Regional əməkdaşlıq imkanları yeni mərhələdə

Azərbaycan son illər bir sıra formatlarda əməkdaşlıq imkanlarının müzakirə edildiyi, təşəbbüslər irəli sürüldüyü və həmin təşəbbüslərin reallaşdırıldığı bir məkana, dövlətə çevrilib. Bakının beynəlxalq münasibətlər sistemində tutduğu mövqe, oynadığı rol elə bir ab-hava, atmosfer yaradılb ki, hətta bir-birinə əks qütbdə olan dövlət və ölkələrin rəsmi səviyyəli görüşləri bir sıra hallarda məhz Azərbaycan paytaxtında gerçəkləşir.

Bakı bu əməkdaşlıq formatlarının mərkəzinə çevrilir

Azərbaycan son illər bir sıra formatlarda əməkdaşlıq imkanlarının müzakirə edildiyi, təşəbbüslər irəli sürüldüyü və həmin təşəbbüslərin reallaşdırıldığı bir məkana, dövlətə çevrilib. Bakının beynəlxalq münasibətlər sistemində tutduğu mövqe, oynadığı rol elə bir ab-hava, atmosfer yaradılb ki, hətta bir-birinə əks qütbdə olan dövlət və ölkələrin rəsmi səviyyəli görüşləri bir sıra hallarda məhz Azərbaycan paytaxtında gerçəkləşir. Birləşmiş Ştatlar və Rusiya Federasiyasının yüksək rütbəli hərbi rəsmilərinin Bakı görüşü fonunda bunu aydın görmək mümkündür. Paralel olaraq ölkəmiz dost və yaxın qonşu münasibətləri olan dövlətlərlə də ikitərəfli və çoxtərəfli əməkdaşlıq imkanlarını götür-qoy edir, onu dəyərləndirir və bu istiqamətdə real, nəticəyə hesablanmış addımlar atır. Bir müddət əvvəl baş tutan Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirlərinin görüşü, bundan əvvəl isə Azərbaycan, Gürcüstan və Türkiyə xarici siyasət idarəsi rəhbərlərinin bir neçə dəfə birgə əməkdaşlığı özündə ehtriva edən görüşlər keçirməsi deyilənlərin əyani sübutudur. Bu günlərdə isə Azərbaycan daha bir mühüm görüşə evsahibliyi etdi. Söhbət Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin Bakı görüşündən gedir. Məlumat üçün qeyd edək ki, dekabrın 20-də Bakıda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin növbəti, sayca beşinci üçtərəfli görüşü keçirildi. Görüşdə hər üç ölkənin xarici siyasət idarəsinin rəhbərləri qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, beynəlxalq təşkilatlarda əməkdaşlıq və bu kimi vacib məsələlərlə yanaşı regionda və beynəlxalq aləmdə baş verən prosesləri də müzakirə ediblər. Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin Bakı görüşünün nəticəsi olaraq xarici siyasət idarəsi rəhbərləri tərəfindən Bakı bəyanatı imzalanıb. Bəyanatda bir sıra vasob məqamlar öz əksini tapıb.

Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin Bakı görüşü və həmin görüşdə imzalanan bəyanat, eləcə də üçtərəfli formatda əməkdaşlığın perspektivləri barədə müxtəlif fikirlər, proqnozlar səsləndirlir. Bəs görəsən, üçtərəfli əməkdaşlıq region, eləcə də həmin ölkələr üçün müsbət nə vəd edir?

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin Bakı görüşünün yekunu olaraq ortaq qəbul edilən bəyanatın üç bəndi daha çox diqqəti cəlb edir: "Birincisi, nazirlər ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulmamasına çağırış etdilər. Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında ən qısa müddətdə həllinin vacibliyi xüsusi qeyd edildi. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifi dekabrın 1-də Ermənistanda rəsmi səfərdə olarkən bu ölkəni bölgədə "sülhün və əmin-amanlığın çarçısı və təminatçısı" adlandırmışdı. Bu ifadə Azərbaycanın siyasi və ekspert dairələrində etirazla qarşılandı. Azərbaycan torpaqlarını işğal edən dövlət bölgədə sülhün təminatçısı ola bilməz. Odur ki, Zərifinin Bakıda Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini vurğulayan bəyanata imza atması onun İrəvanda dediklərinə zidd idi. İmzalanmış bəyanat deyilmiş sözdən daha dəyərli olmalıdır". Politoloq deyib ki, buna baxmayaraq, İranın xarici işlər naziri Bakıda ortaq mətbuat konfransında Ermənistanın ünvanına tənqid də səsləndirmədi: "Məsələn Məhəmməd Cavad Zərifin yanında oturan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ortaq mətbuat konfransında dedi ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib. "Xocalı faciəsi ortadadır" - deyən Mövlüd Çavuşoğlu fikrini "münaqişənin Azərbaycanın qəbul etdiyi həll formulunu dəstəkləyirik" cümləsiylə bitirdi. İranın xarici işlər naziri bu mövzuda fikir bildirmədi.

