Uğurlu xarici siyasət kursu yeni əməkdaşlıq imkanları yaradır

Yaxud Moskva və Zaqrebdə imzalanan sənədlərin gələcək perspektivləri Azərbaycana olan beynəlxalq maraq gündən-günə artmaqdadır. Həm ölkəmizin əlverişli coğrafi məkanda yerləşməsi, həm də rəsmi Bakının regional və qlobal əhəmiyyətli layihələrin təşəbbüskarı və iştirakçısı olması bu marağı şərtləndirən başlıca amillərdəndir. Burada diqqət çəkən əsas məqam ondan ibarətdir ki, ölkəmizə olan beynəlxalq maraq birqütblü deyil. Yəni, Azərbaycana olan maraq yalnız Rusiya, Qərb, yaxud Avropa ilə kifayətlənmir.

Yaxud Moskva və Zaqrebdə imzalanan sənədlərin gələcək perspektivləri

Azərbaycana olan beynəlxalq maraq gündən-günə artmaqdadır. Həm ölkəmizin əlverişli coğrafi məkanda yerləşməsi, həm də rəsmi Bakının regional və qlobal əhəmiyyətli layihələrin təşəbbüskarı və iştirakçısı olması bu marağı şərtləndirən başlıca amillərdəndir. Burada diqqət çəkən əsas məqam ondan ibarətdir ki, ölkəmizə olan beynəlxalq maraq birqütblü deyil. Yəni, Azərbaycana olan maraq yalnız Rusiya, Qərb, yaxud Avropa ilə kifayətlənmir. Eyni zamanda Asiyadan, Şərqdən də ölkəmizə kifayət qədər maraq göstərilir. Adlarını qeyd etdiyimiz regionda yerləşən ölkələr Azərbaycanla ikitərəfli əlaqələri inkişaf etdirməyə, qarşılıqlı faydalı əməkdaşlığı daha da yüksək səviyyəyə qaldırmağa maraq göstərirlər.  Bütün bunlar isə yuxarıda qeyd etdiyimiz kimi Azərbaycanın həyata keçirdiyi düzgün xarici siyasət kursu, balanslaşdırılmış siyasətlə bağlıdır. Heç şübhəsiz ki, bu da öz növbəsində Azərbaycan diplomatiyası üçün müsbət dividentlər gətirir.

Son bir neçə gün də Azərbaycanın xarici siyasəti, diplomatiyası üçün uğurlu oldu desək yanılmarıq. Azərbaycanın dövlət başçısı Cənab İlham Əliyevin bir neçə xarici ölkədə səfərdə olması, həmin ölkələrdə keçirdiyi səmərəli görüşlər, aparılan danışıqlar, eləcə də səfərlər zamanı imzalanan sazişlər Azərbaycana müsbət dividentlər gətirməklə yanaşı, həmin ölkələrlə ikitərəfli münasibətlərin inkişafına da təkan vermiş oldu, gələcək əməkdaşlıq üçün yeni-yeni imkanlar açdı.

