Xəzərin statusunun müəyyənləşməsi Azərbaycanın maraqlarına cavab verir

İmzalanmış konvensiya Rəsmi Bakının illər boyunca irəli sürdüyü mövqe ilə üst-üstə düşür

Ötən həftə sonu nəinki yerləşdiyimiz coğrafiyaya daxil olan ölkələr, eləcə də dünyanın diqqəti Qazaxıstana yönəlmişdi. Daha dəqiq desək Orta Asiyanın bu respublikasının Aktau şəhərində keçirilən V Xəzər sammitinə. Sahilyanı 5 ölkənin prezidentlərinin iştirakı ilə keçirilən sammit bir sıra vacib məqamları ilə yadda qaldı. Xüsusilə sammit zamanı dövlət başçılarının çıxışlarında müəyyən detallar vardı ki, bu günün özündə də xarici və yerli media qurumları dövlət başçılarının həmin fikirlərinə diqqət çəkirlər. Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də V Xəzər sammitində iştirak edirdi. Sammitin nəticəsi olaraq sahilyanı ölkələr arasında dənizin status ilə bağlı yekun Konvensiya imzalandı.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması tarixi əhəmiyyətli sənəd hesab edərək bildirib ki, Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz töhfəsini verib.

Xəzərin statusunun müəyyən edilməsi ilə bağlı imzalanmış Konvensiyanın əhəmiyyətli tərəflərindən biri ondan ibarədir ki, dənizdə təhlükəsizlik və sabitliyin təmin olunması dövlət başçıları səviyyəsində imzalanmış sözügedən sənəddə də öz əksini tapır. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti də çıxışı zamanı bu məqama xüsusi olaraq toxunub. Dövlət başçısı bildirib ki, Xəzərdə təhlükəsizlik və sabitlik imzalanan Konvensiya ilə müəyyən olunur: "Təbii ki, bu, Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti, iqtisadi, nəqliyyat xarakterli məsələlərin, xalqlarımızın həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək məsələlərin həlli üçün geniş perspektivlər açır. Əlbəttə, bugünkü imzalanma mərasimi qarşımızda yeni perspektivlər açır. Biz əməkdaşlığı davam etdirmək niyyətindəyik. Azərbaycan bütün Xəzəryanı ölkələrlə çox sıx etimada, qarşılıqlı, bərabərhüquqlu maraqların nəzərə alınmasına, ərazi bütövlüyünə hörmətə və bütün ölkələrin suverenliyinə əsaslanan münasibətlərə malikdir".

