Fazil Mustafa: "Xurafatı dəstəkləyən təzahürləri ortadan qaldırmalıyıq”
“Gəncə hadisələri Azərbaycan dövlətinə qarşı çevrilən xüsusi məsləhətli və əvvəlcədən planlaşdırılan iğtişaşa niyyətli bir aksiyadır. Artıq hər kəsə məlumdur ki, baş verənlər bilavasitə kənar qüvvələrin Gəncə üzərindən Azərbaycan dövlətinə qarşı müəyyən təxribatları gerçəkləşdirmək hərəkətidir”. Bu fikirləri millət vəkili Fazil Mustafa deyib.
16 İyul 2018 11:45 Siyasət"Gəncə hadisələri Azərbaycan dövlətinə qarşı çevrilən xüsusi məsləhətli və əvvəlcədən planlaşdırılan iğtişaşa niyyətli bir aksiyadır. Artıq hər kəsə məlumdur ki, baş verənlər bilavasitə kənar qüvvələrin Gəncə üzərindən Azərbaycan dövlətinə qarşı müəyyən təxribatları gerçəkləşdirmək hərəkətidir".
Bu fikirləri millət vəkili Fazil Mustafa deyib.
Deputatın sözlərinə görə, bir qrup insanlar var ki, xaricdə hazırlanaraq cəmiyyətin içərisində yerləşdirilib: "Həmin şəxslər din adı ilə zorakılığı, dinə zidd olan əməlləri təbliğ etməklə məşğuldurlar. Bu istiqamətdə xarici ölkələrin həm saytları, həm ayrı-ayrı mütəxəssisləri ciddi işlər görürlər. Onlar cəmiyyətin içərisinə islam dininin təbliğatçıları, onun pərəstişkarları adı altında müəyyən mövhumat elementlərinin daşıyıcısı olan, tamamilə başqa ideologiyanı mənimsəmiş insanların yerləşdirilməsini təmin edirlər.
Millət vəkili bildirib ki, Gəncədə həm icra başçısına, həm də polislərə qarşı həyata keçirilən açıq-aşkar qətliam onu göstərdi ki, bu ünsürlərə qarşı ciddi mübarizə aparılmalıdır: "Əks halda dünyəvi dövlət modelimizi ciddi şəkildə təhlükə altına ala bilərlər. Bizim bu məsələdə prinsipal mövqeyimiz budur ki, bu cür hadisələrin təkrarlanmaması üçün indidən bu cür radikal görüşlərə malik qüvvələrin zərərsizləşdirilməsinə daha ciddi yanaşmalıyıq".
F. Mustafa qeyd edib ki, radikal görüşlərə malik qüvvələrə qarşı mübarizə maarifçilik, hüquq mühafizə orqanlarının sərt addımları ilə aparılmalıdır: "Bu məsələlərdə televiziyaların, media orqanlarının üzərinə böyük yük düşür. Artıq hər hansı bir şəkildə xurafatı dəstəkləyən, təbliğ edən bütün təzahürləri ortadan qaldırmalıyıq".
SİA