdən biridir: "Azərbaycanda isə təhlükəsizlik, əmin-amanlıq, sabitlik qorunur, möhkəmlənir. Sabitliyin, uğurlu inkişafımızın təməlində bizim düşünülmüş siyasətimiz dayanır, eyni zamanda, xalq tərəfindən bizim siyasətimizə göstərilən dəstək dayanır. Dünyada və xüsusilə yaşadığımız bölgədə vəziyyət gərgin olaraq qalır, yeni qarşıdurma, münaqişə ocaqları yaranır. Əvvəlki illərdə yaranmış gərgin vəziyyət, əfsuslar olsun ki, aradan qaldırılmır. Belə olan vəziyyətdə biz əlbəttə ki, özümüzü mümkün olan xarici risklərdən daha da ciddi qorumalıyıq və qoruyuruq. Bir daha qeyd etmək istəyirəm, Azərbaycanda daxili risklər mənbəyi yoxdur və biz öz siyasətimizlə, görülən işlərlə özümüzü mümkün olan təhlükələrdən qoruyuruq və qoruyacağıq. Azərbaycan xalqının rahat həyatını təmin edirik və edəcəyik".
Azərbaycanda daxili siyasi sabitlik bərqərar edilib, vətəndaşlarımız təhlükəsiz şəraitdə yaşasa da, lakin uzun illərdir ki, mövcud olan Dağlıq Qarabağ problemi həm vətəndaşlarımız, həm də ümumilikdə bölgəmiz üçün təhlükə olaraq qalmaqdadır. Bu gün də Ermənistanın işğalçılıq siyasətinin davam etməsi yerləşdiyimiz coğrafiya üçün üçün real təhlükə mənbəyidir. Bunun başlıca səbəblərindən biri isə münaqişənin həlli missiyasını öz üzərinə götürən beynəlxalq təşkilatların Dağlıq Qarabağ probleminin həlli istiqamətində fəallıq nümayiş etdirməmələləridir. Baxmayaraq ki, Azərbaycan ərazilərinin 20 faizinin işğala məruz qalmasına rəğmən hələ də problemin sülh, danışıqlar yolu ilə həllinə tərəfdardır, ancaq nə vasitəçi tərəflər, nə də işğalçı Ermənistan danışıqlar prosesinin davamlı xarakter almasında maraqlı görünmür. Ancaq o da bir reallıqdır ki, Azərbaycanın uğurlu diplomatik gedişi və düşünülmüş xarici siyasəti nəticəsində artıq Ermənistanın danışıqlar prosesində manevr imkanları tükənir, işğalçı ölkə küncə sıxılır. Elə bir müddət əvvəl Tacikistanın paytaxtı Düşənbə şəhərində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş də bunun əyani sübutu sayıla bilər. Baxmayaraq ki, həmin görüşə qədər Ermənistan rəhbərliyi müxtəlif bəhanələrlə təmaslardan qaçır, hətta danışıqlar prosesində İrəvanın deyil, separatçı rejimin iştirak etməli olduğunu bəyan edirdi. Amma Düşənbə görüşü bir daha sübut etdi ki, Ermənistanın danışıqlar prosesini pozmaq cəhdləri yersizdir və Azərbaycanın uğurlu diplomatik gedişləri İrəvanı danışıqlar masası arxasında oturmağa vadar edir. Bu isə öz-özlüyündə Azərbaycan tərəfinin uğuru sayıla bilər. Bir sözlə Ermənistan tərəfinin danışıqlar prosesini pozmaq cəhdləri nəticə vermədi. Elə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də sözügedən iclasda çıxışı zamanı bu məsələyə toxunub: "Münaqişə ilə bağlı danışıqların indiki mərhələsi ictimaiyyət üçün bəllidir. Ermənistan tərəfinin cəhdləri nəticə vermədi, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqların formatı dəyişməz olaraq qalır. Bu danışıqlar Ermənistan və Azərbaycan arasında aparılıb, aparılır və aparılmalıdır. İki ölkənin xarici işlər nazirlərinin iki görüşü bunu bir daha sübut edir. Son vaxtlar baş vermiş digər hadisələr onu göstərir ki, danışıqlar formatı dəyişməz olaraq qalır və bu münaqişə tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların predmeti olmayıb, bu gün də deyil və heç vaxt olmayacaq. Ona görə biz bundan sonra da öz prinsipial mövqeyimizdə qalacağıq. Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi öz siyasətində konstruktivlik nümayiş etdirəcək və torpaqlarımız tezliklə işğalçılardan azad olunacaqdır".
