Azərbaycan dövləti hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir
18 May 2018 11:43 SiyasətAzərbaycanda həyata keçirilən məhkəmə hüquq islahatları ölkədə səmərəli hüquq müdafiə sisteminin yaranmasına şərait yaradıb. Belə ki, vətəndaşlar pozulmuş hüquqlarını bərpa etmək məqsədilə çoxsaylı hüquqi prosedurlardan yararlanmaq imkanına malikdirlər. Xüsusən, vətəndaşlarla dövlət orqanları və yerli özünüidarə qurumları arasında yaranan münasibətlərin nizamasalınması sahəsində daha effektiv müdafiə sistemi qurulub. Artıq İnzibati Prosessual Məcəlləyə görə, iddiaçılar öhdəliyin icrası haqqında iddia vasitəsilə cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsini və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi, həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini də tələb edə bilər. Bu cür iddialara öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia deyilir (İPM-in 34-cü maddəsi). Məsələn, dövlət orqanı və ya bələdiyyənin istənilən şəxs qarşısında qanunla və ya müqavilə ilə müəyyən edilmiş öhdəliyi mövcuddur, lakin həmin orqanlar öhdəliyi icra etməkdən yayınır. Belə olan halda şəxs məhkəmədə iddiaçı qismində çıxış edərək dövlət orqanından və ya bələdiyyədən, inzibati aktın qəbul edilməsinə yönəlməyən müəyyən hərəkətlərin edilməsi və həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini də tələb edə bilər. Bundan əlavə, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Bu cür iddialara müəyyən etmə və ya tanınma haqqında iddia deyilir (İPM-in 36-cı maddəsi). Məsələn, şəxs məhkəmədə iddiaçı qismində çıxış edərək dövlət orqanları və ya bələdiyyə ilə əlaqədar olan, yəni onların səlahiyyətlərinə aid olan hər hansı bir hüquq münasibətinin mövcud olması və ya olmamasının tanınmasını tələb edə bilər. Həmçinin müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər.
Bu kimi iddialarda cavabdeh qismində mərkəzi və yerli icra hakimiyyəti, bələdiyyə orqanları, inzibati aktı qəbul etmək səlahiyyəti verilmiş hüquqi və ya fiziki şəxs ola bilər. Qeyd olunmalıdır ki, göstərilən normalar iddiaçı üçün geniş imkanlar verməklə yanaşı, məhkəmənin üzərinə böyük məsuliyyət qoyur. Bundan başqa, qeyd olunmalıdır ki, şəxslərin hüquqlarının inzibati icraat çərçivəsində müdafiə edilməsi üçün məhkəmə aidiyyətinin düzgün müəyyən olunması vacibdir. İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsində sadalanan inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların siyahısından görünür ki, inzibati mübahisələr üzrə cavabdeh qismində inzibati orqanlar iştirak edir ki, bu da inzibati mübahisələri mülki işlərdən və iqtisadi mübahisələrdən səciyyələndirən xüsusiyyətlərdən biridir və məhz bu xüsusiyyət məhkəmələr tərəfindən mübahisələrin məhkəmə aidiyyətinin düzgün müəyyən edilməsində əsas rol oynayır.
Aidiyyətin düzgün müəyyən edilməsi üçün şəxsləri təmsil edən və hüquqi yardım göstərən vəkillərdən və hüquqşünaslardan da çox şey asılıdır. Məhkəməyə müraciət etmək istəyən maraqlı şəxs məhkəmə aidiyyətini düzgün seçmədiyi hallarda məhkəmə şəxsi hüquqi cəhətdən təlimləndirməyə borcludur və iddia ərizəsinin aidiyyət üzrə müvafiq məhkəməyə göndərilməsinin təminatçısı kimi çıxış etməlidir. Heç istisna deyildir ki, İnzibati Prosessual Məcəllənin müddəalarının tətbiqi zamanı təfsirə və şərhə ehtiyacı olan suallar meydana çıxa bilər. Belə olan halda məhkəmələr Avropa İnsan Hüquqları Konvensiyasının müddəalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına nəzər yetirməlidirlər. Burada beynəlxalq təcrübənin öyrənilməsi də yerində olardı. Son illər ərzində Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycan Respublikasından və digər ölkələrdən çoxlu müraciət daxil olmuşdur. Onların arasında inzibati şikayətlər də mövcuddur. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı və 13-cü maddələri bütün Avropa Şurası dövlətləri üçün minimal icraat standartlarını nəzərdə tutur. Belə ki, Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı və 13-cü maddələrinə əsasən, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bu konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.
Göstərilənlərlə bağlı qeyd olunmalıdır ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verdiyindən, məhkəmə qərarları isə dövlətin adından çıxarıldığından məhkəmə prosedurları ədalət məhkəməsinin nümunəvi şəkildə keçirilməsini müəyyənləşdirən hüquq normalarına uyğun olmalıdır. İnzibati qaydada iddialara baxan hakimlər öz professional biliklərindən səmərəli istifadə edərək Avropa İnsan Hüquqları Konvensiyasının, Azərbaycan Respublikası Konstitusiyasının, İnzibati Prosessual Məcəllənin tələblərini yerinə yetirərək, beynəlxalq hüquq təcrübəsindən istifadə edərək, hər hansı bir maddi və prosessual hüquq normalarını pozmadan qanuni və əsaslı qərarlar qəbul etməlidirlər. İnzibati işlərə baxan hər bir məhkəmə instansiyası nəzərə almalıdır ki, hər hansı bir qanuna zidd və şəxslərin hüquqlarını pozan məhkəmə qərarı Avropa İnsan Hüquqları Məhkəməsinin araşdırma predmetinə çevrilə bilər, bu da həm Azərbaycanın məhkəmə sisteminin, həm də Azərbaycanın imicinə xələl gətirə bilər. Hüquqları pozulmuş şəxslərə gəldikdə isə, onlar qanunla verilmiş imkanlardan səmərəli istifadə edərək öz hüquqlarının müdafiəsi üçün qanunvericilikdə göstərilən qaydada və müddətlərdə məhkəməyə müraciət etməlidirlər.
Zəka