Ölkəmizə qarşı təxribat planları mövcuddur - ŞƏRH

İlham Əliyev: "Gəncədəki cinayətləri törədən terrorçu qruplaşmanın məqsədi Azərbaycanda sabitliyi pozmaq olub"

Ölkəmizdə son günlər baş verən hadisələrdən antiazərbaycan qüvvələrin dağıdıcı ünsürləri öz çirkin siyasi məqsədləri üçün istifadə etməyə cəhdlər göstərirlər. Xüsusi ilə də, sosial şəbəkələrdə dağıdıcı müxalifətin tör-töküntüləri olan bəzi şəxslər insanları kütləvi itaətsizliyə, işlədikləri idarə, müəssisə rəhbərlərinə qarşı terror aktları törətməyə çağırışlar edirlər. Məsələ orasındadır ki, həmin qüvvələr Gəncə hadisələrinə müxtəlif don geyindirərək ictimaiyyəti çaşdırmağa çalışırlar. Bu məsələdə isə dini faktordan məharətlə istifadənin şahidi oluruq. Lakin ictimai asayişim keşiyində ayıq- sayıq dayanan hüquq-mühafizə orqanlarının ciddi səyi nəticəsində belə təxribat xarakterli hadisələrin qarşısı qətiyyətlə alınır. Təsadüfi deyil ki, prezident İlham Əliyev respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirdiyi iclasda qeyd edib ki, Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə təmin edilir: "Dünya miqyasında Azərbaycan ən təhlükəsiz ölkələrdən biridir. Azərbaycan xalqı sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayıb yaradır, qurur. Azərbaycan xalqının rahat yaşaması üçün biz əlimizdən gələni edirik. Bu gün Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən müasir dövlətdir. Gündən-günə bizim gücümüz artır, gündən-günə bizim potensialımız güclənir - həm siyasi sahədə, diplomatik sahədə, iqtisadi sahədə, hərbi quruculuq sahəsində, döyüş meydanlarında, idman meydançalarında, sosial sahədə. Son 15 il ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər sürətlə inkişaf edən ikinci bir ölkə olmamışdır. Ona görə, əlbəttə ki, bizim uğurlarımıza kölgə salmaq, siyasətimizə təsir etmək istəyən qüvvələr müxtəlif üsullardan istifadə edirlər. Bizə qarşı çirkin kampaniyalar aparılır, qarayaxma, şər-böhtan kampaniyaları. Yalan, iftira üzərində qurulmuş bu kampaniyaların heç bir səmərəsi olmur. Azərbaycan xalqı bu yalanlara, bu böhtanlara inanmır. Azərbaycan xalqı öz rəhbərliyinə inanır. Bu il keçirilmiş prezident seçkiləri bunu bir daha bütün dünyaya əyani şəkildə sübut etdi".

