Demokratik prinsipli parlament
Bahar Muradova: “AXC hökuməti və parlamenti qarşısına qoyduğu hədəflərə çatmaq üçün ölüm-dirim savaşına girmişdi”
20 Sentyabr 2018 12:43 SiyasətBahar Muradova: "AXC hökuməti və parlamenti qarşısına qoyduğu hədəflərə çatmaq üçün ölüm-dirim savaşına girmişdi"
100 il bəşər tarixi üçün o qədər də böyük rəqəm olmasa da, ilk demokratik cümhuriyyət elan etmiş Azərbaycan xalqının həyatında taleyüklü qərarların verilməsi və onların yerinə yetirilməsi üçün kifayət qədər əhəmiyyətli və mühüm hadisələrin yaşanması baxımından vacib bir dönəmi əhatə edir. Qədim dövlətçilik təcrübəsinə malik, zəngin tarixi keçmişi, özünəməxsus mədəniyyəti və dünyagörüşü ilə seçilən xalqımız tariximizin ayrı-ayrı mərhələlərində öz dövlətlərini yaratmış, eləcə də müxtəlif imperiyalar tərkibində yaşamağa məcbur olmuşdur. Hər zaman malik olduğu bütün sərvətləri imkana, müstəqillik əldə etmək, öz dövlətinə sahib olmaq istək və arzularını isə reallığa çevirmək istiqamətindəki səylərini nəticəyə yönəlmiş fəaliyyət və siyasətlə möhkəmləndirməsi səbəbindən müsəlman Şərqinin ilk respublikasını qurmağı bacarmışdır. Bu, bizim son 100 ildə ən böyük nailiyyətimiz, ən başlıca sərvətimizdir. Millət vəkili, Milli Məclisin sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova qeyd edib ki, çox mürəkkəb bir tarixi şəraitdə, XX yüzilliyin əvvəllərində yeni dünya nizamının formalaşdığı bir vaxtda Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bütün dünyada təşəkkül tapmış mütərəqqi ideyaların regionda, o cümlədən Azərbaycanda da mədəni, elmi və iqtisadi yüksəlişə gətirib çıxarması ilə yanaşı, milli özünüdərkin güclənməsinə şərait yaratmasının məntiqi nəticəsi idi.Cümhuriyyətin 85 illiyi münasibətilə xalqa müraciət edən ulu öndər Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi kimi xarakterizə edirdi. "...İlk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Gördüyü bir sıra məqsədyönlü işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir", - deyən Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki rolunu yüksək qiymətləndirmişdir.
Rusiya imperiyası ərazisində yaranmış mürəkkəb geosiyasi, iqtisadi və hərbi kataklizmlərin doğurduğu vəziyyətdən istifadə edərək Azərbaycanın siyasi elitası müstəqil milli dövlətçilik naminə birləşə bildi. Rusiya seçkili orqanlarında təmsilçiliyin müxtəlif səviyyə və mərhələlərində əldə edilmiş çox vacib təcrübədən müstəqil dövləti bəyan etmək, onun atributlarını yaratmaq, "İstiqlal Bəyannaməsi"ni qəbul etməklə üzərinə götürdüyü şərəfli vəzifələri yerinə yetirmək istiqamətində atılan addımlar müxtəlif siyasi cərəyan, partiya və ictimai birliklərin təmsilçilərinin vahid amal uğrunda birliyinin və bu birliyə xalq kütlələrinin dəstəyi nəticəsində mümkün oldu.
Azərbaycan parlamentarizmi tarixində başlanğıc sənəd olan "İstiqlal Bəyannaməsi"ndə nəzərdə tutulan bütün millətlərlə, xüsusilə qonşu dövlətlər və onların xalqları ilə mehriban münasibətlər zəminində qurulacaq əlaqələr, öz ərazisində yaşayan bütün millətlərə sərbəst inkişaf üçün yaradılacaq şərait, tam hüquqlu müstəqil dövlət quruculuğuna milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi və vətəndaşlıq hüququnu tanımaqla hər kəsin iştirakının təmin olunacağına dair dövlətin öhdəlikləri müəyyənləşdirilirdi.