Ötən həftə sonu Azərbaycanın xarici siyasətində ən yadda qalan hadisə dövlət başçısı Cənab İlham Əliyevin Rusiya Federasiyasına səfəri oldu. Azərbaycan dövlət başçısının Rusiya Federasiyasına səfərinə həm şimal qonşumuz, həm Bakının özündə, həm də region ölkələrində xüsusi diqqət yetirilirdi desək yanılmarıq.  Nəzərə alsaq ki, Azərbaycan dövlət başçısının Rusiyaya rəsmi səfərə gedəcəyi anonsunu hələ bu səfərdən xeyli müddət əvvəl, Rusiyada futbol üzrə dünya çempionatının açılış mərasimində azərbaycanlı həmkarı İlham Əliyevlə görüşü zamanı Kreml rəhbəri Vladimir Putin vermişdi, o zaman dövlət başçımızın şimal qonşumuza səfərinə ciddi hazırlıq getdiyi qənaətimiz əsaslandırılmış ola bilər. Bunu isə şərtləndirən başlıca amil Azərbaycanın Cənubi Qafqazda tutduğu mövqe, əldə etdiyi uğurlar, regionun söz sahibinə çevrilməsidir. Bu gün Azərbaycanın Cənubi Qafqazın lider ölkəsi kimi qlobal əhəmiyyətli enerji, nəqliyyat və digər bu kimi mühüm layihələrin təşəbbüskarı, iştirakçısı olması hər bir yaxın və uzaq ölkə kimi Rusiyanın da Azərbaycana olan marağını artırır. Digər tərəfdən Moskva ilə Bakı arasında uzun illərdir ki, yaxın dostluq və qonşuluq münasibətləri mövcuddur. Bu iki ölkə strateji tərəfdaş münasibətlərinə malikdir. Dərin tarixi kökləri olan Rusiya-Azərbaycan münasibətləri günümüzdə hər iki ölkənin siyasi rəhbərliyinin ortaya qoyduğu iradə, səmərəlki fəaliyyət nəticəsində daha da inkişaf etdirilir, yeni mərhələyə qədəm qoyur. Elə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində iki ölkə arasında müxtəlif sahələri əhatə edən 15 sazişin imzalanması da bunun əyani sübutudur.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Soçiyə səfəri zamanı iki ölkə arasında müxtəlif sahələri əhatə edən sazişlər imzalanıb. Belə ki, iki ölkənin dövlət başçılarınn imzaladığı  "Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanat"la yanaşı, "Rosneft" Neft Şirkəti Publik Səhmdar Cəmiyyəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında "Qoşadaş" blokunun və Xəzər dənizi təkinin Azərbaycan hissəsində yerləşən Abşeron yarımadasının dayazsulu şimal hissəsinin neft və qaz potensialının birgə öyrənilməsi haqqında Saziş", "Rosneft" Neft "Azərbaycanda "QAZ" kommersiya avtomobilləri milli yığma istehsalının inkişafı sahəsində əməkdaşlıq haqqında Saziş", "Kiçik və orta sahibkarlığın inkişafı üzrə Federal Korporasiya" Səhmdar Cəmiyyəti ilə "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi" Publik Hüquqi Şəxs arasında qarşılıqlı anlaşma haqqında Memorandum çərçivəsində tədbirlərin reallaşdırılması üzrə Yol Xəritəsi", "Qazprombank" Səhmdar Cəmiyyəti, "Rusiya İxrac Mərkəzi" Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Rusiya Federasiyasından ixracın dəstəklənməsi sahəsində layihələrin birgə reallaşdırılması çərçivəsində strateji əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikasının Hökuməti ilə Rusiya Federasiyasının Hökuməti arasında elektrikötürücü xətlər və boru kəməri vasitəsi ilə keçirilən mallar üzərində gömrük nəzarəti haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında malların hava nəqliyyatı ilə daşınması sahəsində gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında Protokol", "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında idman sahəsində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında rəqəmsal nəqliyyat sistemləri sahəsində əməkdaşlıq haqqında Memorandum", "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi arasında sənaye sahəsində əməkdaşlığın möhkəmləndirilməsi haqqında Saziş", "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında daşınmaz əmlak hüquqlarının qeydiyyatı və kadastr fəaliyyəti sahəsində əməkdaşlıq haqqında Saziş", "Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı" və "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında 2024-cü ilədək əməkdaşlıq Proqramı" imzalanan sənədlər arasında yer alıb. Soçidə imzalanan sənədlərə diqqət etdikdə də, aydın şəkildə görünür ki, enerji resursları, təbii ehtiyatlar, nəqliyyat, eləcə də iqtisadi sahə, sahibkarlığın inkişaf etdirilməsi sahədə əməkdaşlıq iki ölkə arasında  əsas prioritetdir. Və günümüzdə qeyd edilən istiqamətlərdə əməkdaşlıq hər iki ölkənin maraqlarına xidmət edir. Bütün bunlardan irəli gələrək deyə bilərik ki, Azərbaycanla Rusiya Federasiyası arasında imzalanan sazişlər Moskva ilə Bakı arasında münasibətlərdə yeni bir mərhələnin əsasını qoyacaq. Bu sazişlər indiyə qədər iki ölkə arasında mövcud olan siyasi, iqtisadi, mədəni və humanitar sahədə olan əlaqələri daha da inkişaf etdirəcək.

