Təxribat kabusu - Züleyxa Nadir yazır
11 İyul 2018 15:17 SiyasətZüleyxa NADİR
Günlərdi Azərbaycanın başı üzərində bir kabus dolanırdı: təxribat kabusu. Günlərdi Vətən bu kabusun xofunu yaşayırdı. Günlərdi Azərbaycanın sıravi vətəndaşından tutmuş iri çaplı məmuruna qədər hər kəs həmin kabusun qara kölgəsini hiss edirdi. Bu kölgə özünü ilk olaraq Mingəçevir İES-də göstərdi, ölkəni bir neçə saatlığa olsa da daşıdığı qaranlığa, daha doğrusu, qaramata döndərsə də, Azərbaycan bu qaramatdan çıxdı.
Amma təxribat kabusu geri çəkilmədi, bir gün sonra özünü Gəncədə göstərdi. Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin başında əks olundu. Böyük bir şəhərin başçısı ölümcül yaralandı. Təxribatın tətikçisi Yunus Səfərov həbs olundu.
Yenə də kabus çəkilmədi, hədəfə aldığı Gəncədən uzaqlaşmadı. Şəhərin mərkəzində qan tökdü. Dövləti, dövlətçiliyi və bizi qoruyan Azərbaycan polisinin iki yüksək rütbəli zabiti qanına qəltan oldu. Sadəcə dəhşət! Sadəcə insanlıqdan kənar vəhşilik!
Məmləkətin başı üzərində dolaşan təxribat kabusu qismən də olsa istəyinə nail ola bildi. Sual olunur: nədən bunlara imkan verildi? Mingəçevirdəki hadisənin kökündə məmur özbaşınalığı, rəhbər məsuliyyətsizliyi dayanır. Ölkə prezidenti də bunun məhz belə olduğunu təsdiqlədi. Günahkarlar yəqin ki, yaxın zamanlarda üzə çıxarılıb layiqli cəzasını alacaq...
Elmar Vəliyevə gəlincə...çoxluq bu adama qarşı emosional münasibət sərgiləyir. Tanıyan da, tanımayan da ünvanına xoş olmayan sözlər işlədir. Az adam onu müdafiə edərək Gəncədə gördüyü müsbət işləri sadalayır, layiqli dövlət adamı olduğunu söyləyir. Şəxsən mən onların heç birindən deyiləm, sağçılıq və solçuluq mənə aid deyil. Azərbaycanı sevən, onun bütövlüyünü, müstəqilliyini canımla-qanımla qorumağa hazır olan bir vətəndaş olmaqla bərabər, dövlətə və dövlətçiliyə xidmət edən jurnalistəm.
Elmar Vəliyev dövlət məmurudu, yüksək səlahiyyət sahibidi. İşində nöqsan, əməlində cinayət elementi varsa, haqqında ciddi ölçü götürmək dövlət başçısının səlahiyyətinə aiddir. Jurnalist icra başçısını təhqir yox, tənqid etməlidi. Sıravi insanlar onunla təkbətək haqq-hesab çəkib şəxsi ədavət sərgiləməməlidi. Çünki hər kəsin üz tuta biləcəyi, sözünün eşidiləcəyi, dərdinin dinləniləcəyi yüksək qurumlar mövcuddu. Bunlardan üstdə isə ölkənin prezidenti, Azərbaycan adlı böyük bir ailənin başçısı cənab İlham Əliyev var. Hər kəs əmin olsun ki, dövlətə və dövlətçiliyə atılan güllə bumeranq kimi ən ağır cəza formasında təxribatçılara, tətikçilərə və havadarlarına dönəcək...
Srağagünki hadisə - Gəncədəki qan ləkəsi, polis zabitlərinin orta əsrlərə məxsus qətli isə təxribat kabusunun pik nöqtəsi oldu. Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov təkcə peşə fəaliyyətlərini yerinə yetirmədilər, onlar dövlətin üstünə gələn cinayətkar ünsürlərin, radikal millətçilərin və dinçilərin qarşısında sipər oldular. Yüksək rütbəli iki polis zabiti "Allahu əkbər" deyən qaraguruhun, cahil zehniyyətin cinayətinə qurban getdi.
Din tacirlərinin, təxribatçı qüvvələrin əlində oyuncağa çevrilərək xəncər-bıçaqla silahlananların yaxasından yapışıb soruşmaq lazımdı: "Allahu əkbər - Allah böyükdü" deməyin nədi, Allahın böyüklüyünə qarşı çıxmağın nədi"? Əmin olsunlar, Allah gerçəkdən də BÖYÜKDÜ. Layiq olduqları cəzanı təkcə Azərbaycan qanunları deyil, Allah daha güclü verəcək. Özünü dindar adlandırıb guya dinin təəssübünü çəkənlər əslində İslam dini ilə, Quranla heç bir əlaqəsi olmayan təxribatçılardı, daha doğrusu, xaricdən, (lap elə daxildən olsun) idarə olunan təxribat maşınının xırda vintidirlər. Bu cür istismar müddətini bitirmiş, nasaz vintciklər cinayət törətməyin ustası olurlar. Belələrindən ötrü "vətən, torpaq, millət, xalq, ailə" anlayışları onları idarə edənlərin verdiyi qəpik-quruşun dəyəri qədər ucuzdu. Mahir Bəyalıyev, Rəşad Böyükkişiyev, Fərrux Qasımov bu gün - bu sətirləri yazdığım saatlarda olmasa da, sabah, o biri gün həbs olunacaqlar. Bu cahillər, xainlər dövlətə, dövlətçiliyə, polis zabitinə, vəzifə sahibinə qarşı törətdikləri cinayətin cavabı ilə "yüklənəcəklər".
