AXCP və Müsavatın özünü xaricə təqdim etmək yarışı

Azərbaycanda hər seçki ərəfəsində müşahidə edilən tendensiya təkrarlanır. Müxalifətin, daha doğrusu bu düşərgəni təmsil edən radikal qanadın ənənəvi, perspektivsiz və daxili auditoriya, seçicilər deyil, xaricə hesablanmış fəaliyyəti.

Azərbaycanda hər seçki ərəfəsində müşahidə edilən tendensiya təkrarlanır. Müxalifətin, daha doğrusu bu düşərgəni təmsil edən radikal qanadın ənənəvi, perspektivsiz və daxili auditoriya, seçicilər deyil, xaricə hesablanmış fəaliyyəti. Yenə radikal düşərgə təmsilçiləri 2018-ci ilin prezident seçkilərində xaricdəki antiAzərbaycan dairələrin, erməni lobbisinin maraqlarına xidmət edən şəbəkənin onlara siyasi dəstək verməsi üçün dəridən-qabıqdan çıxır. Amma bu ərəfədə maraqlı bir tendensiya müşahidə edilməkdədir. Belə ki, radikal müxalifət partiyaları əvvəlki seçki ilində daha çox kollektiv qaydada özünü xaricə təqdim edirdisə, indi hər bir siyasi partiya fərdi qaydada buna can atır. Daha dəqiq desək müxalifətin 2018-ci il seçkilərində əsas namizədi olmaq istəyir. Elə son bir neçə ay ərzində ölkənin siyasi cameəsində cərəyan edən proseslərə nəzər yetirdikdə bunu aydın şəkildə görmək mümkündür. Görünən odur ki, 2013-cü ilin prezident seçkilərində daha çox Rusiyanın projesi kimi təqdim edilən Milli Şuranın çətiri altında toplanan, hakimiyyətə gəlmək üçün hətta Azərbaycanın müstəqilliyindən vaz keçməyi düşünən Azərbaycan Xalq Cəbhəsi Partiyası və onun gah müttəfiqi, gah da rəqibinə çevrilən Müsavat Partiyası indi ayrı-ayrılıqda güc nümayiş etdirmək qərarına gəlib. Amma bu prosesdə həmişəki kimi yenə də AXCP sədri Əli Kərimlinin Müsavatı qabaqladığı göz önündədir. Hər halda Əli Kərimlinin bir neçə dəfə uğursuz belə nəticələnməsinə baxmayaraq keçirdiyi etiraz aksiyaları belə deməyə əsas verir. Düzdür, AXCP sədrinin keçirdiyi aksiyalar getdikcə azalan xətt üzrə davam etsə və hər dəfə mitinq iştirakçılarının sayında azalma baş versə də, hər halda Əli Kərimli xaricdəki antiAzərbaycan şəbəkəyə özünü pis və və yaxşı təqdim edə bildi. Və belə bir görüntü yararmağa nail oldu ki, guya Azərbaycanın əsl müxalifət partiyası və real gücü onun rəhbərlik etdiyi partiya və Milli Şuradır. Əli Kərimlinin təşkil etdiyi aksiyalarda Avropa Birliyinin bayrağı da daxil olmaqla, ayrı-ayrı Avropa ölkələrinin bayraqlarının dalğalanması da məhz qeyd etdiyimiz məqsədə, özünü Avropaya, Qərbə təqdim etməyə hesablanmışdı. Yəni bununla Əli Kərimli özünü Qərbin, Avropanın hakimiyyətə alternativ namizədi kimi sıramaq istəyirdi. Təbii ki, bu situasiya Müsavat Partiyasını qane edə bilməzdi. Və Milli Şuranın aksiyalarından ruhlanan Müsavat Partiyası da Əli Kərimlinin timsalında özünü xaricə təqdim etmək siyasətinin işə yaradığını düşünərək paytaxtda aksiya təşkil etməyi qərarlaşdırdı. Amma Müsavat Partiyası AXCP-dən fərqli olaraq mitinq deyil, yürüş keçirməyi qərarlaşdırdı. Əslində müsavatçıların hansı səbəbdən mitinq deyil, yürüş nəzərdə tutduqları elə partiyanın bu barədə verdiyi qərardan bəlli idi. Yəni, müsavatçılar adları qədər dəqiq bilirdilər ki, müvafiq qurumlar partiyanın yürüşünə icazə verməyəcəklər. Səbəb isə bəlli və tamamilə başadüşüləndir. Çünki son illər Azərbaycan regionun turizm məkanlarından biri kimi tanınıb və artıq yalnız yay fəsli deyil, hətta ilin bütün fəsillərində ölkəmizdə, xüsusilə paytaxt Bakıda kifayət qədər xarici turistə rast gəlmək mümkündür. Belə bir şəraitdə paytaxtda hansısa siyasi aksiyanın keçirilməsi ilk növbədə turistlərin təhlükəsizliyi üçün problem yaradır. Digər tərəfdən bu kimi aksiyalar vətəndaşların, avtomobillərin hərəkətinə problemlər yaradır, onsuz da sıxlıq olan şəhərdə daha dözülməz vəziyyət yaradır. Bütün bunlardan dolayı da müvafiq qurumlar haqlı olaraq Müsavatın yürüş istəyinə razılıq vermədilər. Müsavat isə bu addımı belə qələmə verməyə çalışdı ki, guya partiyanın yürüşünün AXCP-nin, daha dəqiq desək Milli Şuranın aksiyasından daha izdihamlı olacağından ehtiyat edildiyi üçün partiyanın həmin aksiyasına icazə verilmədi. Bu fakt eyni zamanda Müsavatın özünü xaricə daha güclü, elektoratlı partiya kimi təqdim etməsi işinə də yaradı. Təsadüfi deyil ki, partiyanın əsas etibarilə Almaniyada yaşayan mühacir üzvləri orada belə bir fikir formalaşdırmağa çalışırlar ki, guya Müsavat Partiyası 2018-ci ilin prezident seçkilərində hakimiyyətə ən ciddi rəqib olduğu üçün bu partiyanın nəzərdə tutduğu aksiyalara, toplantılara icazə verilmir.

Keçmiş "müttəfiqlər", bu gün isə sanki düşmənə çevrilən AXCP və Müsavatın özünü xaricə daha yaxşı təqdim etmək istiqamətindəki fəaliyyətindən, daha dəqiq desək didişməsindən isə eks-spiker Rəsul Quliyev yararlanmağa başlayıb. Məşhur təmsildə deyildiyi ki, Rəsul Quliyev okeanın o tayından radikal müxalifət daxilində gedən ddidşməni öz xeyrinə həll etmək üçün hərəkətə keçib və gələn il keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb. Rəsul Quliyev güman edir ki, uzun illər Əli Kərimli və İsa Qəmbərin yanında külüng vuran, ancaq heç bir nəticəyə nail olmayan bu patiyalardan kifayət qədər sima 2018-ci ilin seçkilərində ona dəstək verəcək. Elə bu günlərdə eks-spikerin okeanın o tayından Bakıdakı tərəfdarları vasitəsilə demokratik "düçüncəli" insanlarla virtual əlaqə yaratması da məhz buna hesablanıb.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31