Sözün əsil mənasında Azərbaycanda iqtidarla xalqın həmrəyliyi dövlətə qarşı yönəlik təxribatların qarşısının alınmasında müstəsna rol oynayır. Millət vəkili Bəxtiyar Sadıqov deyib ki, hazırda dünyanın hər yerində din adı altında gizlənən ekstremist-radikal qruplar var: "Bu qruplar Azərbaycanda da mövcuddur və zaman-zaman məqam tapan kimi başların qaldırırlar. O insanlar ki, Azərbaycanda sabitliyin pozulmasına çalışırlar, onlar Azərbaycan dövlətinin, Azərbaycan xalqının düşmənləridirlər. Biz heç vaxt buna imkan verməyəcəyik. Sabitlik o halda pozulur ki, iqtidarla xalq arasında birlik olmasın, xalq iqtidarın siyasətini dəstəkləməsin. Bir neçə ay öncə Azərbaycanda prezident seçkiləri keçirildi və xalq orada öz sözünü dedi, dəstəyini ifadə etdi". Azərbaycan xalqının dövlət başçısınin yürütdüyü siyasəti dəstəkləməsi hətta xarici qüvvələr tərəfindən illərdən bəri cızılmış ssenarilərin fiaskoya uğramasına gətirib çıxarır. Etiraf edilməkidir ki, ölkəmizə qarşı belə planlar dəfələrlə işə salınısa da iqtidar-xalq birliyi onun reallaşmasına imkan verməyib. Dövlət başçısı da bildirib ki, bizə qarşı müxtəlif xarici mərkəzlərdən idarə olunan media qaralama kampaniyası aparılır: "Bunun da heç bir səmərəsi olmur. Özünü hüquq müdafiəçisi adlandıran bir neçə qeyri-hökumət təşkilatı Azərbaycana qarşı gecə-gündüz şər-böhtan kampaniyası aparır. Bunun da nə ölkə daxilində, nə də ki, xaricdə heç bir təsiri olmadı. Bizim xarici əlaqələrimiz genişlənir. NATO-nun bu günlərdə keçirilmiş Zirvə görüşü bizim nə qədər yüksək hörmətə malik olduğumuzu bir daha sübut etdi. Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə malik bir ölkədir.Yəni, bu cəhdlər əbəsdir. Bizim siyasətimizə, bizim iradəmizə şər qüvvələr heç cür təsir edə bilmir. Onların son addımları göstərir ki, terrordan başqa əllərində bir şey qalmayıb. Bu da keçməyəcək, necə ki, əvvəlki illərdə keçməyib. Azərbaycan dövləti bu dəfə də öz gücünü göstərib və göstərəcəkdir. Bütün cinayətkarlar məsuliyyətə cəlb olunacaqlar, məhkəmə qarşısında, ədalət qarşısında, xalq qarşısında cavab verəcəklər. Bunu təmin etmək üçün bizim kifayət qədər gücümüz, imkanlarımız var". Millət vəkili Fazil Mustafa deyib ki, Gəncə hadisələri Azərbaycan dövlətinə qarşı çevrilən xüsusi məsləhətli və əvvəlcədən planlaşdırılan iğtişaşa niyyətli bir aksiyadır. Artıq hər kəsə məlumdur ki, baş verənlər bilavasitə kənar qüvvələrin Gəncə üzərindən Azərbaycan dövlətinə qarşı müəyyən təxribatları gerçəkləşdirmək hərəkətidir. Deputatın sözlərinə görə, bir qrup insanlar var ki, xaricdə hazırlanaraq cəmiyyətin içərisində yerləşdirilib: "Həmin şəxslər din adı ilə zorakılığı, dinə zidd olan əməlləri təbliğ etməklə məşğuldurlar. Bu istiqamətdə xarici ölkələrin həm saytları, həm ayrı-ayrı mütəxəssisləri ciddi işlər görürlər. Onlar cəmiyyətin içərisinə islam dininin təbliğatçıları, onun pərəstişkarları adı altında müəyyən mövhumat elementlərinin daşıyıcısı olan, tamamilə başqa ideologiyanı mənimsəmiş insanların yerləşdirilməsini təmin edirlər. Millət vəkili bildirib ki, Gəncədə həm icra başçısına, həm də polislərə qarşı həyata keçirilən açıq-aşkar qətliam onu göstərdi ki, bu ünsürlərə qarşı ciddi mübarizə aparılmalıdır: "Əks halda dünyəvi dövlət modelimizi ciddi şəkildə təhlükə altına ala bilərlər. Bizim bu məsələdə prinsipal mövqeyimiz budur ki, bu cür hadisələrin təkrarlanmaması üçün indidən bu cür radikal görüşlərə malik qüvvələrin zərərsizləşdirilməsinə daha ciddi yanaşmalıyıq". F. Mustafa qeyd edib ki, radikal görüşlərə malik qüvvələrə qarşı mübarizə maarifçilik, hüquq mühafizə orqanlarının sərt addımları ilə aparılmalıdır: "Bu məsələlərdə televiziyaların, media orqanlarının üzərinə böyük yük düşür. Artıq hər hansı bir şəkildə xurafatı dəstəkləyən, təbliğ edən bütün təzahürləri ortadan qaldırmalıyıq". O da etiraf edilməlidir ki, siyasi sabitliyin pozulmasına, qarşıdurmaya, xaosa, ədavətə xidmət edən istənilən çağırış özü özlüyündə terror aksiyasıdır. Bu səbədən həmin aksiyaların qarşısı vaxtında alınmalı və ona rəvac verən isimlər kimliyindən asılı olmayaraq məsuliyyətə cəlb edilməlidir ki, ölkədə ictimai-siyasu sabitlik bərqərar olsun.  

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31