Azərbaycançılıq ideologiyası dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi

Azərbaycançılıq ideologiyası hələ uzun illər əvvəl, tarixin müxtəlif dövrlərində meydana çıxaraq yaranıb və formalaşıb. Düzdür, bu ideologiya prinsip etibarilə müstəqillik illərindən sonra daha geniş yayılaraq günümüzün ən aktual mövzusu və başlıca hədəfimizə çevrilsə də, lakin qeyd etdiyimiz kimi bu dövrə qədər də azərbaycançılıq ideologiyasının formalaşmasında, yayılmasında müstəsna xidmətlər, fəaliyyətlər olub. Belə demək mümkünsə Babəkdən tutmuş Koroğlu, Qaçaq Nəbi, Mehdi Hüseynzadə kimi qəhrəmanlar, Nizami, Füzuli, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid kimi şair və yazıçılara qədər, həmçinin Şah İsmayıl Xətai, Məmməd Əmin Rəsulzadə, Fətəli xal Xoyski kimi dövlət xadimlərinə qədər adlarını qeyd etdiyimiz hər kəsin azərbaycançılıq ideologiyasının formalaşmasında, yayılmasında mühüm rolu olub.

Günümüzdə soydaşlarımızın bu ideologiya ətrafında birləşməsi daha çox zərurətə çevrilib

Azərbaycançılıq ideologiyası hələ uzun illər əvvəl, tarixin müxtəlif dövrlərində meydana çıxaraq yaranıb və formalaşıb. Düzdür, bu ideologiya prinsip etibarilə müstəqillik illərindən sonra daha geniş yayılaraq günümüzün ən aktual mövzusu və başlıca hədəfimizə çevrilsə də, lakin qeyd etdiyimiz kimi bu dövrə qədər də azərbaycançılıq ideologiyasının formalaşmasında, yayılmasında müstəsna xidmətlər, fəaliyyətlər olub. Belə demək mümkünsə Babəkdən tutmuş Koroğlu, Qaçaq Nəbi, Mehdi Hüseynzadə kimi qəhrəmanlar, Nizami, Füzuli, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid kimi şair və yazıçılara qədər, həmçinin Şah İsmayıl Xətai, Məmməd Əmin Rəsulzadə, Fətəli xal Xoyski kimi dövlət xadimlərinə qədər adlarını qeyd etdiyimiz hər kəsin azərbaycançılıq ideologiyasının formalaşmasında, yayılmasında mühüm rolu olub.

Qeyd etdiyimiz kimi azərbaycançılıq ideologiyası özünün yeni mərhələsinə XX əsrin ikinci yarısından etibarən qədəm qoydu və müstəqillik illərindən sonra isə bu ideologiya daha geniş formada yayılmağa başladı. Təbii ki, yeni dövrdə bu ideologiyanın formalaşması, geniş şəkildə yayılması və qarşıda duran bir nömrəli vəzifəyə çevrilməsi ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı idi. Ümummilli lider Heydər Əliyev istər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsininn birinci katibi kimi fəaliyyət göstərdiyi 14 il, istərsə də müstəqil Azərbaycan Respublikasının prezidenti kimi bu ali vəzifəni icra etdiyi 10 il ərzində azərbaycançılıq ideologiyasının formalaşması və inkişaf etdirilməsində misilsiz xidmətlər göstərdi.

Sovetlər İttifaqının zamanında azərbaycançılıq ideologiyasının siyasi yöndən, istiqamətdən formalaşdırılıb inkişaf etdirilməsi kifayət qədər risqli və çətin olduğu üçün ümummilli lider bu ideologiyanı zəngin siyasi təcrübəsinə əsaslanaraq mədəniyyət üzərindən həyata keçirirdi. Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçilənə qədər, konkret olaraq XX əsrin 60-70-ci illərində azərbaycanlılar təhsil səviyyəsinə, eləcə də ölkədən kənara çıxmaq imkanlarına görə keçmiş ittifaqın statistik göstəricilərində ən aşağı yerlərdən birini tuturdu. Lakin Heydər Əliyev Azərbaycan rəhbərliyinə gəldikdən qısa müddət sonra bu göstəricilər müsbətə doğru dəyişməyə başladı. Məhz Heydər Əliyevin əməyi sayəsində yüzlərlə gəncin keçmiş SSRİ-nin nüfuzlu universitetlərində ali təhsil alması üçün imkan yaradıldı. Əslində bu azərbaycançılıq ideologiyasının həmin dövrdə formalaşmasının mərhələlərindən birini təşkil edirdi. Təsadüfi deyil ki, Heydər Əliyevin zamanıda keçmiş SSRİ-nin müxtəlif ölkələrinin ali təhsil müəssisələrinə oxumaq üçün göndərdiyi həmin gənclər sonradan həmin  ölkələrdə Azərbaycan diasporunun təşkilatlanması və formalaşmasına təkan verən şəxslərdən oldular.

