Azərbaycanın artan gücü və Bakıya olan beynəlxalq maraq - ŞƏRH

Azərbaycanın Cənubi Qafqazın lider ölkəsi kimi regionda oynadığı rol, tutduğu önəmli mövqe, ən əsası da təkcə özü üçün deyil eləcə də beynəlxalq əhəmiyyət daşıyan qlobal layihələrin təşəbbüskarı və iştirakçısı olması Bakıya olan beynəlxalq marağı gün-gündən artırır. Bunu ayrı-ayrı ölkələrin dövlət və hökumət başçılarının Azərbaycana intensiv xarakter alan səfərləri, burada keçirilən görüşlərdə müzakirə edilən məsələlərin fonunda aydın görmək mümkündür. Eyni zamanda Azərbaycan dövlət başçısının dünyanın müxtəlif ölkələrinə rəsmi səfərlərə dəvət edilməsi də həmin dövlətlərin rəsmi Bakıya olan marağının göstəricisidir. Burada bir məqamı qeyd etmək yerinə düşər ki, hazırda Avropa ölkələrindən Azərbaycana daha çox maraq hiss edilməkdədir ki, bunun da başlıca səbəblərindən biri Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynamasıdır. Onu qeyd etmək lazımdır ki, Avropa ilə genişlənən əlaqələr Azərbaycan üçün siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələr kimi hərbi sahə baxımından əlverişlidir. Belə ki, ayrı-ayrı Avropa ölkələri ilə quruıan yüksək səviyyəli əməkdaşlıq həmin ölkələrdən silah almağımız üçün də əlverişli fürsət yaradır. Bu mənada Fransa da istisna deyil. Düzdür, bir sıra Avropa ölkələri kimi Fransa da Azərbaycanın münaqişə zəminində olduğu üçün Bakıya silah satmağı məsləhət bilmir. Ancaq onu da qeyd etmək lazımdır ki, Fransa Gürcüstana silah satır. Baxmayaraq ki, Gürcüstan da uzun illərdir ki, Rusiya ilə problemli vəziyyətdədir və qonşu ölkə də Azərbaycan kimi separatizmdən əziyyət çəkir. Bu baxımdan belə qənaətə gələ bilərik ki, Azərbaycanla Fransa arasında inkişaf edən əməkdaşlıq Parisin Bakıya silah satmasına imkan verə bilər. Hətta bir çox ekspertlər Fransa prezidenti Emmanuel Makronun yaxın vaxtlarda baş tutacaq Azərbaycan səfəri zamanı sözügedən məsələ ətrafında fikir mübadiləsi aparılacağını istisna etmirlər.

Elə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da belə düşünür.

O, bildirib ki, Fransa Gürcüstana hava hücumundan qorunmaq üçün bu ölkəyə "Mistral Atlas" hərbi avadanlığını satıb. Onun sözlərinə görə, bununla bağlı müqavilə 3 il əvvəl 2015-ci ildə imzalanmışdı: "Gürcüstan hərbi avadanlığa görə Fransaya 100 milyon avro ödəyib. Bu pulu da Gürcüstan Fransanın "Societe General" bankından kredit götürüb. Mistral zenit raket kompleksi dünyada ən yaxşılarından sayılır. Həmin raketlərin Gürcüstanda sınağını Fransanın bu ölkədəki səfiri Paskal Menye də müşahidə edib. O deyib ki, Fransa Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyindən Gürcü ordusunun güclənməsində Tbilisiyə dəstək verəcəklər. Səfir onu da deyib ki, Fransanın havadan müdafiə qüvvələri Gürcüstanı hava sahəsində istənilən təhlükədən qoruyacaq". Mərkəz rəhbərinin sözlərinə görə, Fransa ilə yanaşı Birləşmiş Ştatlar da Gürcüstanla hərbi əməkdaşlığını davam etdirir: "Birləşmiş Ştatlar Gürcüstanda köhnə helikopterləri modernləşdirəcək.  Bu haqda Gürcüstanın baş naziri Mamuka Baxtadze məlumat verib. 2008-ci ildə Gürcüstan-Rusiya müharibəsindən sonra Qərb ölkələri qeyri-rəsmi Gürcüstana silah satmırdılar. Ancaq bir neçə ildən sonra Qərb ölkələri Gürcüstana tətbiq etdikləri embarqonu yumşaltdılar. Rusiyanın Krımı ilhaqından sonra Qərb ölkələri Gürcüstana embarqodan imtina etdilər. Qərb ölkələri Gürcüstana hərbi dəstək verməklə Rusiyanın bölgədəki siyasətini məhdudlaşdırmağa çalışırlar".

Elxan Şahinoğlu deyib ki,  Birləşmiş Ştatlar və Avropa ölkələri Dağlıq Qarabağ münaqişəsinə görə Azərbaycana silah satmırlar. Ancaq bu siyasətin effekti yoxdur: "Çünki, Azərbaycan ona lazım olan silahı Rusiya, İsrail, Türkiyə, Ukrayna, Belarus və digər dövlətlərdən alır. Beləliklə, Azərbaycanla əməkdaşlıqdan bu ölkələrinm hərbi şirkətləri qazanc əldə edirlər.  Ona görə də Qərb ölkələri Azərbaycanla hərbi əməkdaşlıq siyasətini yenidən nəzərdən keçirmək istəyirlər". Elxan Şahinoğlu deyib ki, Fransa Azərbaycana silah satacaq ilk Avropa ölkəsi ola bilər: "Bakıda keçirilən "ADEX-2018" Beynəlxalq Müdafiə Sərgisində Fransa şirkətləri də iştirak edirdi. Fransanı təmsil edən "Naval Group" şirkəti hərbi-dəniz müdafiəsi sahəsində Avropada liderdir. Şirkət əsasən sualtı qayıqları və gəmiləri layihələndirir və inşa edir. Fransanın sərgidəki digər iştirakçısı isə "Thales" şirkəti idi. Şirkət sərgidə hava hərəkətinin idarəolunması, hava müşahidə sistemləri, zirehli maşınlar, təlim və simulyasiya üzrə məhsul və xidmətlərini təqdim edirdi. Azərbaycan Fransa ilə hərbi-texniki sahədə əməkdaşlığı genişləndirməyə hazırlaşır. İlkin olaraq Azərbaycan Fransa ilə müştərək əsasda hərbi patrul gəmiləri istehsal etməyi nəzərdə tutur. Fransa prezidenti Emmanuel Makron bir neçə gündən sonra Azərbaycana rəsmi səfər edəcək. Mümkündür ki, bu səfər zamanı iki ölkə arasında hərbi əməkdaşlıqla bağlı da saziş imzalansın".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31