"Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir" - ŞƏRH

"Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən görüş rəsmi format çərçivəsində baş tutmayıb. Bu sadəcə olaraq bir söhbət idi. Bu söhbətə də təşəbbüsün Paşinyan tərəfindən gəldiyi bildirildi. Bununla bağlı yayılan video kadrlarda da hər şey açıq-aşkar görünür. Buna zərurət yaradan faktorların sayı kifayət qədərdir. Əvvəla bildiyiniz kimi Ermənistan baş nazirinin hərbi ritorikası və verdiyi ziddiyyətli bəyanatlar bütövlükdə danışıqlar prosesini ciddi şəkildə şübhə altına alırdı. Bununla da bağlı təbii ki, Azərbaycanın adekvat addımları ortada idi".

Bunu  siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, ölkəmiz bir tərəfdən beynəlxalq müstəvidə diplomatik səylərini genişləndirir, Ermənistanın yürütdüyü qeyri-konstruktiv siyasətin mahiyyətini ortaya qoyur digər tərəfdən isə beynəlxalq ictimaiyyətdən, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən Ermənistana qarşı adekvat tədbirlər həyata keçirməsini tələb edirdi: "Şübhəsiz ki, Azərbaycanda keçirilən Hərbi Parad, bundan isə baş tutan təlimlər bütün bu faktların kifayət qədər ciddi rezonans doğurması Ermənistandakı psixoloji gərginliyi daha da artırması ilə bağlı idi. Başqa önəmli məqam isə Ermənistan Silahlı Qüvvələrinin təxribatlarına qarşı Azərbaycanın atdığı addımlar və düşmən ölkənin itkilərə məruz qalması ilə bağlı faktor idi. Bu baxımdan da şübhəsiz ki, danışıqlar prosesinin pozulmasına Ermənistan cəhd göstərmişdi. Ermənistanın da yürütdüyü siyasət bütövlükdə regionda sülhün, əminamanlığın, təhlükəsizliyin təmin olunmasına maneə yaradırdı. Eyni zamanda işğal faktına son qoyulması ilə bağlı aparılan danışıqları şübhə altına alırdı. Belə bir şəraitdə atəşkəs rejiminə əməl olunması ilə bağlı müəyyən mexanizmlərin yaradılması, təmasların artırılması məsələsinin gündəmə gətirilməsi, eyni zamanda danışıqların davam etdirilməsinə sadiqliyin nümayiş etdirilməsi şübhəsiz ki, əhəmiyyətli faktordur.

Ermənistan da öz üzərinə düşən öhdəlikləri yerinə yetirməli - BMT qətnamələrinin tələblərinə əməl etməli, eyni zamanda danışıqlar prosesində münaqişənin ədalətli həlli istiqamətində adekvat addımlar atılmalıdır. Əks təqdirdə Azərbaycan uzun müddət gözləməli olmayacaq. Bu həm də Azərbaycan dövlətinin mövqeyidir. Cənab Prezident İlham Əliyev də bunu açıq şəkildə ifadə edib. Hesab edirəm ki, Düşənbədə keçirilən görüşdə Ermənistan tərəfinin son ritorikası və danışıqların formatını dəyişmək cəhdi bütövlükdə iflasa uğradı. Bu isə danışıqlar prosesinin davam etdirilməsi deməkdir".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31