Heydər Əliyevin azərbaycançılıq ideologiyasının yayılması istiqamətindəki xidmətlərindən biri də Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin keçmiş SSRİ-nin müxtəlif subyektlərində yubileylərinin, görüşlərinin təşkil edilməsi, onların xatirəsinin əbədiləşdirilməsi idi. Bu isə Heydər Əliyevin Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü kimi Moskvada fəaliyyət göstərdiyi dövrə təsadüf edirdi. Belə ki, həmin illərdə başda Moskva olmaqla Sankt-Peterburq, Ulyanovsk, Rostov, Taqanroq və digər bu  kimi şəhərlərdə Azərbaycanla bağlı abidələr ucaldıldı, "Nizami", "Dədə Qorqud", "Babək", "Nəsimi" kimi filmlərimiz SSRİ-nin televiziya ekranlarına çıxdı. Eyni zamanda Müslüm Maqomayev, Rəşid Behbudov kimi dahi sənətkarların bu gün dilimizin əzbəri olan və Azərbaycanı tərənnüm edən mahnıları keçmiş ittifaqın bütün subyektlərinə yayıldı. Məhz bu da əslində Heydər Əliyevin mədəniyyət üzərindən azərbaycançılıq ideologiyasını keçmiş SSRİ-nin hüdudlarına, hətta ondan da kənara yaymaq cəhdi və fəaliyyəti idi ki, bu fəaliyyət də uğurla həyata keçirilirdi.

Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyasının birinci katibi vəzifəsində işlədiyi dövrlərdə Azərbaycanın bölgələrinə səfərləri də bir növ bu ideologiyaya xidmət edirdi. Düzdür, burada əsas məqsəd iqtisadi yüksəlişə nail olmaq və ümumittifaq səviyyəsində azərbaycanlı zəhmətkeşlərin əməyini yüksək qiymətləndirməyə müvəffəq olmaq idisə, eyni zamanda o zamanlar Heydər Əliyevin çox incəliklə işlədiyi, heç kimin duya bilmədiyi bir gizlinlər də vardı. Belə ki, 1920-1930-cu illərdə bu və ya digər formada rus işğalını qəbul etməyərək, Sovet quruluşuna qarşı çıxmış, siyasi və əksinqilabi qaçaqçılıq fəaliyyəti göstərmiş, siyasi mühacirətə yollanmış, "xalq düşməni" kimi sürgün edilən, güllələnən insanların, ateizim ideologiyasına əks olan din xadimlərinin ailələri və qohumları Sovet İttifaqının etibarsız ünsürləri hesab edilərək "qara siyahı"ya salınmışdılar. Bu siyahıya düşmüş ailələrin, nəsillərin övladları bir çox hüquqlardan məhrum idi. Heydər Əliyev DTK orqanında işlədiyi müddətdə məsələnin mahiyyətini dərindən araşdırdığından, Azərbaycana rəhbərlik etdiyi dövrdə əsasən rayon və kəndlərdə həmin "qara siyahı"ya düşən ailələrin uşaqlarının təhsil almalarına qarşı olan maneələri aradan götürmüş və bir çox şəxslərə vəzifə verilməsi üçün aidiyyəti üzrə xüsusi tapşırıqlar vermişdi. Ümumilli liderin özünəməxsus şəkildə atdığı bu addım da əslində azərbaycançılıq ideologiyasına xidmət edirdi.

Azərbaycançılıq ideologiyası, məfkurəsinin formalaşması, müasir dövrümüzdə inkişaf etməsində 1989-cu ilin sərhəd hərəkatı da mühüm rol oynadı. Artıq SSRİ-nin dağılma ərəfəsində hər bir müttəfiq respublikada olduğu kimi Azərbaycanda da milli-azadlıq ruhu baş qaldırmışdı və bu qarşısıalınmaz bir prosesə çevrilirdi. Məhz bunun nəticəsi idi ki, 1989-cu il, dekabr ayının 31-də azərbaycanlılar İran və Türkiyə sərhəddi boyunca uzanan sərhəd çəpərlərini söküb xalqın ikiyə bölünməsinə öz etirazını bildirdi. Azərbaycan tarixində baş verən ən mühüm hadisələrdən olan sərhəd hərəkatı və nümayiş etdirilən birlik, bərabərlik demək olar ki, bütün dünyanı lərzəyə salmışdı. Kifayətqədər tarixi əhəmiyyətə malik olan bu olayın dövlət tərəfindən rəsmiləşdirilməsi olduqca vacib idi və bununla bağlı ilk təşəbbüs də elə məhz ümummilli lider Heydər Əliyev tərəfindən gəldi. Beləliklə, 1991-ci il, dekabr ayının 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev 31 dekabr gününün Azərbaycan tarixinə milli həmrəylik günü kimi daxil olması təşəbbüsü ilə çıxış etdi və həmin təşəbbüs əsasında qeyd edilən tarixinin həmrəylik günü kimi qeyd olunması barədə qərar qəbul edildi.

