Tarixi razılaşma

Aktauda imzalanan Konvensiya belə xarakterizə edilir

Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı 1996-cı ildən konkret sənəd üzərində aparılan danışıqlar öz məntiqi nəticəsini verdi. Həftə sonu Qazaxıstanın Aktau şəhərində bir araya gələn 5 sahilyanı ölkənin prezidentləri tarixi sənədə imza atdılar. Beləliklə, Aktauda keçirilən V Xəzər samiitinin nəticəsi olaraq Azərbaycan, Rusiya. Qazaxıstan, İran və Türkmənistan dənizin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Konvensiyanı imzaladılar. Aktauda 5 Xəzəryanı ölkə arasında imzalanan Konvensiyanı yüksək qiymətləndirən və tarixi sənəd adlandıran ekspertlər hesab edirlər ki, bu saziş sahilyanı ölkələr arasında daha səmərəli əməkdaşlığa yol açacaq. Millət vəkili Sahib Alıyev deyir ki, Xəzərin hüquqi statusu haqda Konvensiyanı ölkəmiz üçün Azərbaycanla Rusiya arasında dövlət sərhəddi haqqında anlaşma qədər, eləcə də ondan da önəmli bir sənəd hesab edir: "Xatırladıram ki, hər iki məsələ ətrafında danışıqlara 1996-cı ildə başlanılmışdı. On dörd il davam edən danışıqlardan sonra 2010-cu il sentyabrın 3-də "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında" dövlətlərarası müqavilə imzalandı. Moskvanın başında durduğu bütün inteqrasiya modellərində ona ən böyük dəstək verən Qazaxıstanla Rusiya arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası reallaşdırılmadığı halda Azərbaycanın bunu bacarması əlbəttə, böyük diplomatik uğur idi. Və bir sıra reallıqları göz önünə gətirsək, deməliyik ki, bu heç də asan əldə edilən uğur deyildi. Hətta müqavilə bağlanandan sonra belə Rusiyada ən müxtəlif səviyyələrdə bunun əleyhinə fikirlər səslənirdi. Ancaq bu ilin fevralında Azərbaycan-Rusiya dövlət sərhədində ilk sərhəd nişanının quraşdırılmasıyla karvanın keçib mənzil başına çatdığını deyə bilərik". Millət vəkili deyir ki, Xəzərin hüquqi statusuyla bağlı konvensiyada bir sıra məsələlərdə tam konkretlik yoxdur. Ancaq həmən o məsələrdə belə bu konvensiya Azərbaycanın daha güclü mövqedən çıxış etməsini təmin edir: "İlk növbədə söhbət ondan gedir ki, Xəzərin milli sektorlara bölünməsində hər hansı dövlətin əsassız tələblər irəli sürməyə "arqument"ləri olmayacaq. Üstəlik İranın üzləşdiyi indiki durum və Transxəzər qaz kəməri məsələsində Türkmənistanın Azərbaycandan asılılığı hər iki ölkəni daha güzəştli mövqedən çıxış etmələrini şərtləndirəcək. Bütövlükdə bu Konvensiyanın Azərbaycana nə verdiyini sadalamalı olsaq aşağıdakıları deyə bilərik. Birincisi, bu anlaşma dövlət başçımızın sammitdəki çıxışında da vurğuladığı kimi Azərbaycanın materik əhəmiyyətli nəqliyyat qovşağına çevirilməsi prosesində mühüm bir addımdır. İkincisi, ölkəmizin Türkmənistan və İranla da Xəzərin milli sektorlara bölünməsi məsələsində razılığa gəlməsinin yolunu açır. Az öncə də qeyd etdik- bu zaman Türkmənistan prezidentinin təbirincə desək, onun ölkəsini çətin danışıqlar gözləyirsə, bizim üçün həmən "çətinlik" aradan qalxıb. Üçüncüsü, Transxəzər qaz kəməri reallığa çevirilə bilər ki, bu məsələ də əldə edəcəyimiz mənfəətlə yanaşı, ölkəmizin bir tərəfdən Türkmənistan, digər tərəfdən isə Avropa üzərində təsiri daha da artırmış olacaq. Nəhayət, dördüncüsü, Xəzərin qarşıdurma poliqonu deyil, əməkdaşlıq platforması olması haqda ilk çağırışları edən və bu yolda ilk addımları atan da məhz Azərbaycan olub. Düz 22 illik çək-çevirdən sonra bütün Xəzəryanı dövlətlər bunun daha doğru yanaşma olduğunu dərk edib və qapalı su hövzəsinin( bəli nə dəniz, nə göl, məz qapalı su hövzəsi) hüquqi statusu haqda Konvensiyada öz prezidentlərinin imzalarıyla təsdiqləyiblər".

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Xəzər dəniznin səthinin bölünməsi üzrə danışıqlar 22 ildən sonra həllini tapdı: "Qapalı su hövzəsi olaraq Xəzər dənizi orta xətt prinsipi üzrə bölündü, bu da ölkəmizin milli və suveren maraqlarına cavab verir. Qeyd edim ki, Birləşmiş Ştatlar, Xəzər dənizi ilə Qazaxıstanın limanı vasitəsi ilə öz hərbi yüklərini Əfqanistana daşıyır, həmçinin bu ölkənin limanın hərbi yüklər üçün icarəyə götürüb. Bu, o demək dir ki, artıq Vaşinqton Xəzər dənizində hərbi iştiraka başlamaq planına malikdir. Bu da Rusita və İranı ciddi narahat edirdi". Politoloq deyib ki, Aktauda sahilyanı ölkələrin prezidentlərinin 5-ci sammitində Konvensiyanın imzalanması ilə xarici ölkələrin hərbi iştirakı dənizdə qadağan edildi: "Konvensiya 24 maddədən ibarətdir. Bu sənəd ərazi suları, dəniz sərhədləri, naviqasiya qaydaları, balıq ovu hüquqları, ekologiya məsələləri və ən mühümü, dənizin sərvətlərindən istifadənin tənzimlənməsini nəzərdə tutur. Bu Konvensiya Xəzər dənizinin səthini sahilyanı ölkələr arasında bölsə də, dənizin dibi bölünməmiş saxlandı. Bundan əlavə, ölkəmiz üçün strateji əhəmiyyət daşıyan dənizin dibi ilə boru kəmərin çəkilməsi iki sektor üzrə qonşu olan dövlət razılaşsa da, ekoloji məsələdə isə, beş sahil dövlətin razılığı olmalıdır. Ümumilikdə, bu Konvensiyanın qəbulu imkan verəcəki, gələcəkdə Xəzərlə bağlı həll olunmamış məsələləri danışıqlar yolu ilə həll edilsin".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31