İkincisi, nazirlər sosial-iqtisadi inkişaf naminə Asiya və Avropa arasında rəqabətli tranzit nəqliyyatının kəmiyyət və keyfiyyətini artırmaq üçün strateji cəhətdən əhəmiyyətli olduğunu vurğuladılar. Nazirlər genişmiqyaslı beynəlxalq nəqliyyat layihələrində üç ölkənin iştirakının vacibliyini xüsusi vurğulayaraq, "Şərq-Qərb", "Cənub-Qərb", "Şimal-Cənub" marşrutlarında üç ölkənin tranzit potensialdan istifadəyə əlverişli şərtlər yaradan Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsini alqışladılar, Rəşt-Astara dəmir yolunun tikintisinin ən qısa müddətdə tamamlanması üçün lazımı addımların atılmasının vacibliyini qeyd etdilər. Bu müddəa da Azərbaycan üçün vacibdir. Çünki Azərbaycan qonşu ölkələrin regional layihələrə qarşı çıxmasını və bu layihələrə rəqib gözü ilə baxmasını istəmir. İranın Bakı-Tbilisi-Qars dəmiryolunu dəstəkləməsi o deməkdir ki, Tehran Çindən çıxan malların Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən daşınmasının əleyhinə deyil, tam əksinə bəlkə gələcəkdə öz yüklərini də bu xətt üzrə Avropaya daşımağa başladı.Üçüncüsü, rəsmi Bakı Qüds məsələsində Ankara və Tehranın mövqeyinə dəstək verir və bu nazirlərin ortaq bəyanatında da əks olundu. Həm Ankara, həm də Tehran Birləşmiş Ştatlar prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasını sərt tənqid edir, şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanıyıblar. Rəsmi Bakı İsraillə münasibətlərdə problem yaşamaq istəməsə də, islam aləminin tərkib hissəsi kimi, o cümlədən qonşu İran və Türkiyə ilə eyni mövqedən çıxış etmək zərurətindən İslam Əməkdaşlıq Təşkilatının son İstanbul toplantısının bəyannaməsini dəstəkləyir. Rəsmi Bakının başqa alternativi yoxdur. Ancaq bu toplantı ilə eyni gündə prezident İlham Əliyev Bakıya beynəlxalq konfransa gələn Amerika yəhudi lobbisinin liderləri ilə də görüşür. Bunun özü rəsmi Bakının balansı qorumağa çalışmasına işarədir". Mərkəz rəhbəri deyib ki, siyasət qarşılıqlı maraqlar üzərində qurulur. Azərbaycan Dağlıq Qarabağ məsələsində islam aləminin dəstəyinin artırılmasını arzulayır: "Rəsmi Bakı isə bunun müqabilində islam aləminin qəbul etdiyi ümumi baxışları bölüşmək məcburiyyətindədir. Doğrudur, bunun da müəyyən sərhədi var. Yəni məsələn heç bir müsəlman ölkəsi İsraillə diplomatik əlaqələri kəsməyi Azərbaycandan tələb etməməlidir. Bu artıq Azərbaycanın daxili işlərinə qarışması olar".

Millət vəkili Sahib Alıyev isə qeyd edib ki, Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin üçlü format çərçivəsində keçirilən Bakı görüşünün bəyannaməsində Dağlıq Qarabağ probleminin ən qısa zamanda suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulmamasına hörmət prinsipi əsasında həll edilməli olduğunun vurğulanması önəmli məsələdir: "Amma ən önəmlisi o olardı ki, bu bəyannaməyə qol atanların hamısı addım atanda da eyni prinsipdən çıxış etsinlər. Ölkələrindəki aparıcı qəzetlərdən birində Dağlıq Qarabağdakı terrorçu və separatçı rejimin qondarma "xarici işlər naziri" ylə müsahibə verdirib sonra da bu azmış kimi onu dövlət xəbər agentliyində də yaymaq kimi məkrli hərəkətlərə əl atmasınlar".

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə isə bildirib ki, Azərbaycan, Türkiyə və İran xarici İşlər nazirlərinin Bakı görüşü və imzalanan Bakı bəyannaməsi üçlük formatında əməkdaşlığın bariz nümunəsi olmaqla, Ankara-Bakı və Tehran arasında yeni əməkdaşlıq səhifəsinin açılmasıdır: "Bu üçlü format region ölkələrilə əlaqlərin genişləndirilməsində mühüm əhəmiyyət kəsb edən regional formatdı. Bunun inkişafı üçün üç ölkə səylə çalışmalıdır". Politoloq deyib ki, İranın Qarabağla əlaqədar siyasətində korrektələr etməsi üçün Ankara və Bakı Tehranla ciddi danışıqlar aparmalıdır: "Bu formatın uğurlu olması, İranın Ermənistanla əlaqlərindən asılı olacaq. İran Ermənistanla əlaqlərini zəiflətsə, üç ölkə strateji tərəfdaş olaraq, müttəfiqliyə qədər əlaqləri yüksəldə bilərlər".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31