"Ermənistanın Gürcüstana xəyanəti işğalçılıq siyasətindən xəbər verir"- RƏY
3 Oktyabr 2018 13:21 Siyasət"Ermənistanın bütün tarixi, eləcə də dövlət kimi formalaşmasının qonşulara qarşı ərazi iddiaları üzərində qurulduğunu nəzərə alsaq, Ermənistan dövlətinin var olduğu müddətdə onun qonşu dövlətlərə qarşı ərazi və başqa xarakterli iddialarının davamlı şəkildə özünü göstərəcəyi qənaətinə gəlmək olar".
Bu fikirləri "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev Ermənistanın Gürcüstana qarşı ərazi iddiaları ilə çıxış etməsinə münasibət bildirərkən deyib.
O bildirib ki, Ermənistan dövləti yarananda onun torpaqlarının böyük hissəsi Azərbaycandan, müəyyən bir hissəsi isə Gürcüstandan kəsilib.
Baş redaktor söyləyib ki, Ermənistanın bu gün də Azərbaycanla bərabər digər, qonşu region dövləti olan Gürcüstana qarşı ərazi iddiaları ilə çıxış etməsi, onun tarixdə "Böyük Ermənistan" yaratmaq xülyalarından hələ də əl çəkmədiklərini və hakimiyyətdə kimin olmasından asılı olmayaraq hər zaman bu strategiyanı həyata keçirmək niyyətində olduqlarını bir daha ifadə edirlər: "Gürcüstanın bəzi bölgələrində, o cümlədən Cavaxetiya və ermənilərin nisbətən artıq sayda yığcam yaşadıqları yerlərdə həmişə Gürcüstanın mərkəzi hakimiyyətinə qarşı müxtəlif separatçı xarakterli addımlar atılıb, işlər görülüb və bunlar bu gündə davam etdirilir".
A.Quliyev qeyd edib ki, Gürcüstanın daxilində onun ərazi bütövlüyünün pozulmasına səbəb olan separatçı rejimlərlə Ermənistanın ya bir başa, ya da özünün əlaltıları vasitəsilə əlaqə saxlaması bu ölkənin qonşulara qarşı təcavüzkar, separatçı siyasətinin və ərazi iddialarının bariz nümunəsidir: "Bilirsiniz ki, Gürcüstanda Abxaziya, Osetiya adlı separatçı qurumlar var. Bu gün Dağlıq Qarabağ ərazisində yaşayan ermənilər Azərbaycanın daxilində faktiki olaraq separatçı qurum rolunu oynamaqla, Ermənistanın himayəsi altında ölkəmizin ərazi bütövlüyünü pozub. Maraqlıdır ki, Ermənistan keçmiş SSRİ məkanında yaranan və dövlətlərin ərazi bütövlüyünü pozan, separatçı rejimlərin arasında qanunsuz əlaqələrin yaranması və formalaşmasında xüsusi aktivlik göstərir. O cümlədən Dağlıq Qarabağla Abxaziyanın, Dnestryani Respublikanın, Cənubu Osetiya arasında münasibətlərin yaranmasını Ermənistan dövləti dövlət səviyyəsində himayə edir. Bu, himayəçilikdə məqsəd həm özlərinin işğalçılıq, təcavüz siyasətini haqq qazandırmaq, həm də separatçı bölgələrin gələcəkdə dünyada, heç olmasa regionda tanınmasına şərait yaratmaqdır. Ona görə, Ermənistanın bu gün Gürcüstana qarşı ərazi iddialarının müxtəlif formalarda özünün göstərməsi, o cümlədən separatçı Abxaziya rejiminin 25 illiyinin qeyd olunması tədbirlərində xüsusi canfəşanlıq göstərməsi təsadüfi deyil və bu Ermənistanın qonşulara qarşı tarixi kökləri olan təcavüzkar və işğalçılıq siyasətindən xəbər verir".
SİA