Azərbaycanın xarici siyasətində əldə edilən uğurlar
3 Oktyabr 2018 12:57 Siyasətİlham Əliyevin xarici səfərləri bu sahədə xüsusi əhəmiyyət kəsb edir
Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş xarici siyasət nəticəsində Azərbaycan diplomatiyası çoxsaylı uğurlara imza atıb. Sirr deyil ki, İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycan diplomatiyasının ən zəruri vəzifələrindən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərimizin toxunulmazlığı əsasında öz həllini tapması olmuşdur. Dövlət başçısının siyasi iradə nümayiş etdirməsi və məntiqli xarici siyasəti nəticəsində ölkəmizin mövqeyi nüfuzlu beynəlxalq təşkilatlar və dünya birliyi tərəfindən daha çox qəbul edilir. Məhz bunun nəticəsidir ki, 2008-ci il mayın 14-də BMT Baş Məclisinin 62-ci sessiyasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı mühüm bir qətnamə qəbul edildi. Bu fakt bir daha təsdiqlədi ki, dünya birliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə tərəfdardır. Onu da qeyd edək ki, Azərbaycan diplomatiyasının uğurları yalnız BMT ilə deyil, digər nüfuzlu təşkilatlarla da sıx əlaqə yaratmasına imkan verib. Bu sırada Azərbaycanın ATƏT, İslam Konfransı Təşkilatı, Avropa Şurası, GUAM, Avropa İttifaqı, NATO və digər tanınmış beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməsi xüsusi qeyd olunmalıdır. Azərbaycan Prezidentinin xarici siyasəti xalqımızın mənafeyini, müstəqil dövlətimizin inkişafını və perspektivlərini müəyyənləşdirir. Bununla yanaşı, ölkənin milli və enerji təhlükəsizliyinin təmin edilməsi məsələsi də dövlət başçı tərəfindən həyata keçirilən ən mühüm vəzifələrdən biridir. Etiraf edilməlidir ki, Azərbaycan dövlət başçılarının xarici ölkələrə səfələri, nüfuzlu beynəlxalq təşkilatların tədbirlərində iştirakı ölkənin xarici siyasətində xüsusi əhəmiyyət kəsb edir.
Yeri gəlmişkən qeyd edək ki, təkcə ötən ay Azərbaycan prezidenti Xorvatiya Respublikası, Qırğız Respublikası və Rusiya Federasiyasına səfərlər edib, Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib. Məhz bu kimi səfərlər ikitərəfli əlaqələrin inkişafı ilə yanaşı, beynəlxalq təşkilatlarla da münasibətlərin inkişafına təkan verir. Təsadüfi deyil ki, Azərbaycan prezidenti İlham Əliyev Xorvatiya Respublikasına səfəri zamanı qeyd edib ki, Avropa İttifaqı-Azərbaycan əlaqələri uğurla inkişaf edir: "Bu ilin iyul ayında Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında "Tərəfdaşlıq prioritetləri" sənədi imzalanmışdır. Bu, yeni Sazişin imzalanması üçün çox önəmli bir addımdır. Hazırda Avropa İttifaqı və Azərbaycan yeni Saziş üzərində işləyir. İşlər yaxşı gedir və Xorvatiya həmişə bizim Avropa İttifaqı ilə əməkdaşlığımızı dəstəkləmiş və öz dəyərli töhfəsini vermişdir. Avropa İttifaqı ilə bizim əlaqələrimiz bir çox sahələri əhatə edir, siyasi islahatlar, iqtisadi əməkdaşlıq, enerji əməkdaşlığı və nəqliyyat sahəsindəki əməkdaşlıq. Azərbaycan bu sahədə də öz töhfəsini verir. Azərbaycanın NATO ilə əməkdaşlığı yüksək səviyyədədir. Mənim NATO-ya çoxsaylı rəsmi səfərlərim olmuşdur. Yaxın keçmişdə Azərbaycan Əfqanıstanda "Qətiyyətli dəstək" missiyasındakı öz hərbi kontingentinin sayının artırılması ilə bağlı qərar qəbul etmişdir. Artıq 120 azərbaycanlı hərbçi Əfqanıstanda xidmət göstərir. Eyni zamanda, "Qətiyyətli dəstək" missiyasının təmin olunması üçün Azərbaycan öz hava məkanını və nəqliyyat infrastrukturunu təqdim edib. Bu da missiyanın uğurla davam etməsi üçün çox önəmli məsələdir".
