Qarabağın bütövlükdə Azərbaycan dövlətinin tərkibinə qaytarılması gərəkdir

Azərbaycan və Ermənistan arasında artan diplomatik fəallıq və Dağlıq Qarabağ probleminin həlli istiqamətində danışıqlar prosesinin sürətlənməsinin müşahidə edilməsi təkcə Bakı və İrəvanda deyil, eləcə də ölkə xaricində də diqqətlə izlənilir, bu proseslərin hansı məcraya doğru istiqamət alacağı proqnozlaşdırılır. Təsadüfi deyil ki, bir sıra beynəlxalq təşkilatlar, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu, onun həmsədr ölkələri də Azərbaycan və Ermənistan arasında artan diplomatik fəallığı təqdir edib, onun davamlı xarakter alması üçün hər cür dəstək verəcəklərini bəyan ediblər. Həmçinin Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi də Dağlıq Qarabağ probleminin həlli istiqamətində diplomatik səylərin artmasından məmnunluq ifadə edib. İndi Cənubi Qafqazda mövcud münaqişələrin, daha çox da Dağlıq Qarabağ probleminin həll edilməsi arzusunda olan bütün tərəflər yaxın vaxtlarda sözügedən problemin yoluna qoyulması istiqamətində ciddi dönüşün baş verəcəyinə ümidlidirlər. Hər halda Ermənistan rəhbərliyinin Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevlə görüşü və görüşdən sonra verdiyi nikbin açıqlamalar da belə deməyə əsas verir ki, artıq İrəvan da Dağlıq Qarabağ probleminin həll edilməli olduğu reallığını qəbul edir. Müstəqil ekspert Rövşən Məmmədli isə deyib ki, Azərbayca Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Düşənbədə keçirilən qeyri-rəsmi görüşlərində müzakirə olunan və razılığa gəlinən məsələlər ənənəvi hallar olub. Cəbhə bölgəsində sakitliyə riayət etmək, məsələni sülh yolu ilə həll etmək və s: "Görüşdən sonra Ermənistanın baş naziri Nikol Paşinyan İrəvan mətbuatına deyib: "Görüş qeyri-formal idi, biz ilk dəfə söhbət etdik", sonra isə deyib: "Ermənistan və Azərbaycan müdafiə nazirləri razılığa gəlməlidirlər ki, sərhəddəki hadisələrin qarşısı alınsın". Ermənistan hökumətinin başçısı qeyd edib ki, görüşdən dərhal sonra bu razılaşma barədə Bako Saakyana xəbər verib. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədində və Qarabağ münaqişəsi zonasında istənilən hadisələrin qarşısı alınmalıdır". Ekspertin söğzlərinə görə, ən diqqət çəkəni və təəccüblüsü odur ki; Nikol Paşinyan daha sonra dörd ay ərzində ilk dəfə sərhəddə heç bir hadisə baş vermədiyini vurğulayıb. O, qeyd edib ki, mənim baş nazirliyim dövründə ilk dəfə gecə sakit keçib.  Bu vurğulamanın məzmununa fikir verin. Nikol Paşinyan öz Baş Nazirliyi dövründə ilk dəfə gecənin sakit keçməsini deməklə, işarə edir ki, Dağlıq Qarabağ da elə onun idarəçiliyi altındadır və Dağlıq Qarabağdakı "məmurlar", hərbçilər onun tapşırıqları ilə hərəkət edirlər, baş nazirin əmrlərini yerinə yetirirlər. Elə  Qarabağ səmasında son günlər uçan hərbi təyyarələr də onun tapşırığı ilə güc namayiş etdirirlər". Rövşən Məmmədli deyib ki, görüş zamanı Dağlıq Qarabağın gələcək taleyi ilə bağlı hansısa danışığın olub-olmaması haqda məlumat verilmir: "Bizə isə artıq Qarabağda cəbhə xəttində sakitliyin bərpası yox, Qarabağın bütövlükdə Azərbaycan dövlətinin tərkibinə qaytarılması gərəkdir. Çünki, bu bizim həm tarixi, həm də hüquqi haqqımızdır və kimsə bu haqqı xalqımızdan ala bilməz. Bu cür danışıqlar daha səbri tükənmiş Azərbaycan xalqına sərf etmir. Odur ki, hər kəs Vətən qarşısında öz borcunu yerinə yetirməyin vaxtının çatdığını nəzərə almalı və vaxt itirmədən Dağlıq Qarabağı Ermənistanın işğalından azad etməlidir. Paşinyanın baş nazir olduğu dövrdəki Dağlıq Qarabağla bağlı bütün hərəkət və bəyanatları və son görüşlə bağlı bu səpkidə açıqlamaları da daxil olmaqlar çox mötəbər sübut olaraq təsdiq edir ki, Qarabağda heç bir xalq hərəkəti olmayıb. Sadəcə orada separatçı hərəkat təşkil etməklə Ermənistan Rusiyanın birbaşa dəstəyi ilə Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu işğal edib. Bir milyon azərbaycanlını 70 min gəlmə erməniyə görə 25 il vətəninə həsrət qoymaq heç bir beynəlxalq hüquqa sığmadığı kimi, heç bir vicdana da sığmır. 70 min erməni orada yaşadığı kimi bir milyon da geri qayıdıb öz vətənində yaşayıb, orada ölmək istəyir. Bunu sadəcə olaraq anlamaq lazımdır".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31