Azərbaycan müstəqillik əldə etdikdən sonra soydaşlarımızın birlik və bərabərliyinə, azərbaycançılıq ideologiyasının daha da inkişaf etdirilməsinə böyük ehtiyac duyulurdu. Elə bu zərurətdən dolayı idi ki, ümummilli liderin 2001-ci il, 23 may tarixili sərəncamı ilə həmin ilin noyabr ayında Bakıda Dünya Azərbaycanlılarının Birinci Qurultayının keçirilməsi qərara alındı. Dünya Azərbaycanlılarının Birinci Qurultayı bir tərəfdən dünyada yaşayan soydaşlarımızın birlik və bərabərliyinə hesablanmış addım idisə, digər tərəfdən bu qurultay azərbaycançılıq ideologiyasının günün tələblərinə uyğun formalaşdırılması, inkişaf etdirilməsinə xidmət edirdi. Bir qədər də konkretləşdirsək Dünya Azərbaycanlılarının Birinci Qurultayının keçirilməsinin əsas məqsədi xaricdə yaşayan həmvətənlərimizi və soydaşlarımızı bir ideya ətrafında-azərbaycançılıq ideyası ətrafında birləşdirməkdən ibarət idi. Qurultaydan keçən qısa müddət ərzində Heydər Əliyevin 2002-ci il, 5 iyul tarixli fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması da soydaşlarımızın birlik və bərabərliyinin möhkəmləndirilməsi ilə yanaşı azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsinə xidmət edirdi.

Artıq azərbaycançılıq ideologiyası dövlət siyasətinin prinsipial istiqamətlərindən birinə çevrilmişdi. Sevindirici hal isə ondan ibarət idi ki, Heydər Əliyevin vəfatından sonra da bu siyasət davam etdirilirdi. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının İkinci Qurultayının keçirilməsi barədə 2006-cı il, 8 fevral tarixli sərəncamı mühüm əhəmiyyət kəsb edirdi. Bu həm də onun göstəricisi idi ki, Heydər Əliyev siyasəti hər bir sahədə olduğu kimi diaspora, azərbaycançılıq ideologiyasının inkişaf etdiriilməsi istiqamətində də davam və inkişaf etdiriləcək. Elə 2011-ci il, iyul ayının 5-6-da Bakıda Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsi də bunun əyani sübutu idi. Növbəti qurultay həm də qeyd edilən prosesin davamlı xarakter daşıdığını ortaya qoyurdu. Eyni zamanda dünyada yaşayan azərbaycanlılara, soydaşlarımıza azərbaycançılıq ideologiyası ətrafında daha sıx birləşməyi tövsiyə edirdi. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də qurultayda çıxışı zamanı bunu açıq şəkildə vurğulamışdı: "Bizim xaricdə yaşayan böyük ailəmiz vardır, bu, azərbaycanlılardır. Onlar öz doğma Vətəninə bağlı olan adamlardır. Bizi fərqləndirən əlamət ondan ibarətdir ki, harada yaşamağımızdan asılı olmayaraq, öz Vətənimizə bağlıyıq. Bura bizim vətənimizdir, hamımızın vətənidir. Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var - Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var - azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər". Yaxud 2016-cı il, 3 iyun tarixində keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında dövlət başçısı bir daha Azərbaycan dövlətinin soydaşlarımızın birlik və bərabərliyinə xüsusi diqqət yetirdiyini qeyd edərək bunları ifadə etmişdi: "Biz həmişə xaricdə yaşayan azərbaycanlıların həyatı, taleyi, işləri ilə maraqlanırıq. Çalışırıq ki, onlara öz dəstəyimizi verək. İstəyirik ki, onlar olduqları ölkələrdə rahat yaşasınlar, yaxşı mövqe tutsunlar, onların yaxşı imkanları olsun və eyni zamanda, öz doğma Vətəninə də xidmət etsinlər".

Bununla əslində prezident günümüzdə birlik və bərabərliyə, azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməyə  daha çox ehtiyac duyulduğunu bildirirdi. Çünki zaman keçdikcə, Azərbaycan uğurla inkişaf etdikcə onun uğurunu, əldə etdiyi nailiyyətləri həzm etməyən, bununla barışmayan erməni lobbisi və ona xidmət edən xarici dairələrin də sayı artır. Nəticə etibarilə beynəlxalq aləmdə, ayrı-ayrı ölkələrdə Azərbaycan əleyhinə kampaniyalara start verilir. Ölkəmiz barədə mənfi rəy formalaşdırılmağa çalışılır, qeyri-obyektiv, qərəzli yanaşma ortaya qoyulur. Ona görə də beynəlxalq səviyyədə fəaliyyət göstərən antiAzərbaycan şəbəkəsinə qarşı daha effektli mübarizə aparmaq üçün azərbaycançılıq ideologiyası ətrafında daha sıx birləşmək zəruridir, vacibdir.

Süleyman İsmayılbəyli

"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31