Politoloq: "Ermənistan hazırda özünə dəstəkçi axtarır"

"Frankfoniyanın əsasında Fransiz dili amili durur. Ermənistanın da fransız dilli ölkə olmadığını nəzərə alsaq, bu ölkədə Frankafoniya sammitinin keçirilməsi mühüm əhəmiyyət kəsb etmir".

Bu fikirləri politoloq Fikrət Sadıqov deyib.

Təşkilat üzvlərinin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını tanıdığını, bir çox hallarda qəti şəkildə pislədiyini deyən politoloq söyləyib ki, sammitin Ermənistanda keçirilməsi onların bu fikirlərindən daşındığı mənasına gəlmir: "Sammitin Ermənistanda keçirilməsində çox güman ki, diaspora ilə bağlı olan məsələdir. Biz Fransada erməni təzyiqi altında fəaliyyət göstərən bir sıra təşkilatların olduğunu da bilirik".

Politoloq qeyd edib ki, əsas məsələ sammitin keçirilməsi deyil, səfalət içində yaşayan, bir sıra problemləri olan Ermənistanın buna ev sahibliyi etməsi məsələsidir: "Ermənistan bir ölkə olaraq, hazırda acınacaqlı vəziyyətdədir. Öz vətəndaşlarını dolandırmağa imkanı çatmayan bir ölkənin hazırkı vaxtda qonaq qəbul etməsi üçün nə maddi imkanı, nə də şəraiti var".

F. Sadıqov qeyd edib ki, hər zaman təxribatçı əməllərə əl atan Ermənistan ölkəsində keçiriləcək tədbiri siyasiləşdirməklə öz məqsədləri üçün istifadə edə bilər: "Ermənistan bu cür təşkilatların öz maraqları xeyrinə işləməyə, özlərinə cəlb etmək üçün istənilən addımı ata bilər. Çünki, çətin vəziyyətdə olan Ermənistan hazırda özünə dəstəkçi axtarışında olduğu üçün bu sammitdən istifadə edərək ölkəmizə qarşı propaqanda məqsədli addımlar ata bilər".

Politoloq əlavə edib ki, Ermənistanın sammitdən istifadə edərək ölkəmizə qarşı hər hansı addım atmaq niyyəti baş tuta bilməz: "Çünki, sammitdə iştirak edən üzv dövlətlər arasında Azərbaycana dost münasibətdə olan İslam Əməkdaşlıq Təşkilatı üzv dövlətləri, Avropa və Asiya ölkələri də var. Hesab edirəm ki, onlar buna mane ola bilərlər".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31