Ollanddan ədalətli mövqe gözləməyə dəyməz
Ermənistan prezidenti Serj Sərkisyan fransalı həmkarı Fransua Ollandın dəvəti ilə martın 8-də Parisə səfər edəcək. Səfər çərçivəsində tərəflər arasında ikitərəfli əlaqələr, o cümlədən Dağlıq Qarabağ məsələsinin müzakirəsi gözlənir. Bu barədə Olland ölkəsindəki erməni təşkilatlarının koordinasiyası üzrə Şuranın toplantısında çıxışı zamanı bildirib.
13 Fevral 2017 15:23 SiyasətO, Qarabağ məsələsində hər zaman Ermənistanı müdafiə edib
Ermənistan prezidenti Serj Sərkisyan fransalı həmkarı Fransua Ollandın dəvəti ilə martın 8-də Parisə səfər edəcək. Səfər çərçivəsində tərəflər arasında ikitərəfli əlaqələr, o cümlədən Dağlıq Qarabağ məsələsinin müzakirəsi gözlənir. Bu barədə Olland ölkəsindəki erməni təşkilatlarının koordinasiyası üzrə Şuranın toplantısında çıxışı zamanı bildirib. Olland əlavə edib ki, ölkəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli məqsədilə yaradılmış Minsk Qrupunun həmsədrlərindən biri olaraq ABŞ və Rusiya kimi, xüsusi məsuliyyət daşıyır: "Biz tələsirik. Bu problemin həlli üçün tələsmək həqiqətən də var. Çünki ötən ilin dəhşətli aprel insidenti bizə xatırlatdı ki, Qarabağda hər gün və ya demək olar, hər gün insanlar ölür. Biz qarşıdurmanı önləmək üçün hərəkətə keçməliyik. Bu münaqişənin sülh yolu ilə həlli üçün yolların tapılması önəmlidir". O, Daha sonra sülh danışıqlarının perspektivinə toxunaraq deyib: "Döyüşlər bitdi, dialoq başlandı, atəşkəs haqda anlaşma əldə olundu. Ancaq biz atəşkəsin əldə edilməsi ilə qane ola bilmərik. Ona görə ki, bu, problemin həlli deyil. Biz konfliktin nizamlanmasına yönəlik real danışıqlara başlamalıyıq. Böyük bir səhv olardı düşünmək ki, situasiya sabitləşib. Biz münaqişənin "Madrid prinsipləri"də əksini tapmış nizamlama elementlərinə müraciət etməliyik. Biz həmçinin bilirik ki, həmin prinsiplər tətbiq olunarkən Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququna əsaslanmalıdır. Bu istiqamətdə addımlar atılması üçün də Fransa Azərbaycan və Ermənistan prezidentlərinin yeni görüşünü təşkil edəcək". Maraqlıdır, 25 ildən artıq bir müddətdə Minsk qrupunda təmsil olunan ölkənin liderini belə cəsarətli danışmağa nə vadar edib? Əslində Ollandın fəaliyyəti müddətində onun Dağlıq Qarabağ məsələsinə münasibəti heç də səmimi olmayıb, əksinə, daim ermənipərəst mövqe nümayiş etdirib. Belə isə, sözügedən görüş zamanı Ollanddan Qarabağ məsələsi ilə bağlı hansısa ədalətli mövqe gözləməyə dəyərmi? Millət vəkili Qənirə Paşayeva bildirib ki, Olland nə zaman Qarabağ problemi ilə bağlı ədalətli mövqe tutub ki, indi də ondan ədalətli mövqe gözləyək? "Olland hər zaman Ermənistanı müdafiə edib. Onun lideri olduğu ölkə BMT Təhlükəsizlik Şurasının üzvüdür, amma bu günə qədər Ermənistana bu təşkilatın qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsi istiqamətində heç bir təsir və təzyiq etməyib". O, qeyd edib ki, 1 milyon azərbaycanlı köçkün 20 ildən artıqdır ki, öz evinə dönə bilmir və onların fundamental insan