Bir daha qeyd edək ki, Azərbaycan Prezidenti mövcud beynəlxalq təhlükəsizlik sisteminin təməl daşı olan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasət həyata keçirir. Digər dövlətlərin suverenliyi, ərazi bütövlüyü və daxili işlərinə qarışmamaq Azərbaycanın başqa ölkələrlə qarşılıqlı əlaqələrində başlıca prinsipdir. Dövlət başçısının müstəqil dövlətimizin milli maraqlarının təmin olunmasına və onun qlobal, habelə regional mövqeyinin möhkəmləndirilməsinə yönələn xarici siyasət prioritetləri Azərbaycanın ərazi bütövlüyünün bərpası, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, ölkəmizin təhlükəsizliyi ilə bağlı narahatlıq doğuran təxirəsalınmaz məsələlərin həllidir. Bir daha qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi danışıqların ilk günlərindən dəyişməz olaraq qalır. Prezident İlham Əliyev qətiyyətlə bildirib ki, münaqişənin aradan qaldırılması üçün erməni hərbi qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması, bu ərazilərdə Azərbaycanın pozulmuş suveren hüquqlarının bərpası, məcburi köçkünlərin öz doğma ocaqlarına qaytarılması, Azərbaycanın Dağlıq Qarabağ regionunda ölkənin hərtərəfli iqtisadi inkişafı çərçivəsində kommunikasiyaların bərpası və sosial-iqtisadi inkişafı üçün şərtlərin müəyyən olunması, qanuni və demokratik proses çərçivəsində Dağlıq Qarabağ regionunda Azərbaycan və erməni icmalarının dinc yanaşı yaşamasını, Azərbaycan Respublikasının tərkibində muxtariyyətini təmin edəcək statusun müəyyənləşdirilməsindən başqa yol yoxdur. Qətiyyətlə demək olar ki, dövlət başçılarının qarşılıqlı səfərləri Azərbaycanın sözügedən ümumilli probleminin həllinə öz töhvəsini verəcək. Bu məsələdə Rusiyanın rolu xüsusilə vurğulanır.
Millət vəkili Eldar İbrahimov bildirib ki, Azərbaycan-Rusiya əlaqələri yüksələn xətlə inkişaf edir. Rusiya Prezidenti Vladimir Putinin sentyabrın 27-də Azərbaycana səfəri yüksək səviyyədə baş tutdu. Bu, Vladimir Putinin Azərbaycana son 5 il ərzində 4-cü səfəri, son 1 ayda isə Azərbaycan Prezidenti İlham Əliyevlə ikinci görüşü idi. Belə səfərlər Azərbaycanın xarici siyasətində, xüsusən Dağlıq Qarabağ probleminin həllində vacib rol oynayır. E.İbrahimov bildirib ki, cənab Putinin səfəri əvvəlcədən elan edildiyi kimi Azərbaycanda keçirilən cüdo üzrə dünya çempionatını izləmək və IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasiminə qatılmaq olsa da, təbii ki, bu səfərdə və səfər zamanı iki dövlət başçısının keçidiyi təkbətək görüşdə digər bir sıra mühüm məsələlər də müzakirə mövzusu oldu. Dövlət başçıları münasibətlərin yüksək səviyyəsindən, əldə edilən iqtisadi, siyasi, ticari, mədəni-humanitar uğurlardan, onların davam etdirilməsdindən, əlaqlərin gələcək inkişafından bəhs ediblər. Ən əsası bu qarşılıqlı mübasibətlərin və əlaqələırin hər iki xalqın və dövlətin mənafelərinə cavab verməsindən məmnunluq ifadə olunub. YAP İdarə Heyətinin üzvü qeyd edib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllində vacib rol oynayır. Onun sözlərinə görə, işğalçı Ermənistanın yeni hakimiyyəti Rusiyaya qarşı səmimi deyil. Buna görə də, Rusiyanın bu münaqişənin ədalətli həlli istiqamətində səylərinin artıracağı gözləniləndir:"Ermənistanın avantürist baş naziri Paşinyan BMT-nin ali kürsüsündən erməni mahiyyətinə uyğun çıxış etdi. Hər bir sülhsevər dövlət bu çıxışı pisləməlidir. Paşinyan artıq özünün avanturist mövqeyindən geri çəkilməkdədir. Tacikistanda keçirilən MDB dövlət başçılarının sammitində bu fakt özünü göstərdi. Bildiyiniz kimi sammit çərçivəsində Prezident İlham Əliyevlə Ermənistanın baş naziri söhbət ediblər. Söhbət zamanı təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılması, danışıqlar prosesinin davam etdirilməsi qərara alınıb. İndiyə qədər Paşinyan Dağlıq Qarabağ separatçılarının danışıqlarda iştirakından danışırdı. Artıq Azərbaycanın güclü mövqeyi nəticəsində o, öz mövqeyindən geri çəkildi. Bu fakt Azərbaycan diplomatiyasının növbəti uğurudur".
Zəka