Xəzərin statusunun müəyyən edilməsinə dair Aktau şəhərində imzalanmış Konvensiya birmənalı olaraq siyasi ekspertlər və analitiklər tərəfindən müsbət qiymətləndirilir. Elə millət vəkili Adil Əliyev də bu qənaətdədir. O, V Xəzər sammitinin nəticələrinə münasibət bildirərkən qeyd edib ki, Qazaxıstanın Aktau şəhərində avqustun 12-də önəmli hadisə baş Verdi: "Xəzərin statusu ilə bağlı yekun konvensiya imzalandı. Konvensiyanı 5 Xəzər sahili ölkənin - Azərbaycanın, Rusiyanın, Qazaxıstanın, Türkmənistanın və İranın prezidentləri imzaladılar. Bu nəticə asan başa gəlmədi. Xəzər sahili ölkələr təxminən 22 il danışıqlar apardılar. Nəhayət yekun nəticə qardaş Qazaxıstanda əldə olundu". Millət vəkili deyib ki, Xəzərin statusunun müəyyənləşməsi hər Xəzəryanı dövlətin, o cümlədən Azərbaycanın maraqlarına cavab verir: "Konvensiyaya görə, hər 5 dövlət Xəzər sahilindən 15 mil məsafəyə, həmçinin 10 mil məsafədə balıq tutma hüququna malik olacaq. Qalan hissə isə birgə istifadədə olacaq. Ancaq Konvensiyanın imzalanması dibin bölüşdürlməsi məsələsindən ayrı tutulur. Dibin bölüşdürülməsi ikitərəfli sazişlər əsasında müəyyənləşdirilir". Adil Əliyev bildirib ki, Xəzərin statusunun müəyyənləşdirilməsi qədər dibin bölüşdürülməsi də Azərbaycan üçün vacibdir: "Xəzərin dibinin bölüşdürülməsiylə bağlı Azərbaycanın Qazaxıstan və Rusiya ilə ikitərəfli sazişləri var. Konvensiya imzalanandan sonra Azərbaycan Türkmənistan və İranla da oxşar sazişlər imzalamalıdır". Millət vəkili onu da diqqətə çatdırıb ki, hazırda Birləşmiş Ştatlar İrana qarşı sərt sanksiyalar tətbiq edir:  "Birləşmiş Ştatlar bu sanksiyaları İranla əməkdaşlıq edən ölkələrə və şirkətlərə qarşı da tətbiq etməyə hazırlaşır. Buna baxmayaraq, Azərbaycan İranla iqtisadi və ticarət əməkdaşlığından imtina etmir, İrana böyük yatırımlarımız var. Ona görə də İran bunun qarşılığında Xəzərin dibinin bölüşdürülməsi məsələsində dost adlandırdığı Azərbaycanla razılığa gəlməlidir". Adil Əliyev hesab edir ki, Xəzərin dibinin bölüşdürülməsi Türkmənistanla da razılaşdırılmalıdır: "Qardaş Türkmənistanla problem yaranacağını zənn etmirəm. Müvafiq saziş imzalandıqdan sonra isə Türkmənistan qazının Azərbaycan üzərindən qardaş Türkiyəyə, oradan da Avropaya daşınması aktuallaşacaq. Bunun üçün Xəzərin dibi ilə boru xətti (Transxəzər) çəkilməlidir. Qazaxıstanda imzalanan Konvensiya bu məsələnin həllini də yoluna qoyur. Boru xəttinin tikintisi bölgə ölkələrinə gəlir gətirməklə yanaşı Azərbaycanla Türkmənistan və ümumilikdə türk birliyini gücləndirəcək". Millət vəkili onu da deyib ki, Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstana səfəri çərçivəsində qardaş ölkənin prezidenti Nursultan Nazarbayevlə çox məhsuldar görüş keçirdi: "Xəzərin statusunun müəyyənləşməsi bölgə əməkdaşlığını genişləndirmək üçün yeni fürsətlər açır. Birinci növbədə Qazaxıstanla Azərbaycan arasında Xəzər üzərindən ticarət və mal daşımaçılığı artacaq. Təsadüfi deyil ki, Nursultan Nazabyavev İlham Əliyevlə görüşdə xüsusi vurğuladı ki, Qazaxıstan Çinlə sərhəddə yeni yollar salıb, bu yollar Xəzər sahilində yeni qurulan Kurık limanına qədər uzanacaq. Aktau yaxınlığında tikilən Kurık limanı Ələt limanına bənzəyir. Beləliklə iki qardaş liman İpək Yolunun bərpasında əsas rol oynayacaq. Çindən çıxan mallar Qazaxıstan, Azərbaycan və Türkiyə üzərindən Avropaya daşınacaq. Bu marşrut da türk birliyinin inkişafında əvəzsiz rol oynacayaq. Azərbaycan-Qazaxıstan Parlamentlərarası dostluq qrupunun rəhbəri kimi tez-tez qardaş Qazaxıstana səfər edirəm. Qazax rəsmilərlə, deputatlarla və soydaşlarımla çoxsaylı görüşlərdən gəldiyim qənaət budur ki, türk dünyasının aparıcı simaları olan ümumilli liderimiz, mərhum prezident Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin, o cümlədən Nursultan Nazarbayevin və Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın indiki birliyin formalaşmasında misilsiz xidmətləri var. Türk birliyi yalnız siyasi təmaslar və konfranslar deyil. Türk birliyi həm də bu gün ərsəyə gətirilən və dəyəri on milyardlarla dollar ölçülən regional layihələrdir. Bu layihələr birliyimizi daha da möhkəmləndirəcək".

