Dini alət seçən cinayətkar ünsürlər - ANALİTİK
16 İyul 2018 14:28 SiyasətVə onların Azərbaycanla bağlı məkrli planları
Bu günlər Azərbaycan yenə özünün bir qədər ağır, gərgin günlərini yaşadı. Zaman-zaman ölkədə xaos, anarxiya yaratmaq istəyində olan qüvvələr yenə ona cəhd göstərdilər. Bu dəfə Azərbaycanın ikinci böyük şəhəri sayılan Gəncədə. Əslində Gəncə hadisələrinə qədər də ona oxşar təxribatlar, cəmiyyət arasında narazılıq yarada biləcək hərəkətlər törədərək ölkədə ictimai asayişi pozmağa yönəlik addımlar atıldı. Bu günə qədər də müəmmalı qalan Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən yanğının elə Gəncə hadisələrinin bir qolu olduğu qənaətinə də gəlmək mümkündür. Hər halda ölkənin 80 faizə yaxınını enerjisiz qoyan qüvvələr, fərdlər və ya qruplar düşünürdülər ki, bununla cəmiyyəti kütləvi şəkildə ayağa qaldıra və hakimiyyətə, dövlətə qarşı kütləvi aksiyalar təşkil edə biləcəklər. Lakin hər bir prosesə sağlam düşüncə və təfəkkürlə yanaşan Azərbaycan cəmiyyəti dövlətçiliyi hədəf seçənlərin maşası rolunu oynamadı. Təbii ki, cəmiyyətin bu reaksiyası xaos və anarxiya yaratmaq istəyənlərin heç də ürəyincə deyildi. Və proseslərin arzu etdikləri məcraya doğru getmədiyini gördükdə ikinci bir təxribata, dövləti cinayətə əl atıldı. Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı silahlı hücum edildi, iki polis zabitimiz qətlə yetirildi. Açıq-aşkar dövlətə, dövlətçiliyə qarşı yönəlmiş cinayət idi. Elə həmin cinayətin iştirakçılarının kimliyi, onların hansı dairələrə, qüvvələrə xidmət etdiyi üzə çıxanda da bu versiya öz təsdiqini tapdı. Düzdür, dövlətçilik əleyhinə yönəlmiş cinayətin qarşısı alınsa da, lakin o da bir daha aydın oldu ki, Azərbaycan hələ də xarici təhlükələr, təhdidlərdən tam sığortalanmayıb. Daim Azərbaycana qarşı düşmən mövqedə dayanan erməni lobbisi və onun maliyyəsi ilə fəaliyyət göstərən bəlli çevrələr, onların Azərbaycandakı əlaltıları ölkəmizi hədəfə alaraq burada ictimai-siyasi sabitliyi pozmağa çalışırlar. Necə ki, son Gəncə hadisələri fonunda bunun əyani şahidi olduq.
Gəncədə baş verən hadisələrin din pərdəsi adı altında cərəyan etməsi haqlı olaraq bir neçə versiyanın gündəmə gəlməsinə rəvac verdi ki, sonradan həmin versiyalar da öz təsdiqini tapdı.
İlk olaraq bu Azərbaycan dövlətçiliyini sarsıltmağa, onu zəiflətməyə, nəticə etibarilə Azərbaycan barədə beynəlxalq aləmdə mənfi rəy formalaşdırmağa hesablanmışdı. Və bu məqsəd antiAzərbaycan qüvvələr üçün hər zaman öndə olub. İstər günümüzdə, istər yaxın və uzaq tarixdə. Hazırda isə həmin hədəfin, məqsədin reallaşmasına yönəlik ciddi cəhdlər isə Azərbaycanın getdikcə artan gücü, qüdrəti ilə bağlıdır. Bu gün Azərbaycanın regionun lider dövləti rolunu oynaması, həyata keçirdiyi regional və qlobaləhəmiyyətli enerji layihələri ilə Avropanın enerji təhlükəsizliyində əsas rola malik olması. ən əsası bütün bunlardan dolayı Azərbaycana olan marağın, diqqətin artması həmin dairələrdə bir qıcıq, narahatçılıq yaradır. Çünki Azərbaycan inkişaf etdikcə onun əhalisinin də sosial rifah halı yaxşılaşır. Bu isə onsuz da monilit şəkildə olan xalq-iqtidar birliyi daha da möhkəmləndirir. Bütün bu amillər təbii ki, Azərbaycanı sevməyən qüvvələri razı salmadığı üçün burada xaos, anarxiyaya yönəlik cəhdlərə əl atılır.
Azərbaycana qarşı hazırlanan məkirli planın bu dəfə din pərdəsi adı altında həyata keçirilməsi isə daha böyük fəlakətlər, Suriya, İraq, Liviya variantının burada təkrarlanması məqsədi daşıyırdı. Çünki indiyə qədər siyasi aspektdə Azərbaycanda xaos, anarxiya yaratmağın qeyri-mümkünlüyü üzə çıxmışdı. Ona görə də indi sonuncu variantlardan biri kimi dini məsələni ortaya atmaq, bununla ölkədə dini qarşıdurma yaratmaq nəzərdə tutulurdu. Burada da bir neçə amil nəzər alınmışdı.
Birincisi, yuxarıda qeyd etdiyimiz kimi ölkədə dini zəmində qarşıdurma yaratmaq. Məzhəb ayrıseçkiliyi salmaqla cəmiyyətin hər bir sahədə olduğu kimi din sahədə də mövcud olan bütövlüyünü, birlik və bərabərliyini pozmaq. İslama qarşı cinayət hesab edilən bu hərəkətlə həm də onun iştirakçıları Azərbaycanın tolerant bir ölkə olmadığı, dini dözümlülüyün qorunmadığı fikri formalaşdırmağa çalışırdılar. Hər halda həmin cinayətin iştirakçılarının Azərbaycandan kənarda, xarici ölkələrdəki təlim düşərgələrində ölkəmizə qarşı hazırlanması belə deməyə əsas verir.
Ölkədə dini zəmində qarşıdurma yaratmaq planının arxasında dayanan digər bir amil Azərbaycana xarici turistlərin gəlişinin qarşısını almaqdır. Məlumdur ki, Azərbaycan bu gün dünyada ən təhlükəsiz ölkələrdən biri kimi tanınır. Ölkəmizdə ictimai-siyasi sabitliyin yüksək səviyyədə qorunması xarici turistlərin Azərbaycana səfər etməsini şərtləndirir. Son illərdə ölkəmizə gələn turistlərin böyük əksəriyyətini ərəb ölkələrinin vətəndaşları olduğunu nəzərə alsaq, Gəncədə dini zəminda hazırlanan qarşıdurma və cinayətin bir qolunun da məhz Azərbaycana səfər edən ərəb ölkələrinin vətənaşlarına hesablandığını deyə bilərik. Bir qədər də konkretləşdirsək baş verən hadisələrin bir hədəfi də Azərbaycana xarici ölkələrdən, xüsusilə ərəb ölkələrdən gələn turistlərə hesablanıb.
Əslində burada digər məqsəd və məramlar da var ki, ancaq əsas hədəf İslami cinayət törətməklə Azərbaycanın tolerantlıq nümunəsini kölgə altına almaqdır. Ancaq şükürlər olsun ki, antiAzərbaycan qüvvələrin bu dəfəki niyyəti də baş tutmadı və hər zaman olduğu kimi xalq-iqtidar birliyi ölkədə xaos, anarxiya yaratmaq istəyənlərin planlarını pozdu.
Süleyman