Azərbaycan müharibə şəraitində olduğundan haqlı olaraq öz hərbi qüdrətini də artırır və ildən-ilə bu sahəyə ayrılan vəsait də artım qeydə alınır. Alınan yeni müasir silahlar, hərbi texnika bizim müdafiə qabiliyyətimizi möhkəmləndirir. Hərbi qüdrətimizin artırılması həm də o məqsədi daşıyır ki, sülh danışıqları nəticə verməyəcəyi təqdirdə, Azərbaycan öz hərbi imkanları hesabına işğal altında olan ərazilərini azad edəcək. Son bir neçə ay ərzində nümayiş edilən hərbi potensialımız da bunu deməyə əsas verir. Azərbaycan Xalq Cümhurıyyətinin 100 illiyi ilə bağlı keçirilən hərbi parad, Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100 illiyi ilə əlaqədar təşkil olunan anoloji hadisə, eləcə də cəbhə xəttində müntəzəm olaraq baş tutan hərbi təlimlər Azərbaycan Ordusunun torpaqlarımızı işaldan azad etməyə qadir olduğunu bir daha təsdiqləyir. Sevindirici haldır ki, ölkəmizin hərbi qüdrəti getdikcə artırılır və bu davamlı xarakter alır. Ən maraqlı məqamlardan biri ondan ibarətdir ki, Azərbaycanın hərbi qüdrətinin artması artıq beynəlxalq miqyasda da təqdir edilir, ordumuzun malik olduğu hərbi texnika, güc diqqətlə, maraqla müşahidə edilir. Təsadüfi deyil ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında yer alan 50 ın güclü ordu sıraasında qərarlaşır. Təbii ki, bu amilin özü də Ermənistanı ciddi təşvişə salır və onu danışıqlar prosesinə sadiq qalmağa sövq edir.
Nazirlər Kabinetinin cari ilin 9 ayının sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair iclasında çıxışı zaman Prezident İlham Əliyev də bu məsələyə toxunaraq hərbi qüdrətimizin bundan sonra da atırılacağını qeyd edib: "Əlbəttə ki, biz öz hərbi qüdrətimizi artırırıq və artıracağıq. Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır və beynəlxalq reytinqlər də, həyat da bunu göstərir, bizim hərbi uğurlarımız da buna dəlalət edir. Eyni zamanda, bu il Bakıda iki dəfə möhtəşəm hərbi parad keçirilmişdir və bu paradlarda bizim hərbi qüdrətimiz həm xalqımıza, həm dünyaya nümayiş etdirilmişdir". Dövlət başçısı onu da diqqətə çatdırıb ki, bu gün Azərbaycan Ordusu ən müasir silahlarla, texnika ilə təchiz edilib, bu proses davam etdirilir: "Biz bundan sonra da ən müasir hərbi texnikanı alacağıq, yeni kontraktlar imzalanır. Əvvəlki illərdə imzalanmış kontraktlar əsasında ən müasir silahlar ölkəmizə gətirilir, onların bir hissəsi hərbi paradlarda göstərilib, bir hissəsi göstərilməyib. Demək olar ki, biz bu gün öz hərbi potensialımızı maddi-texniki təchizat baxımından tam təmin etmişik. Biz bundan sonra yalnız ən müasir texnikanı, silahları almaq fikrindəyik və bu texnikanı bizə satmaq istəyən ölkələrin sayı artır. Onsuz da bu məsələ ilə bağlı heç bir çətinlik yoxdur. Əvvəlki illərlə müqayisədə bu gün biz seçim edirik, nəinki hansısa bir təchizatçıya bağlıyıq. Ona görə biz bu gün bir çox ölkələrdən hərbi təyinatlı məhsullar alırıq. Bu il Bakıda üçüncü müdafiə sənayesi sərgisi uğurla keçirilmişdir. Bir çox aparıcı şirkətlər öz məhsullarını nümayiş etdirmişlər. Azərbaycan öz hərbi-texniki potensialını ortaya qoydu. Bu gün biz hərbi texnikanın istehsalı işində uğurla inkişaf edirik. Azərbaycanda mindən çox adda hərbi təyinatlı məhsul istehsal olunur. Hərbi texnikanın, sursatların istehsalı ilə bağlı bizim yeni planlarımız var və biz onları da həyata keçirəcəyik. Bir sözlə, bu gün ölkəmizin hərbi potensialı ən yüksək səviyyədədir. Ordumuzun döyüş qabiliyyəti də yüksək səviyyədədir. Bizim ordumuz bunu döyüş meydanında da göstərib və nümayiş etdirib".
Süleyman İsmayılbəyli