Aktauda imzalanmış Konvensiyaya münasibətini bildirən millət vəkili Tahir Mirkişili isə deyib ki, 1996-ci ildən danışıqlara başlayan 5 Xəzəryanı ölkə dünyanın ən böyük qapalı su hövəzsi olan Xəzər dənizinin hüquqi statusu haqda ümimi çərçivələri razılaşdırdılar. Onun sözlərinə görə, 12 avqustda dövlət başçıları tərəfindən imzalanan saziş regionda neft və qaz ehtiyatlarının kəşfiyyatı, hasilatı və nəqlini xeyli asanlaşdıracaq, su resurslarından istifadəni tənzimləyəcək: "SSRİ dağılandan sonra Xəzər 5 ölkəyə aid olmağa başladı. İran Xəzərin bölünməsini GÖL prinsipi üzrə- yəni hər bir ölkəyə bərabər pay verilməsi qaydasını təklif edirdi. Digər 4 ölkə isə DƏNİZ prinsipi üzrə - orta xətt prinsipi ilə müəyyən məsafədə hər bir ölkənin sektorlarının müəyyən olunması, dənizin ortasının isə ümumi istifadəyə verilməsini təklif edirdi. Keçən müddət ərzində Azərbaycan, Qazaxıstan və Rusiya, həmçinin, Qazaxıstan və Türkmənistan öz aralarında dənizin şimal hissəsini orta xətt prinsipi ilə bölünməsini razılaşdırdılar. 22 il ərzində 5 sammit keçirildi. Nəhayət, bu günlərdə keçirilən sonuncu sammitdə Xəzərin dibinin DƏNİZ, suyunun isə GÖL kimi bölünməsi razılaşdırıldı". Millət vəkili qeyd edib ki, 1982-ci ildə qəbul edilmiş BMT-nin Dəniz Hüququ Haqqında Konvensiyasının prinsipləri dənizin dibinin bölünməsini əhatə edir: "Konvensiyasını bütövlükdə Xəzər dənizinə aid etmək mümkün deyil. Belə ki, konvensiyadakı "Dəniz" anlayışına Xəzər uyğun gəlmir. Eyni zamanda Xəzərin suyunun və təkinin tərkibi və forması onu Göl adlandırmağa da imkan vermir. Məhz bu xüsusiyyətlər Xəzər haqqında ayrıca sazişin olmasını labüd edirdi. İmzalanan Konvensiya ümumi prinsipləri müəyyən edir. Onun əsas ideyası budur: Xəzərin statusu 5 ölkə arasında mübahisə mövzusu deyildir, dəniz-gölün bölünməsini ümumi prinsipləri müəyyən olunub və bundan sonra qonşu tərəflər arasında olan konfliktlər ikitərəfli qaydada həll edilməlidir, 5 tərəfli yox. ABŞ-ın Energy İnformation Administration (EİA) təqribi hesablamalarına görə Xəzərin neft və qazla zəngin təkində 6.5 mlrd ton təsdiq edilmiş və ehtimal olunan neft və neft ekvivalentində qaz ehtiyatları mövcuddur. Proqnozlaşdırılan ehtiyatlar isə bundan 1.5 dəfə çoxdur. İndiki qiymətlərlə bu ehtiyatların dəyəri 8 trln dollardır. İndiyə qədər hər bir Xəzəryanı ölkə istənilən formada bölgüdə mübahisə yaratmayacaq yataqlarda problemsiz fəaliyyətlərini həyata keçirilblər. Ancaq sərhəd bölgələrdə perspektiv yataqlar ciddi mübahisələrə səbəb olmuş və hətta bəzi hallarda silahlı münaqişə təhülkələri yaranmışdı. Belə mübahisələr Qazaxsan-Rusiya, Azərbaycan-İran, Azərbaycan-Türkmənistan arasında olmuşdu. O zaman mübahisə edən tərəflər arasında əsas arqument bu idi: Xəzərin statusu müəyyən edilməyib, ona görə də mübahisəli məsələləri bütün 5 ölkə həll etməlidir. Amma indi artıq yalnız qonşu ölkələr". Tahir Mirkişili onu da qeyd edib ki, Konvensiyada orta xətt bölgüsü müəyyən olunmayıb, bunun üçün ayrıca sazişlər tələb olunur: "Azərbaycan-Rusiya-Qazaxstan və Qazaxstan-Türkmənistan arasında belə sazişlər artıq var. Hazırda İran ciddi sankiyalar altındadır, indiki halda qonşu ölkələrlə mübahisələrin tənzimlənməsi onun üçün çox əhəmiyyətlidir. Onun üçün ən önəmli məsələ olan təhlükəsizlik məsələsi konvesiyada öz əksini tapıb. Xəzər dənizində yalnız 5 sahilyanı ölkənin silahlı qəvvələrinin mövcud ola bilməsini özündə əks etdirən konvensiya, eyni zamanda bu ölkələrin heç birinin ərazisindən digər ölkəyə qarşı istifadə olunmamasına da təminat verir. İndiyə qədər tənzimlənməyən Xəzərin statusu Türkmənistan-Azərbaycan arasında sualtı Transxəzər boru kəmərinin reallaşmasında da mane olurdu. Konvensiyaya görə bu layihənin qərarını yalnız Azərbaycan və Türkmənistan verəcəklər, ekoloji standartlar nəzərələ alınmaqla belə layihələr qonşu ölkələr arasında reallşa bilər. Doğrudur, konvensiyaya əlavə edilən ekoloji razılığın alınması qaydaları bütün 5 ölkənin belə layihələr üçün razılığı tələb olunur. Bu razlıq layihələrin həyata keçməsini ləngidə bilsə də, mane ola bilməyəcək. Qeyd etmək istərdim ki, Transxəzər kəməri Azərbaycan və Türkmənistana Avropa bazarlarına ildə 100 mlrd m3 qazın ixracına imkan verə bilər".

Millət vəkili deyib ki, ümumilikdə, Xəzər dənizinin hüquqi statusunu müəyyən edən konvensiya bütün məsələləri həll etməsə də, ümumi yanaşma baxımından çöx önəmlidir və Azərbaycanın illər boyunca irəli sürdüyü mövqe ilə üst-üstə düşür. Bakı-Tbilisi-Qars dəmir yolunun dəniz davamı olan Xəzər dənizində transit nəqliyyat imkanlarının artması Azərbaycanın əlavə iqtisadi maraqlarının təmin olunması anlamına gəlir.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31