“AP-da Dağlıq Qarabağ məsələsinə ikili standartlarla yanaşma mövcuddur” - AÇIQLAMA

"Avropa Parlamentində Dağlıq Qarabağ məsələsinə ikili standartlarla yanaşma mövcuddur. Əgər ikili standartlar və ya erməni lobbiçiliyi olmasa idi, deputat mandatı daşıyan biri tərəfindən separatizmi dəstəkləyən ifadələr səslənməzdi".

Bu fikirləri  Milli Məclisin deputatı Azər Badamov Avropa Parlamentinin (AP) üzvü Eleni Teoxarusun qanlı separatçılıq və etnik təmizləməni təşviq etməsinə münasibətini bildirərkən deyib.

AP üzvünün separatizmi dəstəkləməsi ilə bağlı fikirlər səsləndirməsinin Avropa dəyərlərinə zidd olduğunu deyən deputat söyləyib ki, insan haqlarından, demokratiyadan danışılan Avropa ölkələri Dağlıq Qarabağ və onun ətraf rayonlarında yaşayan Azərbaycan vətəndaşlarının evlərindən didərgin düşdüyünü və onlara qarşı soyqırımları törədildiyini görməlidir: "Belə bir reallıq ola-ola Dağlıq Qarabağda separatizmi dəstəkləmək, ermənipərəst mövqe göstərmək təbii ki, ikili və Avropanın siyasətinə uyğun olmayan yanaşmanın göstəricisidir".

A.Badamov qeyd edib ki, Avropan separatizmi və etnik təmizlənmələri dəstəkləməklə, özünü bu hadisələrdən sığortalaya bilməyib: "İspaniyada baş verən hadisələri buna misal çəkərək deyə bilərik ki, Avropanın özünə də separatizm meylləri baş qaldırmaq üzrədir. İspaniyada baş verənlərdən sonra Avropada bu istiqamətdə addımlar nisbətən səngimişdi. Lakin yenidən Avropa Parlamentinin separatizmi dəstəkləyən ifadələrlə çıxış etməsini düzgün hesab etmirəm. Düşünürəm ki, Avropa Parlamenti bunu görməli, qarşısı vaxtında alınmalıdır. Azərbaycan deputatları da belə şəxslərlə münasibətlərdə onlara düzgün məlumatları çatdırmalı, digər diplomatik yollarla onlara qarşı mübarizəmizi aparmalı, haqqın tərəfdarı olduğumuz kimi, haqqı tələb etməliyik".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31