Azərbaycanın beynəlxalq münasibətlər sistemi, xarici siyasət sahəsində atdığı səmərəli addımlardan biri də Avropa ilə münasibətləri inkişaf etdirmək, qarşılıqlı faydalı əməkdaşlığı yeni bir mərhələyə çatdırmaqdır. Bu mənada qoca qitənin ayrı-ayrı ölkələri ilə qurulan əlaqələr, bu əlaqələrin inkişaf etdirilməsi istiqamətində atılan addımlar aydın şəkildə özünü büruzə verir. Onu da xüsusi qeyd etmək lazımdır ki, , Qərb, Avropanın özü də Azərbaycanla əməkdaşlıqda maraqlıdır və bu əməkdaşlığı inkişaf etdirmək üçün Bakıya xüsusi diqqət ayırır. Son bir neçə ay ərzində İtaliya prezidenti, Almaniya kansleri, Serbiya rəhbərliyinin ölkəmizə səfəri müstəvisində bunu aydın görürük.

Bu günlərdə isə Azərbaycanın Avropanın daha bir ölkəsi ilə əlaqələrində irəliyə doğru növbəti addım atıldı. Söhbət Xorvatiya ilə münasibətlərdən gedir. Məlum olduğu kimi bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev xorvat həmkarının dəvəti ilə bu ölkədə rəsmi səfərdə oldu. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç arasında keçirilən təkbətək və geniş tərkibli görüşlərdən sonra  Azərbaycan-Xorvatiya sənədlərinin imzalanması mərasimi olub."Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Xorvatiya Respublikasının Mədəniyyət Nazirliyi arasında 2018-ci, 2019-cu və 2020-ci illər üzrə mədəni əməkdaşlığa dair Proqram", "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Xorvatiya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu imzalanan sənədlər arasında yer alıb. Qeyd edək ki, Azərbaycanla Xorvatiya arasında uzun müddətdir ki, qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur. Avropanın bu ölkəsi də Azərbaycana böyük maraq göstərir və rəsmi Bakı ilə əlaqələrin inkişa etdirilməsində maraqlıdır. Xüsusilə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynaması hər bir Avropa ölkəsi kimi Xorvatiyanın da ölkəmizə olan marağını artırıb. Təsadüfi deyil ki, bu Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin dilindən də açıq şəkildə ifadə edilib. O, bildirib ki, Xorvatiya gələcəkdə bu regionun daha inkişaf etmiş qovşağına çevriləcəkdir: "Bunun üçün biz istərdik ki, Azərbaycanın reallaşdırdığı və bir çox ölkələrin ərazisindən keçən qaz boru kəməri layihəsində də iştirak edək. Bildiyiniz kimi, Adriatik dənizinin sahilində bu layihə çərçivəsində boru kəməri çəkilir. Biz, həmçinin Xorvatiyanın Krk adasında maye qaz terminalının tikintisində maraqlıyıq. Bu, Azərbaycanın enerji bazarlarına çıxışını daha da genişləndirəcək".

Xorvatiyanın Azərbaycana olan marağının artmasını şərtləndirən başlıca amillərdən biri də ölkəmizin qlobal əhəmiyyətli enerji layihılərinin iştirakçısı olması, həmçinin Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevrilməsidir. Azərbaycanın bu məsələdə yeri və rolunun artması ölkəmizə olan beynəxalq marağı artırır. Elə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də Xorvatiyada keçirdiyi görüşlər zamanı bu məqama xüsusi diqqət çəkib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan regionumuzun, Avropanın enerji təhlükəsizliyi məsələlərində öz rolunu oynayır: " Biz daha da fəal rol oynamağa davam edəcəyik və bu mənada Xorvatiya ilə əməkdaşlıq bizim üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan qitələrarası dəmir yolu əlaqəsi layihəsinin də təşəbbüskarı olub və bu da artıq Avropadan Asiyaya və əks istiqamətdə daşınan yüklərin həcminin əhəmiyyətli dərəcədə artmasına gətirib çıxarır. Bütün bu layihələr konkret nəticələri olan layihələrdir və bu layihələr bizi birləşdirir".

Göründüyü kimi xarici siyasət sahəsində atılan addımlar və onun uğurlu nəticələri Azərbaycana müsbət dividentlər gətirir. Rusiya, Xorvatiya, eləcə də digər hər bir ölkə ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində atılan addımlar, imzalanan sazişlər gələcək əməkdaşlıq üçün yeni-yeni perspektivlər açır, imkanlar yaradır. Bu mənada Rusiya və Xorvatiyada imzalanan ikitərəfli sazişlərin də Moskva və Zaqreblə əməkdaşlığın inkişafında mühüm əhəmiyyəöt kəsb edəcəyi istisna deyil.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31