haqları işğalçı Ermənistan tərəfindən pozulmaqda davam edir, Ermənistan hələ də işğalı davam etdirir, amma Qarabağ probleminin həlli istiqamətində yaradılmış ATƏT-in Minsk qrupunun 3 həmsədrindən biri kimi bu günə qədər rəsmi İrəvana azərbaycanlı köçkünlərin öz evinə qayıda bilməsi istiqamətində heç bir təzyiq göstərməyib: " Olland hər zaman qondarma "erməni soyqırımı" yalanlarını dəstəkləyib, amma Xocalı soyqırımı barədə danışmaq belə istəmir. Ona görə də dövlət və millət olaraq gücümüzü, birliyimizi daha da gücləndirərək torpaqlarımızı biz özümüz işğaldan azad etməliyik və inşallah azad edəcəyik". Deputat bildirib ki, ollandların fikri də bizim üçün önəmli deyil və olmamalıdır. Cənab Prezident, Ali Baş Komandan da bunu çox açıq və birmənalı şəkildə ifadə edib: "Azərbaycan torpaqlarında ikinci erməni dovlətinin yaranmasına heç bir zaman imkan verməyəcək və biz torpaqlarımızı işğaldan azad edəcəyik. Və hamımız bu amal üçün çalışmalıyıq. Bir turist təşkilatına çevrilmiş ATƏT-in Minsk qrupunun həmsədrlərindən ciddi heç bir şey gözləməyə dəyməz". Millət vəkili Eldəniz Səlimov deyib ki, Olland daim ermənipərəst mövqeyi ilə seçilib: "Ollandın, eləcə də, digər həmsədr dövlətlərin ədalətsiz mövqeyi, ikili yanaşması, üclü-beşli standartları üzündən Ermənistan-Azərbaycan münaqişəsi hələ də öz ədalətli həllini tapmayıb, işğalçıya öz yeri tanıdılmayıb. Bu baxımdan, Fransua Ollandın erməni diasporu ilə görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllində xalqların öz müqəddəratını təyinetmə prinsipinin əsas götürülməsi barədə səsləndirdiyi fikir də əslində bir o qədər təəccüb doğurmamalıdır. Yəni, Olland bununla bir daha öz ədalətsiz mövqeyini, ikili yanaşmasını açıqlamış oldu. Bununla yanaşı, cənab Ollandın bu mövqeyi bir sıra ekspertlərin də qeyd etdiyi kimi, Fransada qarşıdan gələn seçki kampaniyası ilə bağlıdır". Onun sözlərinə görə, əfsuslar olsun ki, erməni diasporu və lobbisi ilə oyuna girən ollandlar başa düşmürlər ki, bununla onlar əslində öz ölkələrinin öz imicinə, nüfuzuna böyük zərbə vururlar, onlara olan, azacıq olsa belə, etimad limitini tükəndirirlər. Bilmək lazımdır ki, Fransada prezident seçkiləri heç də Ollandın iştirakı ilə keçməyəcək: "Ona görə təəssüflər olsun ki, bu insan bu istiqamətdə çıxışlar edərək daha çox Fransanın özünə problem gətirir, nəinki Azərbaycana. Bu həqiqəti anlaması və qəbul etməsi ilk növbədə onun özünə və onun kimi düşünənlərin özlərinə lazımdır". Millət vəkili bir daha xatırladıb ki, kimin nə deməsindən, hansı mövqeni əsirgəməsindən asılı olmayaraq, Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli həllini tapmalıdır və tapacaq: "Dövlət başçısı cənab İlham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycan ərazi bütövlüyü məsələsində kimsəyə güzəştə getməyəcək, onun torpaqları hesabına ikinci erməni dövlətinin yaradılmasını razı olmayacaq və buna imkan verməyəcək. Elə bilirəm ki, bu həqiqəti də hər kəs anlasa və qəbul etsə, daha məqsədəuyğun olar".
Alim