Xalq hakimiyyəti və vətəndaşların bərabərliyi prinsiplərinə əsaslanaraq Azərbaycan Xalq Cümhuriyyəti min illərlə insanlar arasında mövcud olmuş bərabərsizliyi aradan qaldırdı. Hər kəsin şüuruna və qəlbinə azadlıq, müstəqillik, öz taleyinə sahiblik hissini aşılamaqla milli mücadiləyə böyük təkan verdi.Yüz illərlə tərkibində yaşadığı Çar Rusiyası dağıldıqdan, imperiya çökdükdən sonra Zaqafqaziya seymindən başlanan ictimai-siyasi, tarixi dəyişikliklər demokratiya və müstəqillik uğrunda gedən mübarizə və mücadilələrin məntiqi sonluğu olaraq müstəqil Azərbaycan dövlətini tarixin təkzibolunmaz faktı kimi təsdiq etdi. Özü özlüyündə Azərbaycan xalqının əldə etdiyi nailiyyət olmaqla AXC-nin qurulması bütövlükdə Müsəlman Şərqinin həyatında respublika ideyasına əsaslanan düşüncə və idarə üsulunu gətirmək, milli azadlıq və müstəmləkədən xilas olmaq üçün bir örnək rolunda çıxış etdi.Yaxın-uzaq dövlətlərlə aparılan sülhsevər siyasət, qarşılıqlı əməkdaşlığa və bir-birlərinin hüquqlarına hörmətə əsaslanan əlaqələr nəticəsində dünya birliyi tərəfindən tanınması və qəbul olunması Azərbaycan Xalq Cümhuriyyətini qısa müddətdə beynəlxalq hüququn subyektinə çevirdi. Parlamentli respublika üsuli-idarəsinin seçilməsi isə Azərbaycan-Türk şüurunda və həyat tərzində min illərlə mövcud olmuş məşvərət mədəniyyətinin qədim dövlətçilik ənənəsindən müasir demokratik dövlət quruculuğu prosesinin əsas prinsipi kimi təsdiq etməklə müstəqil Azərbaycan dövləti ilə sivil dünya arasında etibarlı əlaqələrin əsas istinadgahı kimi böyük rol oynadı.1918-ci il mayın 27-də özünü Azərbaycan Milli Şurası elan etmiş AXC qurucuları istər Milli Şura, istərsə də Xalq Müvəqqəti hökuməti çərçivəsində fəaliyyətləri zamanı ölkə həyatı üçün çox vacib addımlar atdılar. Azərbaycanın ilk parlamenti və hökuməti təşkil edildi. Qısa müddətdə ölkənin ərazi bütövlüyünü, təhlükəsizliyini təmin etməli olacaq o zamankı dövr üçün yüksək döyüş qabiliyyətli ordu hissələri yaradıldı. Azərbaycanın dövlət dili, təhsili, mədəni yüksəlişi, iqtisadiyyatı və kənd təsərrüfatı sahəsinin inkişafı üçün əhəmiyyətli qanunlar qəbul edildi. Bakı şəhərinin yadelli qüvvələrdən azad edilməsi uğrundakı səylər öz səmərəsini verdi. Daşnak, eser, menşevik və s. qüvvələrdən ibarət Sentro Kaspi diktaturası da Bakı Soveti kimi Qafqaz İslam Ordusunun hücumlarına tab gətirməyərək süquta uğradı. Bakı şəhəri 1918-ci il sentyabrın 15-də azad edildikdən sonra Azərbaycan hökuməti əvvəl Tiflis, daha sonra isə Gəncə dövrü fəaliyyətini daha geniş şəkildə davam etdirmək üçün paytaxt Bakıya köçdü.
