"Azərbaycan tərəfi səbrlə prosesin davamını gözləyir"- AÇIQLAMA
2 Oktyabr 2018 18:35 Siyasət"Ermənistanda daxili vəziyyət dəyişməz olaraq qalır. Xalqın etimadını doğrulda bilməyən rəhbərin olması Ermənistanda vəziyyəti daha da gərginləşdirməkdə davam edir. Kimin nə düşündüyündən asılı olmayaraq, beynəlxalq hüququn və zamanın öz tələbləri var. Paşinyan beynəlxalq hüquq və normalara riayət etməsə, onun durumu daha da ağırlaşar".
Bu fikirləri Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.
Onun sözlərinə görə, hazırkı vəziyyətdə Ermənistan hakimiyyəti ölkəni xilas etmək üçün addım atmalıdır: "Məsuliyyətsiz bəyanatlara, ölkənin daxilinə hesablanan, Qarabağ kartı üzərindən mövqeyini möhkəmləndirmək kimi addımlara son qoyulmalıdır. Güman edirəm ki, Ermənistan xalqının halına yanan, onu çətin durumdan qurtarmaq istəyən hər bir erməni rəhbəri Azərbaycan torpaqlarının işğalından imtina etməlidir. Paşinyanın sələfləri Dağlıq Qarabağ kartı üzərində 25 il hakimiyyətdə qaldılar. Lakin hazırkı Ermənistan rəhbərliyi üçün bu, mümkün olmayacaq".
Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların ATƏT-in Minsk qrupu çərçivəsində aparıldığını dilə gətirən F.İbrahimli söyləyib ki, ötən müddətdə heç bir irəliləyiş əldə olunmasa da, Azərbaycan tərəfi beynəlxalq hüquq normalarına sadiq qalaraq, səbirlə bu prosesin davamını gözləyir.
Azərbaycan Prezidenti İlham Əliyev və Paşinyanın Düşənbədə baş tutan MDB Dövlət Başçıları Şurası çərçivəsində keçirilən görüşünə toxunan deputat qeyd edib ki, görüş zamanı təmas xəttində və Ermənistanla sərhəddə insidentlərin qarşısının alınması üçün operativ əlaqə mexanizmlərinin yaradılması barədə əldə edilmiş razılaşma mühüm idi: "Ümumiyyətlə, bu görüşlərin keçirilməsi lazımlıdır. Müharibələrin sonu danışıqlar, görüşlərlə bitir. Sadəcə tərəf müqabil kimi etibarsız hakimiyyətdən nə isə ummaq çox çətindir".
SİA