Sovetlər zamanı belə bir şüar var idi: "mənim milisim məni qoruyur". O cəmiyyətin bütün ziddiyyətlərinə, bəzi üstünlərinə baxmayaraq, doğrudan da milisin çox böyük nüfuzu var idi. Doğrudan da sovet milisi sovet dövlətinin keşiyində dururdu. Ən əsası isə sıravi insanlar milisin adı gələndə ciddi bir məsuliyyət hiss edir, ondan çəkinir, çiyni paqonluların qanun keşikçisi olduqlarını anlayırdılar. O zaman milis ilə əhali arasında bir xof, qorxu çəpəri var idi.
İndi milisin adı dəyişib, polis olub. İndi də "mənim polisim məni qoruyur", mənim gecələr rahat yatmağımı təmin edir, gündüzlər məni cinayət əməllərindən qoruyur. Bu günkü polisi dünənki milisdən fərqləndirən çox böyük üstünlük var. O da polisin xalqla birlikdə olması, xalqın ondan çəkinməməsi, insanların onlarla eyni addımlamasıdı. Polislə xalq arasında heç bir xof, qorxu deyilən bir maneə yoxdu. Belə bir maneənin olmaması heç kimə əsas vermir ki, əlinə silah alsın, qanunsuz əməllərə əl atsın, yaxud da ağzına gələni danışıb sosial şəbəkədə kinini, nifrətini qussun. Gəncədəki hadisənin iştirakçılarından olan Mahir Bəyalıyev facebook səhifəsində yazıb: " Qardaşlar, silahlanın, polis öldürməyin vaxtı çoxdan yetişib, silahlı birlik yarada bilsək onda bizi zəfər gözləyir. Yalnız və yalnız bir yumruq kimi birləşib polislərin dərsini vermək lazımdı, ölüb-öldürməkdən qorxmaq lazım deyil". Və bu çağırışından bir gün sonra keçmiş həyat yoldaşı Samirə Bəyalıyevanı Ağsuda kirayə yaşadığı evdə bıçaqla qətlə yetirib. Adam qatı cinayətkardı. Kim deyə bilər ki, bu adam təxribatçı deyil? Kim deyə bilər ki, bu adam Azərbaycanı sevməyən, gözü götürməyən hansısa qüvvənin əlində oyuncaq deyil?
Bu faciələrdən törəyən ağrıların içində bir sızıltı var ki, insana rahatlıq vermir. Sosial şəbəkədə məmurları öldürməyə, polisləri qətlə yetirməyə çağırış edənləri dəstəkləyənlər, hətta onların səsinə səs verənlər var. Halbuki bu Vətən hamınındı. 10 milyon insanın havasını udduğu, suyunu içdiyi Torpaqdı, Anadı. Torpağı sevmək, Ananı qorumaq hər kəsin borcudu. Vicdansız, rüşvətxor məmuru qınamaqla yanaşı, ona atəş açan, onu qoruyan polisini qanına qəltan edənləri də pisləmək və ədalətli olmaq lazımdı. Dövlətə bu cür zərbə vurmaq olmaz. Bütün dünyanın terrorla mübarizə apardığı bir zamanda onun Azərbaycandakı qığılcımını söndürmək sıravi vətəndaşından tutmuş, iri çaplı məmuruna qədər - hər kəsin borcudu. Tökülən qardaş qanı son olsun!
Heç kim Azərbaycanda güllə atılmasını, insanların öldürülməsini istəmir. Ölən də, öldürən də bizdəndi, damarları ilə eyni millətin qanı axır. Bu qanı küçələrə tökmək vicdansızlığın, Allahsızlığın, əxlaqsızlığın göstəricidi. Bu ölkənin erməni adlı düşməni var. Əsgər oğullarımız düşmənlə üz-üzə dayanıblar. Müharibə olmasa belə ara-sıra şəhid əsgərlərin qanı vətən torpağına qarışır. Özümüzdən əlavə düşmən düzəldib bu torpağa axıtmağın nə mənası var?! Bu ölkə bölünə bilməz ki? Bu günlərdə qəzəbi kənara qoyub sevgi ilə, mərhəmətlə yüklənməliyik.
Biz bu günlərdə daha həssas olmalıyıq. Sosial şəbəkələrdə yazılanlara diqqət etməliyik. Kimin yazdığının arxasında nə dayandığını anlamalıyıq. Dostu düşməndən ayırmağı bacarmalıyıq. Ölkəmizin başı üzərində dolanan təxribat kabusunun uzaqlaşdığına bel bağlamayaq, ayıq-sayıq olmalıyıq.
Mən məhz bu hisslərə köklənmişəm!..