Milli Şuranın paytaxtda fəaliyyətini bərpa etməsindən sonra isə əsas diqqət Cümhuriyyət Parlamentinin yaradılması prosesinə yönəldildi. Bir sıra vacib tədbirlər həyata keçirildi, hüquqi çərçivələri müəyyən edən əhəmiyyətli sənədlər, xüsusilə Azərbaycan Parlamentinin təşkili haqqında qanun layihəsi üzərində iş başa çatmaqla Parlamentin formalaşmasına başlanıldı. İlk iclas 1918-ci il dekabrın 7-də keçirildi. Çoxpartiyalı əsasda çağırılan parlamentin işi xüsusi olaraq hazırlanmış nizamnaməyə əsasən demokratik prinsiplərə uyğun şəkildə qurulurdu. Qanunlar bir qayda olaraq geniş müzakirə və işgüzar fikir mübadiləsi əsasında aparılmaqla 3 oxunuşda qəbul olunurdu. 1920-ci ilin aprel ayının 27-dək 145 iclas keçirilmiş, 270-dən çox qanun layihəsi müzakirə olunmuş, 230-u qəbul olunmuşdu.Çox çətin və mürəkkəb bir bölgədə, eləcə də bu region və onun sərvətləri uğrunda gedən ziddiyyətli mübarizələr fonunda AXC hökuməti və xüsusilə Parlamenti qarşısına qoyduğu hədəflərə çatmaq üçün ölüm-dirim savaşına girmişdi. Bu savaş ilk növbədə müasir, dünyəvi, demokratik düşüncə ilə yoxdan bir dövlət qurmaq istəyən öncüllərlə öz həyatını bu ideyaların reallaşması naminə dəyişmək iqtidarında olmayan kəsimin, yəni əhalinin vətəndaşa çevrilməsi prosesinə hazır olmayanların arasında gedirdi.Cənubi Qafqaz regionunda kəskinləşən daxili ziddiyyətlər, erməni silahlı dəstələrinin mülki azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar, bunun ardınca Erməni Milli Şurasının müraciətinə əsasən İrəvanın güzəştə gedilməsindən sonra sülh əldə ediləcəyinə olan ümidlərin puça çıxması, daxili ziddiyyətlərlə bərabər xarici təcavüzkar həmlələrə də davam gətirmək getdikcə çətinləşirdi.Bolşevik Rusiyasının yeritdiyi siyasətin əsas məqsədi isə, əlbəttə ki, əvvəlki sərhədlərini bərpa etmək, Milli hökumətləri süquta uğratmaq idi. Ağır, üzücü müharibə Qarabağ ətrafında davam edən əsassız ərazi iddialarının körüklənməsi hesabına gənc müstəqil respublikanı taqətdən salmış, müdafiə və təhlükəsizlik sahəsindəki imkanlarını heçə endirmişdi.
Cəmi 23 aylıq ömrü olsa da, bolşevik Rusiyasının təcavüzünə məruz qalaraq 1920-ci il aprelin 28-də işğal edilən Azərbaycan milli dövlətinin milyonların şüurunda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Sovet Rusiyasının XI Qızıl Ordu dəstələrinin müdaxiləsi və qanlı əməliyyatları nəticəsində çökdürülən AXC Parlamenti də fəaliyyətini dayandırdı. Birinci Respublika və onun parlamenti tarixin qapalı səhifələrinə, istiqlal məfkurəsi isə müstəqil dövlət arzusunu reallaşdırmağı özünə amal seçmiş insanların qəlblərinə və düşüncələrinə köçdü. Azərbaycanda bütün hakimiyyət inqilab komitəsinə keçdi. Əlbəttə ki, bütün qərarlar və göstərişlər real hakimiyyət orqanı olan K(B)P-ın yerli orqanı Azərbaycan K(B)P Mərkəzi Komitəsi tərəfindən verilirdi və onun iradəsindən kənarda heç nə baş verə bilməzdi.
Alim